MASALLI XƏBƏRLƏRİ
Region

MASALLI XƏBƏRLƏRİ

Azərbaycan beynəlxalq aləmdə təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz layiqli töhfələrini verir.

Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində respublikamızın hər yerində ardıcıl və məqsədyönlü tədbirlər görülür.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallı rayonunda ağacəkmə aksiyaları davam etdirilir. Masallı şəhərində, qəsəbə və kəndlərdə həmişəyaşıl ağaclar əkilir, yeni yaşıllıq zolaqları salınır. Növbəti aksiya Bakı-Astara magistral yolunun rayonunun Təklə kəndi ərazisindən keçən dairəvi yolda keçirilib. 

Ümumrayon tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları,  yerli bələdiyyə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Aksiya iştirakçıları tərəfindən 600-dən çox şam ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

***

Müqəddəs Ramazan bayramı ərəfəsində Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası keçirilib. Tədbir iştirakçıları əvvəl qəsəbənin şəhidlər parkında abidə-kompleksinin önünə gül dəstələri düzərək ölkəmizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş qəhrəman oğulların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bayram aksiyası Həsənəküçə mərasim evində davam etdirilib. “Ərkivan xeyriyyə cəmiyyəti”nin sədri  Cəfər Cəfərov aksiyanın qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə keçirildiyini vurğulayıb və tədbir iştirakçılarına bayram arzularını söyləyib.

Şəhid atası Habil Rəhimov və qəsəbə ağsaqqalı Səyədulla Abbasov aksiyanın təşkilatçılarına, maddi dəstəyini əsirgəməyən  həmyerlilərinə minnətdarlıqlarını bildirib.

Sonra 210 sovqat bağlaması xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən şəhid, qazi və aztəminatlı ailələrə çatdırılıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.