DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QƏZZADA 100 GÜNDƏ ÖLDÜRÜLƏN YARAQLILARIN SAYI AÇIQLANIB

İsrail hərbçiləri 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında HƏMAS-ın iki briqada və 19 tabur komandiri də daxil olmaqla 9 mindən çox yaraqlısını məhv edib, həmçinin radikalların 30 minə yaxın hədəfinə hücum edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumatlar İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin müharibənin 100 gününün nəticələrinə dair dərc etdiyi xülasədə əks olunub.

Məlumata əsasən, hərbi əməliyyatlar başlayandan Qəzza zolağından İsrailə 9 minə yaxın raket və mərmi atılıb.

Eyni zamanda, hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb. Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.

İsrailin Müdafiə Ordusunun açıqlamasına görə, qarşıdurma başlayandan bəri Livanda “Hizbullah” hərəkatının təxminən 170 mövqeyinə hücum edilib və 170-dən çox silahlı radikal öldürülüb. Bu müddət ərzində Livandan İsrailə 2 minə yaxın raket, Suriya ərazisindən isə daha 30-a yaxın mərmi atılıb.

MALDİV ADALARINDAN HİNDİSTANA ORDUSU İLƏ BAĞLI ÇAĞIRIŞ

Maldiv Respublikası Hindistandan öz ordusunu mart ayının 15-dək adalar ərazisindən çıxarmağı xahiş edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Maldiv adaları prezidentinin administrasiyasının ictimai siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim məlumat verib.

Administrasiya rəsmisinin sözlərinə görə, Hindistan hərbçiləri Maldiv adalarında qala bilməz. O, əlavə edib ki, bu, prezident Məhəmməd Muizzunun və indiki administrasiyanın siyasətidir.

Bununla yanaşı, Abdulla Nazim İbrahim xatırladıb ki, qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradılıb. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.

Xatırladaq ki, şənbə günü mətbuat konfransında çıxış edən Maldiv prezidenti Məhəmməd Muizzu deyib: “Maldiv adaları kiçik ola bilər. Lakin bu, hər hansı bir ölkəyə bizi incitmək hüququ vermir. Maldiv heç bir ölkənin həyətyanı ərazisi deyil”.

Məlumat üçün qeyd edək ki, Maldiv adalarında 88 hindistanlı hərbçi var.

URSULA FON DER LYAYENİN TƏKRAR VƏZİFƏSİNƏ SEÇİLMƏSİ SUAL DOĞURUR

Ursula fon der Lyayenin yenidən Avropa Komissiyasının prezidenti seçilməsi sağçı partiyaların populyarlığının artması ilə bağlı iddianı sual altında qoya bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, 2019-cu ildə Ursula fon der Lyayenin namizədliyini Avropa İttifaqının avropapərəst partiyaları olan mühafizəkar Avropa Xalq Partiyası, sosialistlər və liberallardan ibarət koalisiya dəstəkləyib. Onların sayəsində Ursula fon der Lyayen lazım olan minimum səsdən cüzi yüksək - 383 səs - toplaya bilib.

“Ultrasağçıların bütün Avropada gücləndiyini nəzərə alsaq, Ursula fon der Lyayen təkrar qələbə qazanmaq cəhdində çətinliklərlə üzləşə bilər”, - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, Ursula fon der Lyayenin səlahiyyətləri 2024-cü ilin noyabr ayında başa çatır.

SÜNİ İNTELLEKT DÜNYADA İŞ YERLƏRİNİN AZALMASINA SƏBƏB OLA BİLƏR

Süni intellektin gələcək inkişafı dünyada iş yerlərinin azalmasına, eləcə də bərabərsizliyin artmasına səbəb ola bilər. “Report” agentliyinin məlumatına görə, bu cür qiymətləndirmələri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda bəyan edib.

“Süni intellekt dünyada iş yerlərinin təxminən 40 faizinə təsir edəcək və bəzilərini əvəz edəcək. Onun potensialından istifadə etmək üçün bizim ağıllı siyasət balansına ehtiyacımız var. Biz məhsuldarlığı artıra, qlobal iqtisadi artımı sürətləndirə və gəlirləri artıra biləcək texnoloji inqilabın astanasındayıq. Lakin bu, həm də iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - deyə icraçı direktor vurğulayıb.

Kristalina Georgiyevanın sözlərinə görə, süni intellektin inkişafının qlobal iqtisadiyyata təsirini proqnozlaşdırmaq çətindir, çünki bu, çox mürəkkəb şəkildə baş verəcək.

BVF-nin icraçı direktoru süni intellektin yüksək ixtisaslı işlərə təsir göstərməsi səbəbindən inkişaf etmiş iqtisadiyyatı olan ölkələrin inkişaf etməkdə olan ölkələrlə müqayisədə böyük risklərlə üzləşdiklərini diqqətə çatdırıb.

ALMANİYA RUSİYA İLƏ MÜNAQİŞƏ SSENARİLƏRİNİ NƏZƏRDƏN KEÇİRİR

Almaniyanın Müdafiə Nazirliyi Rusiyaya qarşı başlaya biləcək müharibəyə hazırlaşır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Almaniyanın Müdafiə Nazirliyi Rusiya-NATO münasibətlərinin bir neçə həftəyə gərginləşəcəyi qənaətindədir.

Məqalədə qeyd olunur ki, Rusiya-Qərb münasibətləri kulminasiya nöqtəsinə çatacaq və 2025-ci ilin yayında müharibə qaçılmaz olacaq.

Almaniyanın bununla əlaqədar olaraq, Rusiya ilə mümkün münaqişə ssenarilərini nəzərdən keçirdiyi bildirilir.

“Bild” NATO və Rusiya qarşıdurmasının böyük ehtimalla Belarus və Kalininqrad vilayəti arasında Suvalsk dəhlizində baş verəcəyini yazır. Lakin bu qarşıdurmanın nə ilə yekunlaşacağının məlum olmadığını qeyd edir.

DAVOSDA KORONAVİRUSDAN DAHA ÖLÜMCÜL XƏSTƏLİK MÜZAKİRƏ EDİLƏCƏK

2024-cü il yanvarın 15-dən 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunun mövzularından biri “X xəstəliyi” ilə bağlı olacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə təşkilatın saytında bildirilir.

Məlumata görə, görüş barədə yerləşdirilən elanda deyilir: “Ümumdünya Səhiyyə Təşkilatının naməlum “X xəstəliyi”nin koronavirus pandemiyasından 20 dəfə daha çox ölümə səbəb ola biləcəyinə dair yeni xəbərdarlıqları ilə səhiyyə sistemlərini qarşıda duran çoxsaylı çağırışlara hazırlamaq üçün hansı yeni səylərə ehtiyac var?”.

Bildirilir ki, müzakirə yanvarın 17-də baş tutacaq. Bu görüşün iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Braziliyanın səhiyyə naziri Nisia Trindade Lima, koronavirus əleyhinə peyvənd hazırlayan “AstraZeneca” şirkətinin rəsmiləri və digər səhiyyə ekspertləri olacaq.

FRANSADA MİQRASİYA QANUNUNA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLİB

Fransada minlərlə insan ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi “Miqrasiya qanunu”nun ləğvi tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə “France 24”  telekanalının məlumatında qeyd olunur.

Xəbər verilir ki, 400-dən çox kollektiv, assosiasiyalar, birliklər və siyasi partiyalar “həddindən ifrat sağ ideyaları özündə cəmləşdirən” mətnə qarşı nümayişlərə çağırıb.

Parlamentin dekabrın 19-da qəbul etdiyi qanun əcnəbilərə sosial müavinətlərin ödənilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, miqrasiya kvotalarını müəyyən edir, torpaq qanunvericiliyinin avtomatlaşdırılmasını şübhə altına alır və “qanunsuz yaşamaq cinayətini” bərpa edir.

Xəbər verilir ki, Fransa 2023-cü ildə qanunu pozmuş 4686 əcnəbini ölkədən çıxarıb. Bu rəqəm 2022-ci ilin müvafiq göstəricisindən 30 faiz çoxdur. 2022-ci ildə Fransa hakimiyyəti 3615, 2021-ci ildə isə 1,8 min əcnəbini ciddi qanun pozuntusu olmadan ölkədən çıxarıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.