İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançımız Dünya Kubokunda iştirak edib

Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda qüvvəsini sınayıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı D qrupunda mübarizə aparıb. Atlet toplam 320 kiloqram (145+175) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək. Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kiloqram) 5-ci yeri tutub.

Millimizin heyəti bəlli olub

Gənc boksçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcək. Yarışda 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirakı gözlənilir.  Yığmamız yarışda  11 idmançı ilə təmsil olunacaq. Yığmanın tərkibində Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı (54 kiloqram), Məhəmmədəli Aşurəliyev (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), İbrahim Zeynalov (63,5 kiloqram), Abbasqulu Şadlinski (67 kiloqram), Ziya Həsənov (71 kiloqram), Lalə Mədətova (48 kiloqram), Qızbəs İsgəndər (60 kiloqram) və Emili Rzayeva (66 kiloqram) yer alıblar.

Olimpiya lisenziyası uğrunda 14 güləşçimiz mübarizə aparacaq

Bakıda keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan yığmalarının heyəti bəlli olub. Turnirdə ölkəmizi 14 güləşçi təmsil edəcək. İlk öncə yunan-Roma güləşi üzrə mübarizə başlayacaq. Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) ilk yarış günündə Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü - Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) ölkəmizi bu növdə təmsil edəcək. Son yarış günündə sərbəst güləşçilərin mübarizəsi baş tutacaq. Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaqlar. Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə finala çıxan güləşçilər "Paris-2024"ə vəsiqə qazanacaqlar. Yarışlar Milli Gimnastika Arenasında baş tutacaq.

Bədii gimnastika üzrə birincilik keçirilir

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 4-cü "Ocaq" açıq birinciliyinə start verilib. Yarışda "Ocaq Sport" klubu, "İOEUG" gimnastika məktəbi, "Ocaq Sport" klubunun Hövsan bölməsi, "Şağan" OİK, "RKİM", Su İdman Sarayı və "Zirə" Mədəniyyət Mərkəzindən  182 gimnast medallar uğrunda mübarizə aparır. İdmançılar balacalar (2017-2018-ci və 2014-2016-cı il), yeniyetmələr (2011-2013-cü il), gənclər (2009-2010-cu il) və qrup hərəkətləri (2017-2018-ci, 2014-2016-cı, 2013-2012-ci il) yaş kateqoriyaları üzrə mübarizə aparırlar. Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".