Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovadan
Məktublar

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Doğum gününüz münasibətilə Monreal Kanada-Azərbaycan Cəmiyyəti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Bu gün Azərbaycan güclü, qalib dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada qazandığı uğurlar, siyasi müdrikliyiniz, müstəsna səriştəniz dünya siyasi liderləri tərəfindən də yüksək qiymətləndirilir. Sizin yürütdüyünüz uzaqgörən və qətiyyətli siyasət sayəsində Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Ali Baş Komandanı olduğunuz Müzəffər Azərbaycan Ordusunun mərd, qəhrəman əsgər və zabitləri torpaqlarımızı işğaldan azad edib, haqq-ədalətin zəfər çaldığı tarixi Qələbəni qazandılar. Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda atdığınız uğurlu addımlar, azad edilmiş ərazilərin qısa müddətdə bərpası, yüksək səviyyədə aparılan tikinti və abadlıq işləri göz oxşayır.

Vətəndən çox uzaqda yaşasaq da, ürəyimiz daim Vətən sevgisi ilə döyünür. Sizin işğaldan azad edilmiş şəhər və rayonlarda şanlı Azərbaycan bayrağını ucaldaraq söylədiyiniz nitqləri böyük həyəcan, qürur və fəxrlə izləyirik. Xankəndidə keçirilmiş hərbi paradı izləyərkən yaşadığımız hissləri dilə gətirmək çətindir. Bu tarixi paradı sevinc göz yaşları ilə, böyük fəxr və qürurla izləyib, Sizi və Ordumuzu bir daha ayaq üstə alqışladıq. Uzun illər idi dünya azərbaycanlılarının bütün bayramlarda dilə gətirdiyi tək bir arzu, dilək bu idi ki, “o gün olsun torpaqlarımız işğaldan azad olunsun və Azərbaycan Bayrağı Şuşada, Xankəndidə və digər tarixi ərazilərimizdə dalğalansın”. Müzəffər Ali Baş Komandan, Sizin və şücaətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalq olaraq biz bu arzuya çatdıq. İndi artıq qalib xalq olaraq qürurla, başıuca yaşayırıq.

Cənab Prezident, Sizi bir daha təbrik edir, dərin ehtiram və sevgimizi ifadə edərək Sizə möhkəm cansağlığı, hər zaman xoş əhvali-ruhiyyə, ölkənin və xalqın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Həmçinin Sizi və gözəl ailənizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Rəna MÜSLÜMOVA,

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri.