SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Göz yaşı ilə insultun əlaqəsi var imiş

Beynəlxalq alimlər qrupu göz yaşı ilə insult arasında əlaqə tapıblar. Belə ki, tədqiqatçılar göz yaşlarının analizi əsasında işemik insultun baş verməzdən qabaq proqnozlaşdırıla biləcəyini iddia edirlər.

Mütəxəssislər xəstələrin göz yaşlarını təhlil etmək üçün maye biopsiyadan istifadə ediblər. Onlar bədənin sağlamlığına cavabdeh olan hüceyrələrin kiçik orqanoidləri olan mitoxondrilərin təhlilinə əsaslanıblar.

Hansı ki, bu üsul mitoxondrilərin vəziyyəti, xəstənin həyat tərzi, stress və pis qidalanma kimi fərdi risk faktorları haqqında məlumat verir. Bundan əlavə, tədqiqatçılar fərdi risk qiymətləndirməsi üçün hər bir xəstənin genetik meyilliliyinin də nəzərə alınmasının vacibliyini vurğulayırlar. Alimlər ümid edirlər ki, sadalanan məlumatların təhlilini avtomatlaşdırmaq üçün gələcəkdə neyron şəbəkə alqoritmlərindən istifadə proqnozların dəqiqliyini əhəmiyyətli dərəcədə artıra bilər.

D vitamini çatışmazlığı bu xəstəlik riskini artıra bilər

"The American Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya görə, D vitamini çatışmazlığı açıq dərili insanlarda demensiya riskini 25 faiz artıra bilər.

Tədqiqatda 12-17 il ərzində 55-69 yaş arası 270 min insanın tibbi məlumatları təhlil edilib. Qeyd edək ki, həmin insanların 20 faizi müntəzəm olaraq D vitamini əlavələri qəbul edənlər olub. Araşdırmanın nəticələri D vitamini çatışmazlığı olan 19-25 faiz insanda ümumi demensiya riskinin (Alzheymer xəstəliyi və ya damar demensiyası daxil olmaqla) daha yüksək olduğunu göstərib.

Demensiya beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Məlumat üçün qeyd edək ki, demensiya əslində bir xəstəlik deyil, davranış dəyişiklikləri və zehni qabiliyyətin itirilməsini bildirən ümumi termindir.

Alzheimer xəstəliyi ən məşhur və ən çox yayılan demensiya növüdür. Xəstəliyin simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl, qısamüddətli yaddaş, düşünmə, dil və motor bacarıqlara təsir göstərir, bəzi formalarda şəxsiyyət dəyişkənliyi də baş verir. Xəstəliyin ən başlıca əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir.

Min bir dərdin dərmanı olsa da...

Almanın insan sağlamlığına faydaları saymaqla bitmir. Min bir dərdin dərmanı hesab edilən bu meyvənin hər dəfə yeni-yeni faydaları üzə çıxır. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, yaşıl alma mədəsində problemi olanlar, xüsusilə də onikibarmaq bağırsaq xorasından əziyyət çəkən insanların sağlamlığına mənfi təsir edə bilər.

Problemin yaranmasının əsas səbəbi yaşıl almanın tərkibindəki yüksək miqdarda orqanik turşuların olmasıdır. Hansı ki, bu turşular mədənin divarlarını qıcıqlandıraraq qastritdən əziyyət çəkən insanlarda problemlərə səbəb olur. Alma yedikdən sonra belə problemi olan insanların mədəsində şişkinlik, yanma hissi kimi əlamətlər meydana gələ bilər. Araşdırma zamanı həmçinin məlum olub ki, qırmızı almanın tərkibində fruktoza çox olduğu üçün şəkərli diabet xəstələrinə məsləhət deyil. Bundan əlavə, fruktoza həm də qaraciyərin düşmənidir. Lakin sadalanan problemi olmayanlar üçün alma çox faydalı meyvədir. O, tərkibindəki pektin maddəsi sayəsində zərərli xolesterolu azaldır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır. C vitamini ilə zəngin olan alma həmçinin immunitet sistemini gücləndirir, xərçəngdən qoruyur.

Yaşıl çay həm də cavanlaşdırır

İngiltərəli elm adamları yaşıl çayın qocalmanın qarşısını aldığını müəyyən ediblər. Nyukasl Universitetinin alimləri bu çayın bir çox təhlükəli xəstəliklərdən qoruduğunu söyləyirlər.

Araşdırma zamanı məlum olub ki, yaşıl çayın tərkibində qan damarlarında təhlükəli hissəcikləri parçalayan Epigallocatechin Gallate (EGCG) kimi tanınan unikal bitki birləşməsi var. Hansı ki, bu maddə beyin sağlamlığına faydalı təsir edərək həyatın sonrakı dövrlərində qocalmanı ləngidə bilər. Mütəxəssislərin fikrincə, hər gün üç stəkan yaşıl çay içmək beyin sağlamlığına müsbət təsir göstərir.

Altı il ərzində mütəmadi olaraq yaşıl çay istifadə edən yaşı 85-dən yuxarı insanların sağlamlıq məlumatları təhlil edilib. Məlum olub ki, bu çayın gündəlik istehlakı koqnitiv funksiyalara əhəmiyyətli dərəcədə müsbət təsir edir.

"Bu çayın bir çox faydaları var. Xüsusilə beyin sağlamlığı üçün əhəmiyyətli içkidir. Yaşıl çayın dadına alışmaq bir qədər zaman ala bilər. Bu dad əslində çayın tərkibindəki polifenollardan qaynaqlanır. Üstəlik, bu çayın idman edərkən daha çox yağ yandırmaq, əhvalı yaxşılaşdırmaq, ürək-damar və digər xəstəliklərin riskini azaltmaq kimi bir sıra faydaları da mövcuddur", - deyə Nyukasl Universitetinin tədqiqatçısı  Mişel Mosley bildirib.

Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun sümük sağlamlığına da çox faydalı olduğunu qeyd ediblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".