Tarixi torpaqlarımıza qayıdacağıq
Siyasət

Tarixi torpaqlarımıza qayıdacağıq

Tarix xalqı, milləti, Vətəni və millətinin sabahı üçün düşünən şəxsiyyətləri onu yetişdirən xalqa ərməğan edir. Azərbaycan xalqının yerləşdiyi coğrafiyanın tanınmasında məhz belə şəxsiyyətlərin böyük rolu olub. Onların mənəvi zənginliyi xalqımızın tarixi xarakterini formalaşdırıb. Təmizliyi, humanistliyi, birgəyaşayış ənənəsini dünyanın bütün xalqlarına nümunə göstərən bu xalq çox təəssüf ki, tarixin bəzi dövrlərində haqsızlıqlara tuş gəlmişdir. Bu qədim diyarın zəhmətkeş, fədakar, qonaqpərvər insanları mərhəmət göstərib isti evlərində yer, süfrələrində çörək verdikləri torpaq iddiasına qalxdılar. Xalqımızın faciələri də bu zamandan başladı.

Məlum olduğu kimi, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti, soyqırımı və təcavüzkarlıq Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Başlanğıcını 1805-ci ildən götürən köçürülmə siyasəti Azərbaycan xalqına faciələr yaşatdı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. N.N.Şavrov yazır: "1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik".

1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində ən yaxşı torpaqlarda yerləşdirilmişlər. XX əsrin əvvəllərindən etibarən siyasi mərhələlər azərbaycanlıların etnik təmizlənməsi prosesləri ilə başlayaraq əhali sayının erməniləşdirilməsi məqsədilə dörd mərhələdən keçdi, keçən əsrin 90-cı illərində başa çatdı. Nankor qonşularımızın torpaq iddiaları səbəbindən elə həmin illərdən bu günə qədər yaşamadığımız faciə qalmadı. Bəli, tale bizə çörəyimizi yeyib, suyumuzu içənlərin nankorluğunu göstərsə də, nə yaxşı ki, xalqını bu tarixi sınaqdan çıxarmaq üçün güclü liderlər də verdi. Bu mənada, hələ Sovet imperiyasının daxilində ikən bu xalqı təkləyən, məhv etməyə cəhd edən xainlərdən qorumağa çalışan, gələcək müstəqil Azərbaycan ücün əsaslar yaradan Heydər Əliyev şəxsiyyəti olmuşdur. Müstəqilliyimizi bərpa etdiyimiz dövr Azərbaycan xalqının ən çətin, sınaq dövrü idi. Yenicə müstəqillik əldə etmiş Azərbaycan, zəif iqtisadiyyat, Qərbi Azərbaycandan deportasiya edilmiş 220 mindən artıq qaçqın, Qarabağdan paytaxta və digər rayonlarımıza gələn məcburi köçkünlər, ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi, azsaylı etnik xalqlar içərisində müstəqil dövlət yaratma iddiaları, missoner dini sektaların ölkəyə axını və s. kimi çətinliklərlə üzləşmişdi. Bəli, belə çətin bir tarixi sınaqdan Azərbaycan üzüağ çıxdı. Bu, məhz Heydər Əliyev siyasətinin töhfəsi idi.

Bu qibtəedici dövlət siyasətinin davamçısı isə Prezident İlham Əliyev oldu. Onun daxili və xarici siyasətdəki uğurlarının, sosial-iqtisadi inkişafın, bayraqlar içərisində bayrağımızı ən yüksək kürsülərdə dalğalandırmasının, multikultural birgəyaşayış ənənəsini dövlət siyasətinə çevirməyinin, böyük iqtisadi layihələri həyata keçirməsinin şahidi olduq. Qarabağ yaramızın sağalmasını, tarixi torpaqlarımızın bərpasını illərdir ürəyində gəzdirib güclü bir Azərbaycan qurmaq üçün var gücüylə çalışdı, Qarabağ adlı yurduna təkrar sahib çıxdı. İnamla və xalq-dövlət birliyinə güvənərək daha da irəli getdi. Müzəffər sərkərdəmiz!

Mən, 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya edilənlərin bir üzvüyəm. Qeyd edim ki, Göyçə mahalından ayrılanda on iki yaşım vardı. Göyçə gölünün sahilində qədim türk boylarına məxsus adət-ənənəsiylə, milli-mənəvi dəyərləriylə zəngin, ədəbiyyat, folklor, saz-söz məskəni bir kəndimiz vardı. Bu gün sadəcə yuxularımızda görə və xatirələrimizdə yaşada bildiyimiz bir kənd... Böyüdüyüm, uşaqlığımın keçdiyi o qonaq-qaralı, sazlı-sözlü evimiz indi çox uzaqlardadır. Lakin bu gün Vətəndən Vətənə qovulmağın acısını yaşayan biri kimi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına böyük ümidlər bəsləyirəm.

Mən bu gün Azərbaycanımızın ən nüfuzlu universitetlərindən birində müəllim olaraq çalışıram. Bir alim kimi tədqiqatlarım var. Amma illər nə qədər məni uşaqlığımın keçdiyi o yerlərdən ayırsa da, tarixi torpaqlarımız heç zaman yadımdan çıxmaz. Ürəyim Vətən həsrəti ilə yansa da, dövlət başçısının çıxışlarında ifadə etdiyi "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq" sözləri ümidlərimi daha da artırır.          

Aygün XƏLİLQIZI,

BDU-nun dosenti,

fəlsəfə üzrə fəlsəfə doktoru.