DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA XİN: ABŞ UĞURSUZLUĞUNUN İZLƏRİNİ ÖRT-BASDIR ETMƏYƏ ÇALIŞIR

“ABŞ Ukrayna siyasətinin uğursuzluğunun izlərini müxtəlif yollarla ört-basdır etməyə çalışır, dövlət katibinin müavini Viktoriya Nulandla bağlı vəziyyət də bundan irəli gəlir”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mətbuat katibinin sözlərinə görə, Amerika uğursuzluğunun izlərini ən müxtəlif yollar, o cümlədən istefalar və ixtisarlarla “tarixi yenidən başlatmaq cəhdi” üçün silməyə çalışır.

Eyni zamanda, Zaxarova qeyd edib ki, ABŞ hamıya xəyanət edir, əvvəl hamıya vədlər verir, sonra heç birini yerinə yetirmir.

Diplomat həmçinin vurğulayıb ki, ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla bağlı nəzərdə tutulmuş anti-Rusiya siyasəti iflasa uğradığı üçün o, istefaya göndərilir. Zaxarova Nulandın ABŞ-ın anti-Rusiya siyasətində əsas fiqurlardan biri olduğunu da dilə gətirib.

Bununla yanaşı, Rusiya rəsmisi Nulandı “ABŞ-ın Ukrayna kontekstində Rusiyaya qarşı siyasətinin koordinatoru” adlandırıb.

BOLQARISTAN PARLAMENTİ HÖKUMƏTİN İSTEFASINI QƏBUL EDİB

Bolqarıstan parlamenti baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib. “TASS” agentliyinin verdiyi xəbərə görə, hökumətin istefası ilə bağlı təklif parlamentin aparatına martın 5-də daxil olub. Martın 6-da 216 deputat bu qərarın lehinə yekdilliklə səs verib.

Məlumata əsasən, ölkənin konstitusiyasına uyğun olaraq, Nikolay Denkovun kabineti davamlılığı təmin etmək üçün Bolqarıstanın yeni hökuməti seçilənə qədər fəaliyyət göstərəcək.

Bununla yanaşı, baş nazir bildirib ki, istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir, lakin hələlik hökumət öz işini davam etdirir. O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Nikolay Denkov ötən il iyunun 6-da baş nazir seçilib və razılaşmalara uyğun olaraq, martın 6-da hökumətin istefası barədə bəyanatı parlamentə təqdim edib.

QƏZZADA HƏR 6 UŞAQDAN BİRİ QİDA ÇATIŞMAZLIĞINDAN ƏZİYYƏT ÇƏKİR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına əsasən, Qəzza zolağının şimalında 2 yaşdan aşağı hər 6 uşaqdan biri kəskin qida çatışmazlığından əziyyət çəkir. “TRT” telekanalının xəbərinə görə, ÜST-ün nümayəndəsi Riçard Peperkorn onlayn keçirilən həftəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib.

Eyni zamanda, Riçard Peperkorn Ümumdünya Səhiyyə Təşkilatının 22 yanvardan sonra ilk dəfə martın 1-də Qəzzanın şimalındakı Şifa Xəstəxanasına 19 min litr yanacaq, 150 xəstə və 50 uşağın müalicəsi üçün tibbi ləvazimat çatdırdığını bildirib.

Qəzzada yalnız 12 xəstəxananın qismən xidmət göstərə bildiyini, 23-nün isə bağlı olduğunu vurğulayan Peperkom deyib: “Səhətində problem olan 8 mindən çox insan Qəzzadan çıxarılmalıdır. 7 oktyabr-20 fevral tarixləri arasında cəmi 2 min 293 xəstə müalicə üçün bölgədən çıxarılıb”.

Bununla yanaşı, Riçard Peperkorn Qəzza zolağında aclıq səbəbindən 16 uşağın həyatını itirdiyinə diqqət çəkib.

ABŞ-DA “TİKTOK”U QADAĞAN EDƏN QANUN LAYİHƏSİ HAZIRLANIB

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Amerikalıları “xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan” qorumaq üçün qanun layihəsi respublikaçı Mayk Qallaher və demokrat Raja Krişnamurti tərəfindən hazırlanıb.

Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini “TikTok”dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.

Qeyd olunub ki, şirkət “TikTok”dan imtina etməsə, onun ABŞ-da “App Store” və ya digər platformalar vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta istifadəçilərin onu yükləməsi qadağan ediləcək.

NUMAN KURTULMUŞ: AFRİKADAKI KOLONİALİZM İZLƏRİ SİLİNMƏLİDİR

“Afrikadakı kolonializm izləri silinməlidir. Kolonializm insanların təkcə həyatlarını yox, həm də ürəklərini əsir alıb”. “Report” agentliyinin xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Fondunun Fil Dişində təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.

TBMM sədri həmçinin beynəlxalq aləmdəki proseslər barədə də danışıb. Spiker bildirib ki, dünyadakı hazırkı xaosun səbəbkarı və günahkarı məhz Qərbdir. Türkiyə parlamentinin sədri belə bir vəziyyətdə müsəlman dövlətlərini həmrəyliyə çağırıb.

Eyni zamanda, Numan Kurtulmuş vurğulayıb ki, müsəlman ölkələrinin imkanları onlara qarşı hazırkı münasibətə adekvat deyil.

Spiker bildirib ki, İslam dünyası hazırkı mövqeyə və münasibətə layiq deyil: “Bizim potensialımız daha yaxşısına nail olmağa imkan verir. Gələcək İslam dünyasının olacaq. Dünyada yeni sistemə ehtiyac var. Bunu başa düşmək üçün təkcə Qəzzaya baxmaq kifayətdir”.

ERMƏNİSTANDAN RUSİYALI SƏRHƏDÇİLƏRLƏ BAĞLI MOSKVAYA MƏKTUB

Ermənistan “Zvartnots” hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərib. “Trend” agentliyinin erməni mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Katibin sözlərinə görə, Ermənistan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, “Zvartnots” hava limanında yalnız erməni sərhədçiləri xidmət göstərməlidir. O, əlavə edib ki, Ermənistan bunun üçün bütün imkanlara malikdir.

Qeyd edək ki, Armen Qriqoryanın açıqlamasından bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı deyil.

“Zvartnots” hava limanındakı sərhədçilərə gəlincə, bildiyimiz qədərilə bununla bağlı hər hansı qərar verilməyib. Rəsmi kanallarla da bizə bu qərarlar barədə bildirilməyib, biz həm MDB, həm də Avrasiya İqtisadi Birliyi strukturları çərçivəsində bütün istiqamətlərdə çalışırıq”, - deyə Dmitri Peskov vurğulayıb.

POLŞADA ETİRAZÇI FERMERLƏR SEYMİN BİNASINA DAXİL OLUBLAR

Varşavada Polşa Seyminin binası yaxınlığında Avropa İttifaqının “yaşıl” siyasətinə etiraz olaraq fermerlərin mitinqi davam edir. “Report” agentliyinin “Onet” portalına istinadən verdiyi xəbərə görə, bir neçə etirazçı parlament binasına daxil olub, lakin onlar tez bir zamanda saxlanılıblar.

Məlumata əsasən, küçələrdə fermerlərlə polis arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri nümayişçiləri Seymdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar polisə yumurta, səki daşları və məşəl atmaqla cavab veriblər. Bundan əlavə, etirazçılar baş nazir Donald Tuskun ofisi yaxınlığında tonqallar yandırıblar.

Xatırladaq ki, polşalı fermerlər 2023-cü ilin payızından etiraz aksiyaları təşkil edir və Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayırlar. Onlar Avropa İttifaqının ukraynalı yük maşını sürücülərinə verdiyi güzəştlərin ləğvinin tərəfdarıdırlar. 2024-cü ilin fevralında məlum olub ki, Polşa Ukrayna ilə sərhədin bağlanması ilə bağlı danışıqlar aparır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.