EMMANUEL MAKRON TÜRKİYƏYƏ BÖHTAN ATDI
Fransa prezidenti Emmanuel Makronun Əlcəzairlə bağlı səsləndirdiyi fikirlər iki ölkə arasındakı gərginliyi yenidən artırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Makron Fransanın vaxtilə Əlcəzairdə törətdiyi qətliamları inkar edib.
“Türkiyənin Əlcəzairdəki rolu və qurduğu hökmranlığını unutdurması məni heyran etdi”, - deyə Fransa lideri bildirib.
Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti ilə əlaqədar rəsmi tarixin “əsassız faktlar”la yazıldığını iddia edən Makron bu tarixin ölkəsinə nifrət üzərində qurulduğunu vurğulayıb.
Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyətlərini və soyqırımlarını görməzdən gələn Emmanuel Makronun açıqlamaları Əlcəzairdə qəzəblə qarşılanıb. Əlcəzairin Prezident Administrasiyasından verilən açıqlamada Fransa prezidenti yalan danışmaqda ittiham olunub.
SAAKAŞVİLİNİN PARTİYASI: KEÇMİŞ PREZİDENT TEZLİKLƏ AZAD OLUNACAQ
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında bəyan edib.
“Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik”, - deyə partiya üzvü vurğulayıb.
Bununla yanaşı, Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona çatdırmaq üçün siyasətçi ilə görüşməyi planlaşdırır.
Y.Xerxeulidze həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilinin işi ilə şəxsən məşğul olacağı barədə bəyanatını qoçaq addım adlandırıb.
Aİ VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq müqaviləsi imzalandığını bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, Jozep Borrel Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə paytaxt Ər-Riyadda siyasət, sosial-iqtisadi, təhlükəsizlik və digər mövzularda əlaqələri müntəzəm təmaslar vasitəsilə inkişaf etdirmək üçün əməkdaşlıq müqaviləsi imzaladığını vurğulayıb.
Bununla yanaşı, Jozep Borrel Səudiyyə Ərəbistanı ilə insan hüquqları sahəsində də dialoqa başladıqlarına diqqət çəkib.
Qeyd edilir ki, Avropa İttifaqı rəsmisi Körfəz bölgəsinə etdiyi ilk səfəri çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərindən sonra Səudiyyə Ərəbistanına gedib.
“COVID-19”LA BAĞLI SÜRƏTLİ TEST NÖVÜ HAZIRLANIB
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri beş dəqiqədə nəticəni göstərən “COVID-19” testi hazırlayıblar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə universitetin saytında məlumat yayılıb.
Bildirilir ki, koronavirus analizinin “qızıl standartı” olan PCR testi xeyli vaxt və laborator güc tələb edir. “Şimal-Qərb Universiteti laboratoriyasında hazırlanan antigenə əsaslanan “COVID-19”un yeni aşkarlanma metodu beş dəqiqə və ya daha az müddətdə 100 faiz nəticə göstərib”, - deyə məlumatda qeyd olunur.
Universitetin saytında bildirilib ki, yaxmadan götürülən ekpress-testdə koronavirusun bir neçə səthi zülalını aşkar etmək üçün xüsusi nanoplatformadan istifadə edilir. Platformanın həssaslığı müxtəlif “SARS-CoV-2” variantlarını aşkar etməyə imkan verir.
FƏLƏSTİN LİDERİ İSRAİL HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİB
Fələstin dövlət başçısı Mahmud Abbas İsrailin səhiyyə naziri Nitzan Horovitz və regional əməkdaşlıq naziri İssavi Frejin də daxil olduğu İsrail heyəti ilə görüş keçirib. “TRT” telekanalının Fələstinin rəsmi “WAFA” agentliyinə istinadən verdiyi xəbərə görə, Mahmud Abbas İsrail heyətini Ramallahdakı prezident iqamətgahında qəbul edib.
Mahmud Abbas görüşdə İsrailin yəhudi yaşayış məskənlərini genişləndirməyi dayandırmağa, beynəlxalq qaydalara uyğun olaraq ədalətli və əhatəli bir sülhün təmin edilməsinin vacib olduğunu vurğulayıb.
İsrailin baş naziri Naftali Bennettin rəhbərlik etdiyi koalisiya hökumətində Meretz Partiyası üzvlərindən ibarət olan İsrail heyəti də münaqişənin ikidövlətli həll mexanizmini dəstəkləyən mövqelərini təsdiqləyərək etimad körpüləri qurmaq üçün birgə əməkdaşlığa ehtiyac olduğunu bildiriblər.
BRİTANİYADA YANACAQ BÖHRANININ HƏLLİ ÜÇÜN HƏRBÇİLƏR CƏLB EDİLİB
Böyük Britaniyada hərbçilər oktyabrın 4-dən etibarən ölkə ərazisində yanacaqdoldurma məntəqələrinə yanacağın çatdırılması işinə cəlb olunub. “Trend” agentliyinin məlumatına görə, ümumilikdə paytaxt Londonun, eləcə də Britaniyanın cənub-şərqində məntəqələrə yanacaq tədarükü prosesinə 200 hərbçi səfərbər edilib.
Eyni zamanda, Böyük Britaniya Yanacaq Satışı Assosiasiyasının məlumatına əsasən, Londonda yanacaqdoldurma məntəqələrinin 22 faizində yanacaq ümumiyyətlə yoxdur. Ölkə ərazisində isə məntəqələrin 17 faizində yanacaq mövcud deyil.
Qeyd edək ki, Böyük Britaniyada yanacaq böhranı sentyabrın 23-də “BP” şirkətinin ölkədə onlarca yanacaqdoldurma məntəqəsini bağlamasından sonra başlayıb. Şirkət məntəqələri bağlamaq qərarını yük maşını sürücülərinin çatışmazlığı ilə izah edib.
“TALİBAN” HƏRƏKATI İŞİD-IN BUNKERİNİ PARTLADIB
Əfqanıstanın paytaxtı Kabildə “Taliban” qüvvələri ilə İŞİD terror təşkilatı üzvləri arasında qarşıdurma baş verib. “Teleqraf.com”un xəbərinə görə, “Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid Kabildə terror təşkilatına qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Əməliyyatda İŞİD bunkerinin məhv edildiyini diqqətə çatdıran mətbuat katibi sığınacaqdakı təşkilat üzvlərinin öldürüldüyünü bildirib.
Məlumata əsasən, oktyabrın 3-də Kabildə bir məscidin girişində bomba partlaması nəticəsində 10-dan çox insan həyatını itirib, 32 nəfər isə yaralanıb. İŞİD terror təşkilatı bu aktın məsuliyyətini üzərinə götürüb.
Qeyd edək ki, “Taliban” hərəkatı Əfqanıstanı ələ keçirəndən sonra İŞİD hücumlarını artırıb. “Taliban” terror təşkilatlarının ölkədə fəaliyyət göstərməsinə icazə verilməyəcəyini bəyan edib.
ÇİN: DÜNYA YENİ “X VİRUSU” İLƏ QARŞILAŞACAQ
Dünya gələcəkdə yeni virusla qarşılaşacaq. “Report”un verdiyi xəbərə görə, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.
Mərkəz rəhbərinin sözlərinə görə, yeni “X virusu” istənilən yerdə və istənilən vaxt yarana bilər, həmçinin onun xüsusiyyətləri hələ heç kimə məlum deyil.
“Gələcək insanlıq naminə problemin həlli üzərində birlikdə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən : əməkdaşlıq, rəqabət, informasiya mübadiləsi və üçüncü tərəflə koordinasiyanı təklif edirəm”, - deyə Qao Fu qeyd edib.
Ekspert real və yalan faktların bir-birinə qarışdığı fenomeni “infodemiya” adlandıraraq, koronavirus haqqında yanlış məlumatların ciddi təhlükə yaratdığını da vurğulayıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.