Ermənistanın silahlandırılması həm də Paşinyan iqtidarına sui-qəsddir
Siyasət

Ermənistanın silahlandırılması həm də Paşinyan iqtidarına sui-qəsddir

“Yaxın vaxtlarda Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını ciddi şəkildə artıracaq tədbirlər həyata keçiriləcək”. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlama verib. O bildirib ki, ordunun döyüş hazırlığının və səmərəliliyinin artırılmasına, idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, habelə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək proqramlar həyata keçirilir. Bu, bütün ölkələrin mütəmadi olaraq reallaşdırdığı hərbi islahatların bir hissəsidir.

Amma nəzərə almaq lazımdır ki, Ermənistan bununla kifayətlənmir. Paşinyan hökuməti diplomatik əlaqələrindən istifadə edərək silahlanmanı sürətləndirir. Bu xüsusda Fransa və Ermənistan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanması diqqət çəkir. Məlum məsələdir ki, Ermənistan 44 günlük müharibədə zirehli texnika, hava hücumundan müdafiə vasitələri və artilleriya sursatlarının 60-70 faizə qədərini Azərbaycan Silahlı Qüvvələrinə qənimət olaraq verib qaçıb. İndi Paris-İrəvan arasındakı bu razılaşmaya əsasən, Fransa İkinci Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrində yaranmış boşluğu doldurmaq üçün İrəvana bir sıra hərbi-texniki avadanlıqlar satacaq, bunun üzərindən əməkdaşlıq genişləndiriləcək. Ermənistan Müdafiə Nazirliyinin istəyinə uyğun olaraq, ilkin mərhələdə Hərbi Hava Qüvvələrinin tərkibində olan hava hücumundan müdafiə sistemləri silahlanmaya daxil ediləcək. Xüsusən də Mistral hava hücumundan müdafiə raket komplekslərini Fransadan almağa çalışacaqlar. Artıq bu proses nəticə verməyə başlayıb. Paris İrəvana “Bastion” çoxməqsədli hücum zirehli texnikası göndərib və üç hava hücumundan müdafiə radarı tədarük etmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, Ermənistan Hindistanla 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir. İranın da Ermənistana silah və dron ötürdüyünə dair əsaslı iddialar var.

Əslində, Ermənistanın silahlandırılması təəccüblü deyil. Çünki İrəvan ağır məğlubiyyətdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Belə olan halda iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına prinsipial maneə qalmayıb. Buna görə də Fransa başda olmaqla regionda maraqları olan qüvvələr Ermənistanı qütblərarası ziddiyyət nöqtəsinə çevirib, erməni cəmiyyətində revanşizm əhvali-ruhiyyəsi yaradaraq məqsədlərinə nail olmaq istəyirlər. Yəni dünyada nüfuzunu gündən-günə itirən dövlətlər siyasi, iqtisadi maraqlarını təmin etmək üçün iki qonşu ölkə arasında münaqişəni qızışdırmaqdan, onları müharibəyə təhrik etməkdən çəkinmirlər.

Lakin Azərbaycanın hərbi-siyasi gücü, Azərbaycan Prezidentinin qətiyyəti və qlobal miqyasda nüfuzu bu qüvvələrin planlarını puç edir. Bu reallığın fonunda Paşinyan hökuməti dərk etməlidir ki, çoxvektorlu əks-qütbdə dayanan güclərin bölgəyə gətirilməsi Ermənistan üçün ciddi problemə çevrilə bilər. Yəni Avropa təmsilçilərinin Cənubi Qafqaza daxil olması və burada varlığını sürdürməsi Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Paşinyan hökuməti bu prosesdə qərbə ümid etməməlidir. İrəvanın təhlükəsizliyi Azərbaycanla sülhə imza atmaqdan və qonşuluq münasibətlərini bərpa etməkdən asılıdır. Əgər Ermənistan regional sabitliyi deyil, qərbin təhrikçi yolunu tutsa, ağır nəticələrlə üzləşməli olacaq.

Jalə QASIMZADƏ,

“Respublika”.