Dərələyəz...
Mədəniyyət

Dərələyəz...

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Qərarda 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə sənəddə göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.

Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndində düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.

Aqibət:                                                                

Arada o qədər haqqı-say itib,

hələ ki, Herherdə sazlar çalınmır,

Dariko savaşla Berlinə gedib,

indi - dinc həyatda saya salınmır!

Gərəkdir boşaldıb qəlbimi deyəm,

üzünə çırparaq çox adamların:

"Önündə mərdliklə mən baş əyirəm,

torpaq itirməklə olanlar deyil,

Qələbə gətirən Generalların!"

Qəlbimdə hələ də qəribə sevgi,

hanı Darikolu bəxtəvər illər?

Tərkinə erməni mindirməyib ki,

torpaq şumlatdırıb, vəl çəkdiriblər!

Sınıb çox ümidlər - qollar, qanadlar,

sünnət olunaraq dillər qısalır,

haqları əlindən alınan atlar

haqsız olanları yəhərdən salır!

***

Xəstəliklər, bəlalar -

dərdi dərdə qoşdular

bizlərdən olmayanlar

bizlərdə baş oldular.

Xəyanət…

Arada ləkəli "İki yüzillik",

yeni dərsliklər də saxtakar oldu,

talandıq, qovulduq, sındıq, əzildik...

beləcə "İrəvan" oldu "Yerevan".

Doğma Göyçə gölü

adlandı - "Sevan",

o da ki, fars sözü -

"Sə" - "üçücü Van"

Ya da ermənicə -

bu - "esela Van"...

Gözümüz o qədər qorxub ki, çoxdan

ifşa eləmirdik bu yalanları,

gətirib yığdılar evlərimizə

"Suriya ermənisi - Qaxtaqanları!".

Hanı miras qalmış Şah Xətaidən?

Hayıf, qanlarınız batdı, Qacarlar!

Xaçpərəst padşahlar Türklərə düşmən,

didərgin saldılar bizləri çarlar!

Arada ləkəli "İki yüzillik";

qurbanlar veririk, qanlar uduruq,

bilin, Azadlığı itirəcəyik

keçsə boynumuza o boyunduruq!

Heç kəsə bir daha ümid olmayaq -

Azadlıq yolumuz bu yoldur ancaq,

bilin, o qoltuğa bir də sığınsaq

qanlı "37" təkrar olacaq!

Soyumuz, suyumuz…

Yaylağa çəkirdi bahar ayları,

yabanı kolların tikanı qalın,

yaman ağır idi dağ dolayları,

atlar nallı idi, mən ayaqyalın.

Uca zirvələrdə qartal yuvası,

dərə sakinləri - çöl heyvanları,

heç zaman görmədim bədbin, vasvası

çeşmədən su içib yaşayanları.

Xeyli illər ötüb-keçdi aradan,

bir dəfə Bakıda bərk xəstələndim,

həkim biləndə ki, haralardanam,

söylədi: "Suyuna görə ölmədin".

A Yurdum, havana, suyuna qurban,

ölmədim, havanla, suyun saxladı,

gözəl Türk elinin, soyuna qurban -

Cənublu, Şimallı, aran - dağlıdı.

Çaylara getməkdə şır-şır bulaqlar,

nəfəsi ürəkdə, təpəri dizdə,

zorlasa - bir fili basıb aparar -

bulaqlar varıydı Dərələyəzdə.

Keçərdi yanından şaqraq yallılar,

üstündə lalələr qızıl qan kimi,

bulaqlar dəyirmən fırladardılar

dağları oynadan pəhləvan kimi.

Tarixim zor ilə unutdurulub,

zamanla çox şeyin ləzzəti itmiş,

deyirlər: "Soyumda bir Bağır olub,

öküzü çiyninə alıb gedirmiş".

O vaxt yazı-pozu, qələm - qarandaş

hardan, nə gəzirdi indiki kimi?

Tarixi yaşadan - dumansız yaddaş,

bir də, aşıqlarla - sazların simi!

Yoxmuş kargüzarı ustad aşığın,

yanında - dəmkeşi bir balabançı,

indiki "kompüter" bacarmadığın

ortaya qoyurmuş adi Qaraçı!

Deyirəm, adamın imkanı ola,

təmiz beyinləri geri qaytara,

cavab tapmaq üçün adi suala -

nəvəm əl uzadır "kalkulyatora".

Aləm hey savaşda, hey vurhavurda,

indiki dövranım - qəribə dövran,

görənlər deyirlər: ""İnkubatorda"

xoruzlar banlayır yumurtasınnan".

İndi, daha yeni bir bəla gəlib,

Bu, Tanrı görküdür bəd insanlara;

Ora ziyarəti haram eyləyib,

Məkkədə Şeytana daş atanlara...

Vahid ƏZİZ,

Xalq şairi.