Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə, ən dadlı yeməklər… 

Məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" dünyanın ən dadlı yeməklərinin hansı şəhərlərə məxsus olduğunu araşdırıb. "Sözcü" veb saytının yaydığı xəbərə görə, seçilən ən yaxşı qastranomiya şəhərlərinin siyahısında Türkiyənin Qaziantep şəhəri 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, qastronomiya sahəsində UNESCO tərəfindən qeydiyyata alınan Qaziantep kabab, paxlava və katmerləri, ümumilikdə 99 yeməyi ilə məşhurdur. Məşhur aşpaz Doğa Çitçi bu bölgənin mətbəxinin ilk onluqda yer almasının qürurverici olduğunu söyləyib: "Qaziantep mətbəxi Türkiyədə ilk dəfə qida və içki baxımından dünyaca məşhur reytinq şirkəti tərəfindən qastronomiya sahəsində qeydə alınıb və hazırda ilk 10 şəhər arasındadır. Təbii ki, Qaziantep mətbəxi zəngin mətbəx olduğundan onun bu siyahıda olması normaldır. Bizim Qaziantepə aid 104 çeşid məhsulumuz var. Onlardan 99-nu yemək və içkilər təşkil edir. Türkiyədə bu qədər müxtəlifliyə və coğrafi göstəriciyə malik daha bir şəhər yoxdur. Bütün Avropa ölkələrini bir yerə toplasan, bir Qaziantepə bərabər olmaz".

Qeyd edək ki, siyahının ilk 3 yerini İtaliyanın şəhərləri bölüşüb. Belə ki, birinci yeri Roma, ikinci yeri Balonia, üçüncü yeri isə Neapol tutub. Onluqda olan digər yerləri isə Avstriyanın Vyana, Türkiyənin Qaziantep, Yaponiyanın Oksaka, Çinin Honq-Konq, İtaliyanın Turin, Yaponiyanın Tokio, İndoneziyanın Bandunq şəhərləri paylaşıb.

Ən zəkalı insanlar bu ayda doğulurmuş

Amerikalı elm adamları ən zəkalı insanların hansı ayda doğulduğunu müəyyən ediblər. 6-15 yaş arası məktəblilərin məlumatlarını araşdıran alimlər, çox maraqlı faktlar ortaya çıxarıblar. Belə ki, Milli İqtisadi Tədqiqatlar Bürosunun mütəxəssisləri bir milyondan çox şagirdin fəaliyyətini təhlil etdikdən sonra avqust ayında doğulan uşaqların məktəbdə ən aşağı, sentyabrda dünyaya gələnlərin isə ən yüksək qiymətlər aldıqlarını ortaya çıxarıblar.

Bundan əlavə, məlum olub ki, sentyabr ayında doğulan uşaqlar ən prestijli kollec və universitetlərə qəbul olurlar. Alimlər qeyd edirlər ki, ABŞ-da uşaqlar tam altı yaşında məktəbə başlayır, sentyabr-dekabr ayları arasında doğulanlar yaz və ya yayda doğulanlara nisbətən üstünlük təşkil edirlər.

Tədqiqatçıların daha bir maraqlı arqumentləri də var. Florida ştatındakı həbsxanalardakı məhbuslarla bağlı məlumatları araşdıran elm adamları belə nəticəyə gəliblər ki, sentyabr ayında doğulanların yeniyetmə yaşlarında törətdikləri cinayətlərə görə məhkum olma ehtimalı azdır.

Dünya dilləri haqqında maraqlı faktlar

Məlumdur ki, dünyada hər millətin özünəməxsus ana dili var və bu dillər ümumilikdə bilik əldə etmək üçün vasitədir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini viran etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz. Yer üzərində təxminən 3 min dil növü mövcuddur. Əgər ləhcələri də nəzərə alsaq o zaman 5 min deyə bilərik. Ən çox istifadə olunan dil isə "mandarin" dili hesab olunur. Belə bir ləqəb Çin dilinə aiddir və bu dildə təxminən 885 milyon insan danışır.

Yeni Qvineyada yerləşən Papua adlı şəhərdə 700-ə yaxın dil növü və dialekt mövcuddur. Burada bir dili dövlət dili adlandırmaq mümkün deyil. Digər maraqlı faktlardan biri də ingilis dilinin bütün Avropa dilləri arasında ən çətin dil hesab olunmasıdır. Belə bir nəticəyə ingilis linqvistləri gəliblər. Onlar sübut ediblər ki, bu dildə oxumaq digər dillərdə oxumaqdan çətindir. Fransız Qvineyasının bəzi yerlərində ən çox yayılan dil taki dilidir. Maraqlısı budur ki, bu dil cəmi 340 sözdən ibarətdir. Ən uzun əlifba 74 hərfdən ibarət olan kxmer əlifbasıdır. Bu dil Kambodjanın rəsmi dili hesab olunur. Fin dilini ən asan dil hesab etmək olar. Belə ki, hərflərin səslənməsi hər zaman eynidir, necə eşidilirsə, o cür də yazılır. Lakin buna baxmayaraq, bu dil özünəməxsus incəliyə malikdir. Məsələn, bu dil 15 haldan ibarətdir. Çin dilində yazmağı öyrənmək üçün 400 000 simvol öyrənmək lazımdır. Çox uzun zaman linqvistlər mübahisə aparıblar ki, hansı dili ən çətin dil hesab etmək olar? Rəsmi şəkildə ən çətin dil Abazin dili qəbul olunub.

Pika sindromu nədir?

Xalq arasında daha çox "torpaq yemə" xəstəliyi kimi də tanınan Pika sindromu torpaq, palçıq, kağız, tabaşır, saç, boya, kül, gil, karandaş və s. kimi yad maddələri davamlı olaraq yemək vərdişidir.

Bu sindromun dəqiq səbəbi bəlli olmasa da, xüsusilə anemiya (dəmir çatışmazlığı), mineral çatışmazlığı (sink, kalsium və s.), hemodializ alan (xroniki böyrək çatışmazlığı olanlar), psixiatrik xəstəliklər (şizofreniya və s.) və düzgün qidalanmayan (dieta da aid edilir) insanlar arasında daha çox rast gəlinir. Pika sindromu adətən uşaqlıq, hətta körpəlikdə başlayıb yetkinlik dövrünədək davam edən davranış pozğunluğudur. Bu xəstələr sağlamlıqları üçün ciddi problem yaradacağını bilə-bilə özlərini zərərli maddələri yemək vərdişindən uzaqlaşdıra bilmirlər.

Maraqlıdır ki, Qırğızıstan sakinlərinin bəziləri Tyan-Şan dağlarından toplanan gili müalicə məqsədi ilə yeyirlər. Üstəlik həmin gil ölkənin market və ərzaq mağazalarında kilo ilə satılır. İnsanlar gilin qanazlığı, dəmir çatışmazlığına faydalı olduğunu, hətta hamilə qadınların ehtiyac duyduğu vitaminləri bu yolla ala biləcəyini düşünürlər. Hətta onu qəlyanaltı olaraq yeyirlər. Lakin həkimlər bunun düzgün olmadığını, insan sağlamlığına ciddi təhlükə yaradacağını deyirlər. Onlar bu qəribə davranışın həmin insanlarda dəmir çatışmazlığı ilə əlaqəli olduğunu söyləyirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".