DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL HƏR AN LİVANLA MÜHARİBƏYƏ BAŞLAYA BİLƏR

İsrail Livana qarşı müharibəyə hazırlaşır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yüksək rütbəli İsrail rəsmiləri bildiriblər.

Məlumata əsasən, dövlət rəsmiləri qeyd ediblər ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır. Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir.

Eyni zamanda, rəsmilərin fikrincə, artıq diplomatiya işə yaramır, “Hizbullah” qruplaşması təzyiqi hiss etməlidir: “İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və “Hizbullah”a qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir”.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bu ərəfədə “Hizbullah”a ciddi xəbərdarlıq edib. Baş nazir söyləyib ki, “Hizbullah” HƏMAS-ın “başına gələn dərsdən nümunə götürməlidir”: “Heç bir terorrçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”. Netanyahu əlavə edib ki, İsrail “Hizbullah”la münaqişəni siyasi yolla həll etməyə də hazırdır, lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə olunacaq.

İRANDA TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ 32 NƏFƏR SAXLANILIB

İranın Kirman vilayətində iranlı general Qasım Süleymaninin ölümünün ildönümü günü törədilən iki terror aktı ilə əlaqədar 32 nəfər saxlanılıb. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Kirman vilayəti prokuroru Mehdi Bəxşi bəyan edib.

Prokurorun sözlərinə görə, yanvarın 3-də törədilən terror aktında iki kamikadzedən biri Tacikistan vətəndaşı olub, qalan şəxslərin kimliyi araşdırılmaqdadır.

Eyni zamanda, Mehdi Bəxşi əlavə edib ki, son vaxtlar Kirman vilayətində terror aktı törətmək istəyən 23 İŞİD terrorçusu saxlanılıb. Bundan başqa, vilayətdə 16 bomba zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 3-də general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Partlayış nəticəsində 103 nəfər həlak olub, 211 nəfər isə yaralanıb.

KİM ÇEN ININ BACISI CƏNUBİ KOREYANI HƏDƏLƏYİB

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreyanı “odla oynamaqda” ittiham edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilir ki, Kim Yo Çjonun sözlərinə görə, Cənubi Koreya ordusunun hərəkətləri və əsassız bəyanatları rəsmi Seul üçün “ani ölümlə nəticələnəcək və qarşısıalınmaz fəlakətlərə gətirib çıxaracaq”.

“Düşünün, bu səriştəsiz hərbi quldurların səhv hesablamaları, əsassız ehtimalları ucbatından gözlənilməz bir hadisə baş verərsə, 10 milyondan çox əhalisi olan Seul hansı təhlükə ilə üzləşə bilər?”, - deyə Kim Yo Çjon vurğulayıb.

Qeyd edək ki, Kim Yo Çjon qardaşından sonra ölkəsinin ən güclü adamı kimi tanınır. O, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanı ballistik raketləri ilə bağlı tənqid etməsinə etiraz etmişdi.

Xatırladaq ki, son günlər Şimali Koreya və Cənubi Koreya arasında təlim adı altında artilleriya atəşi açılır.

“FINANCIAL TIMES” QƏZETİNİN BU İL ÜÇÜN PROQNOZLARI

“Financial Times” nəşrinin 2024-cü il üzrə proqnozları açıqlanıb. “Trend” agentliyinin xəbərinə görə, nəşr ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə məğlub olacağını bildirib.

Bununla yanaşı, nəşrin proqnozlarına görə, seçkilərdə ABŞ-ın hazırki prezidenti Cozef Bayden qələbə qazanacaq.

Eyni zamanda, müəlliflər Donald Trampın ən azı bir cinayət işinə görə mühakimə olunacağını proqnozlaşdırırlar.

Nəşr ABŞ və Avropa İttifaqının Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsrail-HƏMAS müharibəsinin Yaxın Şərqdə irimiqyaslı münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırıb.

Verilən xəbərə görə, nəşrin müəllifləri həmçinin, amerikalı milyarder İlon Maskın sahib olduğu “X” sosial şəbəkəsinin müflis olacağını bildiriblər.

Məlumat üçün qeyd edək ki, “Financial Times” qəzetinin 2023-cü il üzrə 20 proqnozunun yalnız üçü düz çıxmayıb.

MAKRON HÖKUMƏTDƏ BÖYÜK DƏYİŞİKLİKLƏRİN ANONSUNU VERİB

Fransa prezidenti Emmanuel Makron hökuməti yenidən təşkil etmək niyyətindədir. Bu barədə ölkənin “Le Journal du Dimanche” qəzeti məlumat yayıb.

Verilən xəbərə əsasən, baş nazir və bəzi əsas qurumların rəhbərləri dəyişə bilər. Nəşrin açıqlamasına görə, Fransa prezidenti həmvətənlərinə Yeni illə bağlı müraciətində yeni siyasi kursu elan edib.

Bildirilir ki, baş nazir vəzifəsini tuta biləcək dörd namizəd var. Siyahıya - Parlamentin aşağı palatasının keçmiş spikeri, 61 yaşlı Riçard Ferran, Nazirlər Kabinetinin ən gənc üzvü 34 yaşlı təhsil naziri, analitiklər tərəfindən yüksək qiymətləndirilən Qabriel Attal daxildir.

İlk dördlüyü tamamlayan E.Makronun yaxın çevrəsindən olan daha iki nüfuzlu məmurdur. Onlar, müdafiə naziri 37 yaşlı Sebastiyen Lekornyu və keçmiş kənd təsərrüfatı naziri, 43 yaşlı Julyen Denormandidir.

Qeyd edək ki, Elizabet Born 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışır.

ABŞ SURİYADAKI HƏRBİ BAZALARINA ƏLAVƏ QÜVVƏ GÖNDƏRİB

ABŞ ordusu PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Haseke və Deyr əz-Zor vilayətlərindəki hərbi bazalarına əlavə qüvvə göndərib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ-ın hərbi konvoyunun Suriya ərazisinə məhz İraqdan daxil olduqları bildirilir.

Məlumata əsasən, təxminən 15 maşından ibarət konvoy Deyr əz-Zorda yerləşən neft yataqlarındakı ABŞ qüvvələrinin bazasına çatıb. Digər tərəfdən ABŞ-a məxsus 2 yük təyyarəsi Hasekedəki Harab-Cir bazasına eniş edib. ABŞ ordusu bununla yeni ildə Suriyadakı hərbi bazalarında ilk möhkəmləndirmə işini aparıb.

Qeyd edilir ki, 2019-cu ilin oktyabrında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh Çeşməsi” əməliyyatının başlaması ilə ABŞ bu bölgədəki bazalarını boşaldaraq neft yataqları ətrafında yerləşməyə üstünlük verib. Terror təşkilatına dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Haseke, Rəqqa və Deyr əz-Zor vilayətlərində PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşir.

Məlumata əsasən, Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrinə davamlı əlavə qüvvələr göndərir. Həmçinin ABŞ-ın terror təşkilatına dəstəyi Türkiyənin etirazları fonunda baş verir.

AVROPAYA GÖNDƏRİLMƏSİ PLANLAŞDIRILAN 8,7 TON KOKAİN MÜSADİRƏ EDİLİB

Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində böyük miqdarda kokaini müsadirə edib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Boliviya prezidenti Luis Arse sosial şəbəkə hesabında məlumat verib.

“Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, - deyə dövlət başçısı vurğulayıb. Onun açıqlamasına əsasən, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.

Eyni zamanda, Boliviya prezidenti bildirib ki, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.

Bununla yanaşı, Boliviyanın daxili işlər naziri Karlos del Kastilonun sözlərinə görə, əməliyyat çərçivəsində yükün sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb. Yükün marşrutu Peru və Panamadan keçməklə, Avropaya göndərilməsi planlaşdırılırdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.