Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Reuters": Prezident İlham Əliyev ABŞ-ın mövqeyinə görə Antoni Blinkeni tənqid edib

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-ın ölkəmizə münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə əvvəlki kimi ola bilməz" bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, dövlətimizin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

Antoni Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabr ayında ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

"Anadolu Agentliyi": ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb

Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıblar.

Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "AbzasMedia" xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, "FreedomNow", "New Democracy Fund" və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "Abzas Media"nın fəaliyyətinə qanundankənar yardım etdikləri qeyd olunub.

"Public.now": Dünya Bankı Qrupu İqlim və İnkişaf Hesabatını açıqlayıb

Aşağı karbon tutumlu iqtisadiyyata keçid və dayanıqlılıqla bağlı investisiyalar, siyasi islahatlar Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir. Sənəddə deyilir ki, iqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və xalqın həyat səviyyəsini qorumağa kömək edə bilər.

"Vestnik Kavkaza": Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsl simasını açıb

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair mövqeyini ifşa edib.

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov "X" platformasındakı paylaşımında qeyd edib.

O bildirib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli "Hovhannisyan və Karapetyan Ermənistana qarşı" işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyanın və A.Sarqsyanın 2008-2009-cu illərdə orduya çağırıldıqları və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36 535 saylı hərbi hissəsinə göndərildikləri qeyd edilib.

Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.

"AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib", - deyə Elnur Məmmədov bildirib.

"Railway.Supply": "Stadler" Azərbaycana "FLIRT" qatarlarını çatdıracaq

Bu ilin sonuna kimi "Stadler" ADY (Azərbaycan Dəmir Yolları) üçün 4 "FLIRT" qatarı tədarük edəcək. Bu barədə ADY-nin sədri Rövşən Rüstəmov və "Stadler" şirkətinin baş direktoru Piter Şpüler arasında keçirilən görüşdə məlumat verilib. Bundan əlavə, "Stadler" şirkəti ADY ilə ölkədə servis mərkəzinin yaradılması ilə bağlı müqavilə bağlayıb.

"Respublika".