Elm və təhsil

"Açıq qapı" günü

Azərbaycan Texnologiya Universitetində ənənəvi "Açıq qapı" günü keçirilib. Qış imtahan sessiyası ilə bağlı təşkil olunan "Açıq qapı" günündə valideynlər imtahan prosesini tələbələrin diqqətini yayındırmamaq üçün xüsusi otaqda monitor vasitəsilə izləyiblər.

Tədris işləri üzrə prorektor Raqif Hüseynov valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, monitorda əks olunan imtahan zallarında və auditoriyalarda gün ərzində 900-ə yaxın tələbə iştirak edir. Prorektor qeyd edib ki, Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, bundan başqa sessiyanın obyektiv və şəffaf keçirilməsi məqsədilə otaqlar müşahidə kameraları ilə təchiz edilib, imtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib.

Valideynlər müşahidə zamanı Apellyasiya Komissiyasının sədri Mehman Kərimov və İmtahan Komissiyasının sədri Cəsarət Şabanovla söhbət edib prosesin gedişinə dair suallar verib, neqativ halların qarşısının alınması məqsədilə lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib. Onlar övladlarının biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".