Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ağlamaq ən yaxşı sakitləşdirici vasitə imiş

Bəzən insan tənha bir yerə çəkilərək doyunca ağlamaq, ürəyini boşaltmaq ehtiyacı duyur. Bəzən isə kədərdən yox, sevincdən ağlayırıq. İnsanların çoxu ağlamağı zəiflik əlaməti hesab etsə də, indiyə qədər aparılan araşdırmalar göstərir ki, bu hiss  ən azı sevinmək,  gülmək qədər normal  prosesdir və sağlamlıq üçün  faydalıdır. "Frontiers in Psychology" jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, ağlamaq stres hormonlarını nizama saldığı üçün ən yaxşı sakitləşdirici vasitə hesab edilir.

Araşdırmalar nəticəsində məlum olub ki, ağlayan zaman parasimpatik sinir sistemi aktivləşir. Parasimpatik sinir sistemi insana qidanı həzm etməyə və dincəlməyə yardım edir. Bu səbəbdən insan ağladıqdan bir neçə dəqiqə sonra müəyyən qədər sakitləşir və rahatlaşır. Hətta özünü xoşbəxt hiss edə də bilər. "Emotion" jurnalında dərc olunmuş digər araşdırmanın nəticələrinə görə isə ağlayarkən nəfəsalma və ürəyin yığılmasının tezliyi azalır ki, bu da stresi daha yaxşı kontrol etməyə, sakitləşməyə kömək edir. Qeyd edək ki, hisslərimizin səbəb olduğu göz yaşları orqanizmimizi bəzi toksinlərdən də qoruyur. Başqa sözlə, orqanizmdəki zəhərli hormonların xaric olunması üçün ağlamaq faydalıdır.

Əvvəllər belə hesab olunurdu ki, insan ağlayanda onun orqanizmində stres-hormonlarının (xüsusilə kortizolun) səviyyəsi aşağı düşür. Lakin son araşdırma bunu təsdiq etməyib. Buna baxmayaraq, alimlər ağlamağı ən yaxşı sakitləşdirici vasitə hesab edirlər.

Ən zərərli içkilərin adları açıqlanıb

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz içkilərin sağlamlığa təsiri ilə bağlı araşdırma aparan elm adamları, onların bəzilərinin  gözləniləndən  daha təhlükəli xəstəliklərə səbəb ola biləcəyini ortaya çıxarıblar. Mütəxəssislər bütün dünyada istehlak edilən içkilər arasında 7 içkinin sağlamlıq üçün daha riskli olduğunu müəyyən ediblər.

Dünyanın ən zərərli  içkiləri sırasında ilk üçlükdə  "coca-cola", "isti şokolad" və "Milkshake" qərarlaşıb.  4-cü yeri enerji içkiləri, 5-ci yeri  meyvə şirələri, 6-cı yeri spirtli içkilər, 7-ci yeri isə südlü  qəhvə tutub. Məlum olub ki, bu içkilərin tərkibində maddələr mübadiləsi, ürək-damar sistemi  və ümumi sağlamlığa ciddi zərər verə biləcək  maddələr mövcuddur. Tədqiqatçılar sözügedən içkilərin tərkibindəki  şəkər miqdarı və digər zərərli əlavələrin  müəyyən müddətdən sonra bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyini xəbərdar ediblər. 

Pomidor suyu bu xəstəliyi müalicə edə bilər

Kornell Universitetinin tədqiqatçıları pomidor şirəsinin indiyə qədər bilinməyən faydasını ortaya çıxarıblar. "Techexplorist" saytının məlumatına görə, elm adamları sözügedən içkinin həzm sisteminə və sidik yollarının sağlamlığına zərər verən,  o cümlədən tif qızdırmasına səbəb olan "Salmonella typhi" adlı bir neçə bakteriyanı məhv edə biləcəyini müəyyən ediblər.

"Araşdırmalarımız pomidor və pomidor suyunun hər il dünyada 200 mindən çox insanın ölümünə səbəb olan "Salmonella" kimi bağırsaq bakteriyalarını öldürdüyünü ortaya qoydu", - deyə tədqiqat müəlliflərindən biri, Kornell Universitetinin Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Jeongmin Song bildirib.

Tədqiqat zamanı, həmçinin pomidor şirəsinin həzm və sidik yollarının sağlamlığına mənfi təsir edə biləcək digər bakteriyalara qarşı müqavimət göstərdiyi müəyyən edilib. Belə ki,  pomidorun tərkibində tapılan iki antimikrob peptidin həzm və sidik yollarını zədələyən bakteriyaların qoruyucu qişalarını pozaraq xəstəliyə səbəb olan patogenləri aradan qaldırdığı məlum olub. Elm adamları daha çox uşaq və gənclər arasında aparılan araşdırmanın nəticələrinin cəmiyyətdə meyvə və tərəvəz, xüsusilə də pomidor istehlakını artıracağına ümid edirlər.

Çox yaşamaq istəyirsinizsə...

Ən faydalı yabanı giləmeyvələrdən olan quşüzümü ta qədimdən  xalq təbabətində çox geniş istifadə olunur. Onun faydalı xüsusiyyətləri saymaqla bitmir. Güclü antioksidant təsiri olan quşüzümü qocalma prosesini ləngidir, xərçəngdən qoruyur, sinir sistemini sakitləşdirir, qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmi şlaklardan ve toksinlərdən təmizləyir, ürək-damar xəstəliklərinin qarşısını alır. Bütün bu xüsusiyyətləri ilə yanaşı, onun daha bir faydası ortaya çıxıb. Belə ki, Pensilvaniya Tibb Kolleci və Xərçəng İnstitutunun alimləri tərəfindən aparılan tədqiqat zamanı bu meyvənin həm də  ömrü uzatdığı  məlum olub.

15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər. Tədqiqatlar zamanı quşüzümünün immun sistemini gücləndirərək soyuqdəymədən qorumaqla yanaşı, ölüm riskini azaltdığı müəyyən edilib. Məlum olub ki, onun gündəlik istehlakı ölüm riskini 31 faiz azaldır.

Qeyd edək ki, meyvənin tərkibi C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavanoidlər, katexinlər və antosianlar, efir yağları, pektin kimi bir çox faydalı komponentlərlə zəngindir. Bundan əlavə, quşüzümü - kalium, kalsium, fosfor, dəmir, manqan, mis və s. faydalı maddələrin "anbarıdır".

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".