Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"BNN Network": Azərbaycan Prezidenti "Vahid Çin" siyasətini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib

"BNN Network" xəbər saytı Prezident İlham Əliyevin Çinin "China Media Group" media korporasiyasına müsahibəsi barədə məlumat yayıb. Məlumatda, ölkə başçımızın "Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik.

Bu siyasət tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək", - deyə səsləndirdiyi fikirlər yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, Çin bizim üçün dost ölkədir. Bundan başqa, Prezident İlham Əliyevin xalqların öz müqəddəratının təyin edilməsinin hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etmədiyi ilə bağlı fikirləri də xəbərdə yer alıb. Prezident bildirib ki, bu, beynəlxalq hüququn fundamental prinsipidir.

 

"The Associated Press": Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik

Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində olub.

ABŞ-ın "The Associated Press"  xəbər portalında dərc olunan yazıda qeyd olunub ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib. Xəbərdə bildirilib ki, tədbirin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Xəbər portalı Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də yer ayırıb. Dövlət başçımızın xarici KİV nümayəndələri ilə üç saatdan çox davam edən səmimi söhbəti yüksək qiymətləndirilib.

 

Anadolu Agentliyi: Azərbaycan: Ermənistan rəsmiləri işğalçılıq siyasətini davam etdirir

Anadolu Agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş nazirinin Qarabağdakı vəziyyətlə bağlı iddialarının əsassız olduğunu bildirməsi barədə xəbər yayımlayıb. Fransanın "Le Monde" qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına cavab kimi Azərbaycan tərəfi bildirib ki, Ermənistan rəsmiləri "təcavüz" siyasətini davam etdirirlər.

"Ermənistanın baş naziri tərəfindən ən ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlər, o cümlədən regionun azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə və soyqırımı yolu ilə Ermənistan tərəfindən yaradılmış marionet rejimin "demokratik yolla seçilmiş hakimiyyət" kimi müəyyən edilməsi bunun bariz nümunəsidir. Ermənistan rəsmilərinin işğalçılıq siyasəti və hərəkətləri davam edir". Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

Paşinyanın Qarabağdakı vəziyyətlə bağlı iddialarını "əsassız" adlandıran bəyanatda regionla bağlı iddialarının onun əvvəlki bəyanatı ilə, yəni "Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır" bəyanatı ilə ziddiyyət təşkil etdiyi bildirilir. Ermənistanın Laçın yolunun girişindəki sərhəd-keçid məntəqəsinin ləğvi ilə bağlı tələblərinə cavab olaraq Azərbaycanın bəyanatında qeyd olunub ki, keçid məntəqəsinin yaradılması tamamilə beynəlxalq hüquq normalarına uyğundur və bu qərar Ermənistan tərəfindən bədxah hərəkətlərin qarşısını almaq üçün qəbul edilib". "Keçid məntəqəsinin mövcudluğu müzakirə mövzusu deyil".

Həmçinin bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin regiondakı fəaliyyətinə baxmayaraq, Paşinyanın Qarabağın "blokada"sı ilə bağlı iddiaları beynəlxalq ictimai rəylə manipulyasiya cəhdidir.

 

Hraparak nəşri: Lavrovun bəyanatı: ermənilər milli azlıqdır

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə dair münasibət bildirib. Rusiya XİN rəhbərinin Qarabağ haylarını etnik azlıq adlandırması erməni mətbuatında xoş qarşılanmayıb. Hraparak nəşri Lavrovun bəyanatda işlətdiyi "Ermənilər milli azlıqdır" sərlövhəli yazı paylaşıb.

Nəşrin paylaşdığı məlumatda qeyd olunur ki, rusiyalı diplomat Rusiyanın 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərə uyğun olaraq Ermənistan və Azərbaycan arasında əsas vasitəçi rolunu davam etdirdiyini bildirib.

Sergey Lavrov onu da vurğulayıb ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Azərbaycanın ərazi bütövlüyü kontekstində həll olunmalıdır: "Ermənistan tərəfi başa düşür ki, Qarabağ ermənilərini müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn hüquqların, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyaların uzlaşdırılması üçün Azərbaycan nümayəndələri ilə mümkün qədər tez görüşməyə inandırmaq lazımdır", - deyə nazir əlavə edib.

 

Daily Sabah: Ermənistan və Azərbaycan 2023-cü ilin sonuna kimi sülh müqaviləsi imzalaya bilər

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, iki qonşu ölkənin yüksəkrütbəli diplomatları Qarabağ məsələsini müzakirə etmək üçün görüşüblər. Görüşdə qeyd edilib ki, Azərbaycan və Ermənistan ilin sonuna kimi sülh müqaviləsi imzalaya bilər.

Bu barədə Daily Sabah məlumat yayıb. Ötən gün Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirləri sülh prosesi ilə bağlı atılacaq yeni addımları müzakirə etmək üçün görüşüblər.

Rusiyanın Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində maraqlı olduğunu deyən Ərdoğan, həmçinin bildirib: "Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək, humanitar problemləri həll etmək, nəqliyyat və iqtisadi əlaqələri, insanlar arasında təmasları artırmaqdır".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanla danışıqlar prosesinin kifayət qədər gərgin keçdiyini, nəticələrin gözlənildiyi kimi olmadığını bəyan edib: "Ermənistanla nəticədən çox barışıqla bağlı danışıqlar gedir".

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, bəzi sahələrdə konkret nəticələr, bəzilərində isə "imkanlar" və tərəflərin ortaq məxrəcə hələ ki, gələ bilmədiyi məsələlər var.

Sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, son aylar Ermənistanın Qarabağa çıxışı üçün yeganə quru yolu olan Laçın dəhlizi ilə bağlı iki qonşu ölkə arasında gərginlik artıb.