DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDENDƏN NETANYAHUYA QƏZZA ZOLAĞI İLƏ BAĞLI ÇAĞIRIŞ

ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin Qəzza zolağının cənubundakı əməliyyatının mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb ola biləcəyindən və anklavda humanitar böhranı dərinləşdirəcəyindən narahatlığını ifadə edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən xəbər verib.

Eyni zamanda, Cozef Bayden  Benyamin Netanyahunun diqqətinə çatdırıb ki, İsrailin Qəzzanın şimalındakı istifadə etdiyi üsulları, xüsusilə üç zirehli və piyada diviziyasının genişmiqyaslı hücumu, cənub anklavında təkrarlana bilməz. ABŞ prezidentinin sözlərinə görə, hazırda orada milyonlarla fələstinli qalır.

Cozef Bayden həmçinin Netanyahuya bildirib ki, Vaşinqton İsrailin Qəzzanın cənub hissəsində hər hansı əməliyyat planlarını ABŞ-la ətraflı müzakirə etməsini istəyir. Mənbələrdən birinin açıqlamasına görə, İsrilin baş naziri bu təkliflə razılaşıb.

RUSİYAYA QOŞUNLARINI DNESTRYANIDAN ÇIXARMAQ TƏLƏBİ İRƏLİ SÜRÜLÜB

Moldova Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasını tələb edib. “İnterfaks” agentliyinin xəbərinə görə, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri, baş nazirin müavini Niku Popesku bəyan edib.

Eyni zamanda, moldovalı nazirin sözlərinə görə, Kişinyov Rusiya qoşunlarının Dnestryanı regiondan çıxarılmasında israr etməkdə davam edəcək.

“Rusiya öz qoşunlarını Dnestryanı bölgədən çıxarmalıdır. Bu, Dnestryanı münaqişənin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradacaq”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, Moldova Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir bu barədə ATƏT-in xarici işlər nazirlərinin Şimali Makedoniyada keçirilən iclası çərçivəsində Rumıniya, İspaniya, Çexiya, Danimarka, Fransadan olan həmkarları ilə görüşü zamanı bildirib.

KXDR ABŞ-LA SUVERENLİYİNİ MÜZAKİRƏ ETMƏK NİYYƏTİNDƏ DEYİL

Koreya Xalq Demokratik Respublikası öz suverenliyini müzakirə etmək üçün heç vaxt ABŞ-la danışıqlar masası arxasına əyləşməyəcək və suveren dövlət kimi hüquqlarını fəal şəkildə həyata keçirməyə davam edəcək. “TASS” agentliyinin xəbərinə görə, bunu Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib.

“Suveren bir dövlətin suverenliyi heç bir halda müzakirə mövzusu ola bilməz və bu səbəbdən biz bunu heç vaxt ABŞ-la müzakirə etməyəcəyik”, - deyə Koreya Mərkəzi Xəbər Agentliyi onun fikirlərindən sitat gətirib.

Eyni zamanda, Kim Yo Çjon vurğulayıb ki, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid KXDR-in suveren hüquqlarını həyata keçirməsindən deyil, ABŞ-ın gücündən və hökmranlığından irəli gəlir.

RUSİYADAN YAXIN ŞƏRQDƏKI BMT SÜLHMƏRAMLILARI İLƏ BAĞLI TƏKLİF

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq qətnaməsinin müddəalarının həyata keçirilməsi variantlarından biri BMT-nin Atəşkəsə Nəzarət Orqanının rolunun genişləndirilməsi ola bilər. “Trend” agentliyinin məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib.

“Biz gözləyirik ki, BMT-nin baş katibi 2712 saylı qətnamədə nəzərdə tutulduğu kimi, onun həyata keçirilməsinə nəzarət mexanizminin təşkili üçün konkret variantlarla bağlı təkliflərini ən qısa zamanda təqdim edəcək”,- deyə V.Nebenzya bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, variantlardan biri BMT-nin Atəşkəsə Nəzarət Orqanının mandatının genişləndirilməsi ola bilər.

“Bu missiyada iki yüzdən çox hərbi müşahidəçi var, onların sayı artırıla və resursların müvafiq artımı şərti ilə yerləşdirilə bilər. Baş katibdən tələb edirik ki, bu variant üzərində işləsin və ya alternativ təklif etsin”, - deyə Vasili Nebenzya diqqətə çatdırıb.

TÜRKİYƏ HƏRBÇİLƏRİNİN LİVİYADA QALMA MÜDDƏTİ UZADILIB

Türkiyə hərbçiləri daha iki il Liviyada qalacaq. “TRT” telekanalının verdiyi xəbərə görə, bununla bağlı müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

Məlumata əsasən, TBMM-də prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə təqdim edilən təkliflə bağlı müzakirələr aparılıb. Sənəddə Türkiyənin öz milli maraqlarına təhdidlərə qarşı beynəlxalq hüquq çərçivəsində bütün lazımi tədbirləri görməyə borclu olduğu vurğulanıb.

Bununla yanaşı, memorandumda Liviyada qeyri-qanuni silahlı birləşmələrin və terror təşkilatlarının olduğu xatırladılıb.

Eyni zamanda, kütləvi miqrasiya və terror kimi mümkün risklərə qarşı milli təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə ordusunun bölgədə olmasının zəruri olduğu vurğulanıb.

Müzakirələrin sonunda səsvermə keçirilib və sənəd qəbul edilib. Belə ki, Türkiyə hərbçilərinin Liviyadakı xidmət müddəti 2 yanvar 2024-cü il tarixindən etibarən daha 24 ay uzadılıb.

İSRAİL-FƏLƏSTİN MƏSƏLƏSİ ÜZRƏ TƏMAS QRUPU MÜZAKİRƏLƏR APARIB

İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Van İ və BMT-nin baş katibi Antonio Quterreşlə görüşü baş tutub.

Xəbər verilir ki, görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.

Məlumat üçün qeyd edək ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt də daxildir.

NURSULTAN NAZARBAYEV İKİNCİ AİLƏSİNİN OLDUĞUNU ETİRAF EDİB

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı yeni kitabında ilk dəfə nikahdankənar iki oğlunun olduğunu etiraf edib. Bu barədə ölkənin “Orda” portalı məlumat yayıb.

Verilən xəbərə görə, Nursultan Nazarbayevin kitabı yaxın günlərdə satışa çıxarılacaq. Kitabda 2011-ci ildə Janaozendə baş verən iğtişaşlar, 2019-cu ildə hakimiyyətin ötürülməsi və 2022-ci ilin yanvarında baş verən kütləvi iğtişaşlardan da bəhs olunub. Həmçinin hazırkı prezident Kasım-Jomart Tokayevin də kitabda adı çəkilib.

Bununla yanaşı, “Mənim həyatım” kitabında əvvəllər heç kimin eşitmədiyi hadisələrin təfərrüatları da var. Nursultan Nazarbayevin kitabda ilk dəfə olaraq ikinci ailəsi, Asel İsabayeva və iki oğlu haqqında etirafı əks olunub.

Bildirilir ki, Nzarbayev müsəlman adəti üzrə Asel adlı qadınla evlənib və 2005-ci ildə Tauman, 2008-ci ildə isə Baiken adlı oğulları dünyaya gəlib. Nazarbayevin rəsmi həyat yoldaşı Sara xanım bu məsələyə anlayışla reaksiya verib.

Qeyd edək ki, Nursultan Nazarbayevlə Sara Nazarbayevanın Dariqa, Dinara və Aliya adlı üç qızı var. Onun iki oğlu barədə əvvəllər məlumat verilməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.