Qoşulmama Hərəkatı: bəşəri dəyərlərin təbliğində uğurlu platforma
Siyasət

Qoşulmama Hərəkatı: bəşəri dəyərlərin təbliğində uğurlu platforma

Ölkəmizin QH-yə sədrliyi təsisatın nüfuzunu artırdı

4 il əvvəl bu gün - oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başladı. "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Toplantıya ümumilikdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı.

XVIII Zirvə Görüşündə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etmişdir. Məhz bu tarixi andan sonra Hərəkat yeni inkişaf yoluna qədəm qoymuş, Azərbaycanın uğurlu sədrliyi bütün üzv dövlətlər tərəfindən dəstəklənmişdir. Qeyd edək ki, Azərbaycanın sədrliyi 2022-ci ildə bitməli idi. Lakin hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrlik etməsinin təzahürü idi. Bu çərçivədə ölkəmizin irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilmişdir. Azərbaycan Hərəkatın sədri kimi öz üzərinə çox böyük məsuliyyət götürərək koronavirusa qarşı mübarizə üzrə qlobal planın işlənib hazırlanması təşəbbüsü ilə çıxış etmişdir. COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə bəzi inkişaf etmiş dövlətlər ehtiyaclarından artıq vaksin almaqla vaksin təminatına ciddi ziyan vurmuşlar. Ölkəmizin Hərəkata sədrliyi dövründə peyvənd millətçiliyinə qarşı mübarizə aparması Azərbaycanı Qoşulmama Hərəkatının sədri kimi təşkilata üzv olan bütün dövlətlərin və xalqların hüquqlarının müdafiəçisinə çevirdi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu. Digər tərəfdən, 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammiti keçirildi. Sammitdə ölkə başçımız BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu təklifin 150-dən çox ölkə tərəfindən dəstəklənməsi 2020-ci ilin dekabrında Xüsusi Sessiyanın keçirilməsi ilə nəticələndi.

Ölkəmizin uğurlu sədrliyinə daha bir misal olaraq, Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsünü göstərmək olar. Prezident İlham Əliyev bu təşəbbüslə Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdi. Dövlətimizin başçısının təşəbbüsü bütün üzv dövlətlər tərəfindən dəstəkləndi.

50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyası üçün yeni bir addım idi. Bununla yanaşı, 2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan gənclərin Sammiti öz işinə başladı.

Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlər sistemində tənzimləyici mexanizmlərdən birinə çevrilib. Prezident İlham Əliyevin beynəlxalq sülh və təhlükəsizliyə, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə davamlı töhfələr verməsi dünyada xüsusilə yüksək dəyərləndirilir. 2011-ci ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatı təsisatına üzv olduqdan sonra ölkəmizdəki bəzi siyasi qruplaşmalar ölkəmizin təsisata üzvlüyünü ciddi tənqid edirdilər. Bildirilirdi ki, Azərbaycan dünyada aparıcı hərbi-siyasi alyans olan NATO-nun üzvü olmalıdır və yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq öz gələcəyini müəyyənləşdirməlidir. Bir sözlə, hərbi-siyasi təhlükəsizlik nöqteyi-nəzərdən geosiyasi seçim olunmalıdır. Lakin Azərbaycan Qoşulmama Hərəkatının üzvü olmaqla hər hansı hərbi blokda iştirak etmədi və bununla balanslaşdırılmış mövqe ortaya qoydu. Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyimiz qurumun uğurlu inkişafına şərait yaratdı.

Prezident İlham Əliyev Azərbaycanın Hərəkata sədrliyi dövründə beynəlxalq hüquq və ədaləti müdafiə edəcəyini, fəaliyyətini, tarixi "bandunq prinsipləri" əsasında quracağını vəd etmişdi. Azərbaycan Prezidenti üzərinə götürdüyü bütün öhdəliklər kimi, 120 ölkə qarşısında verdiyi bu sözə də əməl etdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini, bəzi ölkələrin tapdanan haqlarını beynəlxalq müstəvidə müdafiə etmək üçün səyini əsirgəmədi. Üzv dövlətlər də Azərbaycanın haqq işinə daim dəstək verdilər. Torpaqlarımız işğal altında olan zaman Azərbaycanın haqq səsinin BMT-dən sonra ikinci ən böyük təsisatda duyulması, üz dövlətlərin ölkəmizə dəstəyi olduqca vacib idi. Bununla bağlı ciddi bəyanatlar, sənədlər qəbul edildi ki, bu da 44 günlük müharibədən əvvəl ölkəmizə əlavə uğurlu diplomatik dividendlər, beynəlxalq ictimai rəyi ölkəmizin xeyrinə dəyişən yeni indikatorlar qazandırdı. Belə ki, Qoşulmama Hərəkatı Vətən müharibəsi dövründə Azərbaycana qarşı xain planı pozdu. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş riyakar bəyanatın qarşısı məhz dostlarımız, Qoşulmama Hərəkatının yeddi üzv ölkəsi tərəfindən qətiyyətlə alındı. Azərbaycan təkcə sədrliyi dönəmində deyil, qarşıdakı illərdə də təşkilatın missiya və vəzifələrini müəyyən etmişdir. Qlobal aləmdə təşkilatın rolu məhz Azərbaycanın sədrliyi ilə müəyyənləşmişdir.

Yeni dünya nizamı yenidən formalaşmaqdadır. İndi dünya "soyuq müharibə"nin sona çatmasından bu yana baş verən Şərq-Qərb qarşıdurmasının şahididir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təsisat kimi beynəlxalq arenada daha səmərəli rol oynamalı, yeni dünya nizamının formalaşmasında fəal iştirak etməlidir. Göründüyü kimi, ölkəmiz sədrliyi dövründə hazırda dağılmaqda olan dünya təhlükəsizlik sisteminə, beynəlxalq hüquq normalarına, onun mexanizmlərinin yenidən işləməsinə real töhfələr vermək üçün ciddi səylər ortaya qoydu. Ölkə başçımızın özünün də dediyi kimi, dünyanın ikinci böyük təşkilatının institusional davamlılığına nail olmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaq ölkəmizin əsas məqsədlərindən biri idi ki, Azərbaycan da sədrliyinin ən çətin dönəmlərə təsadüf etməsinə baxmayaraq, qarşısına qoyduğu məqsədlərə nail ola bildi.

Nurlan ABDALOV,

"Respublika".