Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Həyatı dərk edən gündən Əmrah Yusif oğlu Cəfərli Vətəninə ürəkdən bağlanmaqla onu canından da çox sevirdi. İkinci Qarabağ müharibəsində özünü Vətəninə fəda etməklə bu həqiqəti sübut etməyi bacardı. Bununla da ömrünün 23-cü ilində əbədi ürəklərdə qalmaq üçün əlçatmaz zirvəyə ucaldı. Bütöv bir xalqın qəhrəmanlıq simvolunu özündə yaşadan "Əmrah Cəfərli" adı qərinələr keçəcək, yenə Vətənsevər insanların dillərində həmişə dastan olacaqdır...

Əmrah Cəfərli 1997-ci ilin 22 yanvarında Lənkəran rayonunun Şirinsu kəndində dünyaya göz açıb. Qəlbində Vətən eşqi, el sevdası olan Əmrah orta məktəbi yaxşı qiymətlərlə başa vurur. Və xoşbəxtliyini xalqın səadətində görən Şirinsuyun sevimli oğlu Vətənin taleyini düşünməklə onun müqəddəs torpaqlarını tezliklə yağı ayağından təmizləmək üçün hərbçi olmaq istəyir. Hərbi komissarlığın nəzdindəki sürücülük məktəbini bitirir. Ordu sırasına yola düşəndə saf, məğrur vicdanı onu ermənilərə qarşı döyüşlərə aparırdı.

Bəli, Azərbaycanımızın, eləcə də dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində torpaq uğrunda can qoyan, mərdliklə vuruşan qəhrəmanlarımızın ən qabaqda gedənlərindən biri Əmrah olur. İgid əsgərimiz ölüm-dirim savaşlardan üzüağ çıxmaqla qələbəyə doğru inamla addımlayır. Beləcə, Əmrah kimi igidlərin şücaəti hesabına 30 il əsir düşən Qarabağ torpaqları qarış-qarış erməni faşistlərindən təmizlənir...

Əlinə götürdüyü silahını yerə qoymayan Əmrah Xocavənd rayonu uğrunda gedən döyüşlərdə xüsusi hünər göstərir. Neçə-neçə erməni əsgərinin, erməni tankının axırına çıxır. 2020-ci il oktyabrın 15-də ağır müharibə meydanında şəhadətə qovuşması Vətəninə olan ilahi sevgisini əbədiləşdirir. İgid əsgər ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunur. Doğma kəndində onun əziz xatirəsinə ucaldılan bulaq indi hər bir şirinsulunun and yerinə dönmüşdür...

 Zəfər ORUCOĞLU.