Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə başlanılıb
Siyasət

Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə başlanılıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkili, azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional seminar-müşavirələrə başlayıb.

Prezident seçkilərində polisin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanlarının nümayəndələri iştirak edirlər.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin prezident seçkilərinin hazırlanıb keçirilməsi proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İlk seminar-müşavirə yanvarın 9-da Bakıda keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsində keçirilən seminar-müşavirənin açılışında Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkili ilə bağlı görülən işlərdən danışıb.

DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbirlər Planı təsdiqlənib və icrası xüsusi nəzarətə götürülüb.

Növbədənkənar prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində Bakı Şəhər Baş Polis İdarəsi və rayon polis idarələri tərəfindən təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq.

Baş İctimai Təhlükəsizlik İdarəsinin profilaktiki işin təşkili idarəsinin rəisi, polis polkovnik-leytenantı Sənan Əliyev və həmin idarənin Milli-dini işlər üzrə şöbəsinin rəisi, polis polkovniki Oqtay Tağıyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilərkən təhlükəsizlik tədbirlərinin görülməsindən söz açıblar.

Tədbirdə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinə qanunsuz müdaxilənin yolverilməzliyi, seçki günü polis əməkdaşlarının fəaliyyəti və digər məsələlərə toxunublar.

Qeyd edək ki, maarifləndirmə tədbirləri növbəti mərhələdə yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yanvarın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək.

Xatırladaq ki, qarşıdan gələn seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə "Polis əməkdaşları üçün yaddaş kitabçası" da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.