Diaspora

"Le Monde" qəzeti Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsini yayıb

Fransanın "Le Monde" qəzetində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov Qərb mətbuatında yer alan və guya yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib.

Prezidentin xüsusi nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün istifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120 min kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində, orada cəmi 50 min erməninin, o cümlədən 10 min qanunsuz erməni silahlı qüvvələrinin olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi müxbirin "Erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi" sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli Bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduqlarını qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən aprelin 23-də beynəlxalq hüquqa uyğun olaraq Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaratdığını söyləyib.

Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

E.Əmirbəyov vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı, insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyi əhəmiyyət verməzdi. Demək ki, qondarma üzdəniraq "hakim dairələr" orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.

Xüsusi nümayəndə müsahibəsində Vaqif Xaçaturyanın həbsi ilə bağlı faktlardan da bəhs edib, onun adının Birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslərin siyahısında olduğunu diqqətə çatdırıb.

Elçin Əmirbəyov, həmçinin jurnalistin Azərbaycanın avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla, heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.