DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ İSRAİLİN QƏZZA ZOLAĞI İLƏ BAĞLI PLANLARI FƏRQLİDİR

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağını qeyri-müəyyən müddətdə nəzarətdə saxlamaq niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Ağ Evin yüksək rütbəli rəsmisinin açıqlamasına görə, Cozef Bayden administrasiyası Təl-Əvivi münaqişə bitdikdən sonra Fələstin rəhbərliyinin Qəzzaya qayıtmasına razılıq verməyə inandırmağa çalışır.

“Netanyahu bu ideyanı qəti şəkildə rədd edib, lakin Qəzzanı kimin idarə etməli olduğunu bildirməyib. Bununla belə, o, İsrailin bu ərazini müddətsiz nəzarətdə saxlamaq ideyasını irəli sürüb”, - deyə məlumatda vurğulanır.

Bununla yanaşı, rəsmi Vaşinqton hesab edir ki, son nəticədə Netanyahunu Fələstin rəhbərliyinin Qəzzaya nəzarət etməsinə razı sala biləcək.

Rəsmilərdən biri xatırladıb ki, əvvəlcə Qəzzaya humanitar yardım və humanitar atəşkəslə razılaşmayacağını bildirən İsrail hökuməti ABŞ-ın təzyiqindən sonra hər iki məsələni qəbul edib.

“Bu, hücumdan sonra ölkəyə verdiyi dəstəyə görə İsraildə nüfuzu artan Cozef Baydenin təzyiqinin Netanyahuya məsələni Fələstin Muxtariyyətinə həvalə etmək üçün təsir edə biləcəyinə ümidləri artırır”, - deyə nəşr bildirib.

RUSİYA DİGƏR ÖLKƏLƏR ÜÇÜN BU ŞƏRTLƏRİ YUMŞALDIB

Rusiya xarici ölkələrə dövlət kreditlərinin verilməsi şərtlərini dəyişib. “Report” agentliyinin verdiyi xəbər görə, qərar Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilib.

Beləliklə, artıq Rusiya beynəlxalq reytinq agentliklərinin kredit reytinqindən asılı olmayaraq digər ölkələrə kredit verə biləcək.

Məlumata əsasən, əvvəllər rəsmi Moskva krediti xarici ölkələrin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə altıncı və ya daha aşağı kredit riski qrupuna aid olan dövlətlərə vermirdi.

Həmçinin, uzunmüddətli krediti reytinqi “Fitch”, “Standard & Poor's” təsnifatına görə “B-”dən aşağı və ya “Moody's”ə görə “B3”dən aşağı olan dövlətlər kredit götürə bilməzdi.

Bununla yanaşı, əvvəlki üç ay ərzində 10 il müddətinə ABŞ dolları ilə suveren kredit defolt svoplarının orta dəyəri 800 baza bəndini keçən ölkələrə də Rusiyadan kredit almağa icazə verilməyib. İndi bu bəndlər etibarsız hesab edilir.

Eyni zamanda, rəsmi Moskva gələcəkdə dövlət kreditləri verərkən beynəlxalq maliyyə institutlarının tövsiyələrini rəhbər tutmayacaq.

YAPONİYANIN MÜDAFİƏ BÜDCƏSİ REKORD HƏDDƏ ARTIRILIB

Yaponiyanın 2024-cü il üçün müdafiə büdcəsi rekord həddə çatdırılıb. “Kyodo News” agentliyinin məlumatına görə, hökumət bu qərarı Çin və Rusiyadan gələn təhlükənin artması səbəbindən qəbul edib.

Verilən xəbərə görə, Yaponiya gələn ildə müdafiəyə rekord məbləğ - 56 milyard dollar xərcləyəcək. Bu, 2023-cü illə müqayisədə 16,5 faiz çoxdur. Qərar ölkənin müdafiəsinin modernləşdirilməsi üzrə beşillik planın bir hissəsi kimi qəbul edilib.

Büdcədə həmçinin düşmən ərazisindəki hədəflərə zərbə endirmək üçün yeni imkanların inkişaf etdirilməsi üçün vəsait də nəzərdə tutulub.

Qeyd edək ki, 2024-cü ildən başlayaraq korporativ və gəlir vergisinin, habelə bəzi istehlak mallarına tətbiq olunan vergilərin artırılmasından əldə ediləcək vəsait də ölkənin müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək.

DANİMARKA UKRAYNALI QAÇQINLARI GERİ GÖNDƏRƏCƏK

Danimarkaya gəlmiş ukraynalı qaçqınlar sülh əldə olunan kimi vətənlərinə geri göndəriləcəklər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Danimarkanın inteqrasiya və miqrasiya məsələləri üzrə naziri Kore Dyubvad Kopenhagen Universiteti tərəfindən aparılan tədqiqatın nəticəsinə uyğun olaraq açıqlayıb.

Məlumata əsasən, Danimarkadakı urkaynalı qaçqınların yarısı (49,5 faiz) müharibə bitəndən sonra ölkədə qalmaq istədiklərini bildiriblər.

Danimarkalı nazir ukraynalı qaçqınların ölkədə müvəqqəti yerləşdirildiyini və bu yanaşmanın dəyişməyəcəyini bildirib.

“Hansı ölkədən gəldiklərindən asılı olmayaraq, qaçqınlar kontekstində müvəqqətilik anlayışı ilə çalışırıq”, - deyə nazir bəyan edib.

ABŞ-LA MÜNASİBƏTLƏRİN TAMAMİLƏ KƏSİLMƏSİ RUSİYA ÜÇÜN SÜRPRİZ OLMAYACAQ

ABŞ hələ də Rusiya ilə münasibətləri tamamilə dayandırmaqdan ehtiyatlanır, lakin Moskva Vaşinqtonun belə bir addım atacağını istisna etmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın “Interfaks” agentliyinə müsahibəsində bəyan edib.

“Rusiya-ABŞ münasibətləri həqiqətən də koma vəziyyətinə düşüb və bu, Vaşinqtonun günahı ucbatından baş verib. ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün səhv və təhlükəli yanaşmanı nəinki formalaşdırdı, hətta doktrinal və konseptual cəhətdən möhkəmləndirdi”, - deyə S.Ryabkov vurğulayıb.

Eyni zamanda, nazir müavini Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin “sıfıra yaxın” səviyyədə olduğunu xatırladaraq, ABŞ-ın daha da irəli gedəcəyini istisna etməyib.

Sergey Ryabkovun sözlərinə görə, Vaşinqtonla münasibətlərin tamamilə kəsilməsi Moskva üçün sürpriz olmayacaq.

UKRAYNA BELARUSLA AZAD TİCARƏT SAZİŞİNDƏN İMTİNA EDİB

Ukrayna hökuməti birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib, Rusiya ilə ticarət qadağası isə 2024-cü ilin yanvar ayının sonuna qədər uzadılıb. “Report” agentliyinin xəbərinə görə, müvafiq qərarlar barədə Ukrayna İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib.

Bununla yanaşı, Ukraynanın iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka bildirib ki, iki ilə yaxın müddət ərzində Ukrayna ilə Belarus, eləcə də Rusiya arasında ticarət əlaqələri yoxdur. Onun sözlərinə görə, hakimiyyət öz qərarları ilə qanunvericilik bazasını reallıqlara uyğunlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin yazında Ukrayna hökuməti Rusiyadan malların idxalını qadağan edən qərar qəbul edib. İqtisadiyyat naziri Yuliya Sviridenkonun əvvəllər qeyd etdiyi kimi, bu yolla Rusiya ilə ticarət əlaqələrinin faktiki olaraq dayandırılması hüquqi cəhətdən təmin edilib.

ÜST: DÜNYADA DƏNGƏ XƏSTƏLİYİNƏ YOLUXMA HALLARI KƏSKİN ÇOXALIB

2023-cü ilin əvvəlindən dünyada dəngə xəstəliyinə yoluxma hallarının sayı 5 milyon nəfəri keçib, 5000 çox insan  isə vəfat edib. Dünyada 2020-2022-ci illərdə yaşanan cüzi azalmadan sonra, bu xəstəliyin yayılması demək olar ki, gözlənilmədən tarixi maksimuma yüksəlib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində bildirilir.

ÜST-ün məlumatına görə, 80-dən çox ölkədə və ərazidə dəngə xəstəliyinə yoluxma qeydə alınıb, bu halların təxminən 80 faizi və ya 4,1 milyonu Amerika bölgəsinin payına düşür.

Təşkilat dünyada dəngənin daha geniş yayılması riskinin yüksək olduğu qənaətindədir. 2000-2019-cu illərdə bu xəstəliyə yoluxma 10 dəfədən çox artaraq, 0,5 milyon hadisədən 5,2 milyona çatıb. 2020-2022-ci illərdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri də daxil olmaqla, dəngəyə yoluxma hallarında bir qədər azalma müşahidə edilib. Lakin 2023-cü ildə bu xəstəliyə yoluxma halları kəskin şəkildə artmağa başlayıb.

Məlumat üçün qeyd edək ki, ağcaqanadlar vasitəsilə yayılan dəngə xəstəliyi tropik və subtropik bölgələrdə daha geniş yayılmış virus infeksiyasıdır. Simptomları yüksək hərarət, ürək bulanması, səpmə, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının kollapsı nəticəsində yaranan güclü daxili qanaxma ilə müşayiət olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.