Adları dəyişdirilən qədim yurd yerlərimiz
Siyasət

Adları dəyişdirilən qədim yurd yerlərimiz

Dönüşümüz daha möhtəşəm olacaq

Zaman keçdikcə, tarixi vərəqlədikcə, erməni məkrini ifşa edən maraqlı faktlarla rastlaşırsan. Bir fakt isə bütün dünyaya bəllidir: İrəvan xanlığı Azərbaycan dövlətinin tərkibinə daxil idi. Təbii ki, erməni başbilənləri bu tarixi gerçəkliyi qəbul etmirlər.

Elə isə onda qoy belə bir suala cavab versinlər: "İrəvan xanlığının mövcud olduğu 1747-1828-ci illərdə bir erməni belə İrəvan xanı olubmu?". Bu illər ərzində İrəvan xanlığını idarə edənlərin siyahısına nəzər salmaq kifayətdir. Ən maraqlısı isə odur ki, erməni millətindən olan Hovannes Salıxatunyanın tərtib etdiyi siyahıda 49 İrəvan xanının hamısı azərbaycanlıdır!

İkinci Dünya müharibəsində Stalin anqlosakson siyasətçilərini yola verib, Ruzvelt ilə Çörçilli bu siyasət oyununa qoşandan sonra rus imperializmini son zirvəyə qaldıra bildi. Rusiyanın baş vəkili Molotov 1945-ci il iyunun 7-də Türkiyəyə nota verdi. Bu notada Qars və Ərdəhan geri istənilir və boğazlarda rus üstünlüyünü təmin etmək üçün bir sıra tələblər irəli sürülürdü... Elə o zaman Türkiyə xarici işlər naziri Nurullah Sümər ilə sovet elçisi Vinoqradov arasında belə bir söhbət baş verir. Nurullah Sümər "Dünya üzünün böyük bir parçasına sahib olan sovet Rusiyasının doğrudanmı daha artıq torpağa ehtiyacı vardır?", - sualına Vinoqradov: "Torpağa ehtiyacı olan Rusiya deyil, Ermənistan Sovet Sosialist Respublikasıdır", - cavabını verir. Sümər bu istəyi sərt bir şəkildə rədd edir.

1945-ci ilin iyununda Rusiya ilk dəfə olaraq öz din xadimlərindən birini erməni keşişi seçkisinə göndərir. Yeni seçilən erməni keşişi "Bizim qədim torpaqlarımız yenə bizə verilməlidir", - deyə nitq söyləyir. Həmin il dekabrın 2-də Kremldə Sovet Rusiyası Xalq Komissarları Soveti qərar çıxarır. Guya ki, o vaxtadək ermənilər dünyanın hər tərəfindən Ermənistana daşınmamışdır. Həmin qərar sadəcə olaraq erməni məsələsini aktual problem səviyyəsinə qaldırmaq üçün istifadə olunan bir taktika idi.

Faktlar göstərir ki, Qafqazın işğalı ruslar tərəfindən başa çatdıqdan sonra uzun müddət ruslar və ermənilər arasında elə bir dostluq və yaxınlıq olmayıb. XIX əsrdə rus ziyalıları arasında qatı millətçilik cərəyanı yarandıqdan və rus hökuməti bu siyasəti mənimsədikdən sonra çar hökumətinin ermənilərə yaxınlaşmağı müşahidə edilib. Eyni siyasəti sovet Rusiyası da mənimsəmiş və sovetlər Qafqazda ermənilərə xüsusi və imtiyazlı mövqe vermişlər. 1988-ci ildə Dağlıq Qarabağla bağlı hadisələr başlanandan sonra da Kreml öz köhnə siyasi prinsiplərindən əl çəkməmişdi. Ermənilər dünyanın hər yerindən Ermənistana köçürülmüşdülər. Ermənistanda olan azəri türklərinin 1904-1905-ci illərdəki məhəlli savaşlarda ermənilər tərəfindən qırğına məruz qalmaları və 1917-ci ildə eyni qırğının təkrarlanması səbəbindən Ermənistanda azərbaycanlılar getdikcə azalmış, nəhayət ermənilərin əraziyə ehtiyacı olduğunu bəhanə edib 200 minə yaxın soydaşımız sürgün edilmişdir. Sürgün yeri üçün Sibir düşünülsə də, sonralar azərbaycanlılar respublikamızda - Muğan düzü adlanan obada yerləşdirilmişlər.

1935-ci ildən etibarən erməni rəhbərləri orada yaşayan azərbaycanlıları mənəvi soyqırımına məruz qoymuş, heç bir demoqrafik qayda-qanuna məhəl qoymadan erməni vəhşiləri qədim məskənlərimizin adlarını da dəyişib "milliləşdirmişlər".

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1935-ci il 3 yanvar tarixli fərmanı ilə 51 kəndin adı dəyişdirilərək erməniləşdirilmişdir. Məsələn, Talin rayonunun Siçanlı Metis kəndi Avtona, Vardenis rayonunun Qaraqoyun kəndi Azizlu, Ağkilsə kəndi Azat, Martuni rayonunun Əliqırx kəndi Astğadzor, Qarakilsə kəndi Axurik, Düzkənd Baroj və s. adlandırılıb. Sonralar, yəni 1938-ci ildə müəyyən fərmanla 5, 1939-cu ildə 3, 1940-cı ildə 10, 1945-ci ildə 24, 1946-cı ildə 66, 1947-ci ildə 4, 1948-ci ildə 10, 1950-ci ildə 20, 1967-ci ildə 2 kənd də erməniləşdirilib.

Əlbəttə, siyahını uzatmaq da olar, lakin təkcə elə bu da tarixi yer adlarına bu cür soyqırımının sözün əsl mənasında vandalizmin əyani göstəricisi olduğunu deməyə əsas verir. Ermənilər bir şeyi unudurlar ki, yurd yerlərimizin adlarını dəyişməklə tarixi həqiqəti dəyişə bilməzlər. Gec-tez haqq yerini tutur.

1997-ci ildə Suriyaya mühacirət etmiş, 1999-cu ildən Vaşinqtonda yaşayan hərbi ekspert Sauri Şaginyan "Ağıl" publisistik qeydlərində yazır: "...Siz (yəni ermənilər) az danışın daha. Çünki çox iş gördünüz... Dağlıq Qarabağı yenidən diriltdiniz. Ölmüş və yandırılmış cəsədləri diriltdiniz... dirildib dünyaya tanıtdığınız əcdadınızın ruhlarını sabah üçün qoruyun...".

2001-ci il fevral ayının 18-də dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni təşkilatları isə ABŞ prezidenti Corc Buşa məktub ünvanlayıb. Məktubda deyilir: "...Cənab prezident, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun alternativi yoxdur. Əsas hüququ seçmək azadlığı olmadan möhkəm sülh ola bilməz. Özünə bu hüququ Dağlıq Qarabağ xalqı ağlasığmaz qurbanlar bahasına qazanmışdır... Azərbaycana və regionun başqa ölkələrinə demək lazımdır ki, Dağlıq Qarabağın təhlükəsizliyi üçün yeganə təminat onun öz gələcəyini demək hüququdur...".

Burada deyirlər oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ancaq çatlayan, yarılan doğrunun bağrı olmadı, elə oğrunun öz bağrı oldu. "Dəmir yumruq" hər şeyi yoluna qoydu. Düşmən elə düşmən olaraq qalır. Onun məkrli siyasəti dəyişmir, daha eybəcər formalara keçir. Qarabağda dalğalanan üçrəngli bayrağımız belə bir inam yaradır: Qərbi Azərbaycandakı yurd yerlərimizə qayıdış daha möhtəşəm olacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".