İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib

Dünən Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, ümumi hesabda 6:5 qalib gələrək mərhələni adlamağı bacarıb.

Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Şahmatçımız qalib olub

Azərbaycanın qadın şahmatçısı Gülnar Məmmədova beynəlxalq yarışın qalibi olub. 33 yaşlı qrossmeyster "Swiss Queens Wednesday" onlayn turnirdə 8,5 xal toplayıb. Bu nəticə ilə o, bütün rəqiblərini geridə qoyaraq birinci olub.

Parataekvondoçular yarışları 3 medalla başa vurublar

İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosu Prezidentinin Kuboku başa çatıb. Yığma komandamız yarışda üç medal qazanıb. K44 kateqoriyasında mübarizə aparan İmaməddin Xəlilov (70 kiloqram) gümüş, Sabir Zeynalov (58 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) isə bürünc mükafatın sahibi olublar. Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan yığmasının üç üzvü - İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli "Paris-2024" artıq Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".