KƏLBƏCƏR –AZƏRBAYCANIN ZÜMRÜD QAŞI
Region

KƏLBƏCƏR –AZƏRBAYCANIN ZÜMRÜD QAŞI

Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.

Heydər ƏLİYEV,

ümummilli lider.

Bəli, sözün əsl mənasında,  Kəlbəcəri təkcə Azərbaycanın deyil, dünyanın Yer üzündəki xəzinəsi adlandırsaq, qətiyyən yanılmarıq. Bu qədim Oğuz yurdu yeraltı və yerüstü təbii sərvətləri, şərbət bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Füsunkar gözəlliyi, atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın qala qapısı, zümrüd qaşı olan unikal Kəlbəcər ulu tarixə malikdir.  Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və bura Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə, 147 yaşayış məntəqəsi olmuşdur. İşğaldan sonra Kəlbəcərin əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı Kəlbəcərdən 53 min 340 nəfər əhali qovulmuş, 50 dinc insan öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Rayon Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşir. Qərbdən Ermənistan Respublikası, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Rayonun ən yüksək dağlıq zirvələrindən başlanğıcını götürən, ilboyu çox suyu olan Tərtər çayı və 30-dan çox böyüklü-kiçikli qolları (Levçay, Tutqunçay), onlardan nisbətən çox sulu və uzun olan Tutey çayı, Bazar çayı və digər çaylar bu əraziyə bərəkət və gözəllik gətirir. Bu yerlərin səthi quruluşu əsasən yüksək dağlıq ərazilərdən ibarətdir. 10-dan çox vulkanik göl, rayon ərazisində olan nisbətən böyük və kiçik Alagöllər, Zalxagöl, Sərsəng su anbarı və s. bu yurdun zəngin təbii sərvətidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları var. Sənaye əhəmiyyətli ümumi ehtiyatları 1000 tondan çox olan civə yataqları da buradadır. Həmçinin tuf, gil, perlit, üzlük daşı, qum-çınqıl qarışığı, gözəl dekorativliyə malik 4 mərmər oniksi, nefroid, 1 obsidian (dəvə gözü), 1 listvenit yataqları var. Ümumilikdə, Kəlbəcər 280 min hektar meşə sahəsinə malik olmuşdur ki, onun çox hissəsini alp meşələri təşkil edir. Burada qoz, fındıq, fıstıq, vələs, palıd, qayın, cökə, dağdağan, ayıqulağı, göyrüş, qovaq, qarağac, habelə alma, armud, gavalı, alça, zoğal, nar və digər ağaclarla zəngin olmuşdur. Rayonda  30-a yaxın unikal göl   dəniz səviyyəsindən 2700-2800 m hündürlükdədir. Böyük Alagöl, Kiçik Alagöl, Çilligöl və Dikpilləkən, vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Qafqazda rast gəlinməyən,  çəkisi 8-12 kiloqram olan farel balığı Alagöldə  zəngindir. 3 mindən çox dişgöynədən bulaqların, 300-dən artıq narzan mənbəyinin mövcud olduğu diqqət çəkir. Bir neçə yerdə İstisu mineral mənbəyi aşkar edilmişdi. İl ərzində 19 milyon butulka İstisu qablaşdırılırdı. 4 milyard litr İstisu Tərtər çayına qarışırdı. Qızıl, civə, uranla zəngin olan Kəlbəcərdə 3 milyard kubmetrlik mərmər, 309 milyon kubmetr  travertin, 2 min rəng çalarlı daş, portfrit, obsidian (dəvəgözü) bazalt və əhəng daşı yataqları mövcuddur. O dövrlərdə şöhrəti Azərbaycanın hüdudlarını keçmiş möhtəşəm Kəlbəcər Tarix -Diyarşünaslıq Muzeyi 2 min rəng daşla inşa olunmuşdu. Rayon əhalisi muzeyin şöhrətini daha da artırmaq məqsədilə burada eksponatların zəngin olmasına könüllü təşəbbüs göstərmiş və nəticədə 50 minə yaxın nadir əşya muzeyin otaqlarını gözoxşayan etmişdi...

Bunları yada saldıqca, xatırladıqca 27 ildən artıq həsrətimizə, nisgilimizə, yanğımıza, tüstüsüz alovlanan ürəyimizə, susuz yolçuya su qədər ehtiyac olan bir varlıqla qəlbimiz döyünüb. Bəli, Azərbaycanın zümrüd qaşı, torpağının altı-üstü min bir neməti, təbii ehtiyatı, fauna və florası ilə zəngin olan, təbiətinin möcüzələrlə dolu unikal  Kəlbəcərdə 11 iqlim qurşağının 90 faizi mövcuddur. Ərazisinin elə bir hissəsi yoxdur ki, orada təbii ehtiyatlar olmasın. Fikir verin: eyni yerdən qaynayan iki bulağın birinə istidən (60-70 s), digərinə soyuqdan toxunmaq mümkün deyil. Qarşı dağın biri qoynunda saxladığı qarın sərinliyində yay uzunu mürgüləyir, digəri günəşin od nəfəsindən qovrulur. Və yaxud dağın birində gül-çiçək ətri aləmi bürüyür, o biri dağda qışdır. Hələ zümrüd meşələri, barlı-bərəkətli bağları, qızıl balığın  zəngin olduğu Tərtəri, farel balığı ilə tanınan Alagölləri, daha nələr, nələr... Ümumiyyətlə, Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür. Kəlbəcərin təbiəti, torpağının bərəkəti bəlkə də başqa ölkələrdə  yoxdur. Bunu apardığımız tədqiqatlara əsaslanaraq deyə bilirik. O torpağın elə bir bucağı yoxdur ki, orada təbii ehtiyatlara rast gəlməyəsən. Uca Tanrı sanki hər tərəfə tarazlaşmış, balanslaşdırılmış qaydada sərvət bəxş eyləyib. Bir səmtə zümrüd meşələri, bir səmtə qızılı, uranı, mərməri, bir səmtə civəni, digər səmtə İstisu mineral bulaqlarını. Tək bu sadaladıqlarımla bitmir, tükənmir Kəlbəcərin sərvətləri. Hələ kəşf olunmamış neçə-neçə təbii ehtiyat yataqları mövcuddur. Təbii ehtiyatlarla ölçülmür Kəlbəcər torpağı. Bu torpaq dünyanın heç bir yerində rast gəlinməyən dərman bitkiləri yetişdirir ki, insanlar onlardan istifadə etdiklərindən heç bir xəstəliyə düçar olmurdular. Kəlbəcər həm də uca, başı qarlı dağları ilə sanki insanlara ruhi qida verir, xəstəliklərinə məlhəm qoyur... Kəlbəcəri təbiətin muzeyi adlandıranlar heç də səhv etməmişlər. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Kəlbəcər kimi xəzinəsi aşıb-daşmasın.  Kəlbəcər bu xəzinə içərisində sözün məcazi mənasında “itib-batmışdır”. Təkcə insanlara şəfa verən, min bir dərdin dərmanı İstisunu da bura əlavə etsək,  cənnətdə yaşadığımızı etiraf etməliyik.

Təbiətin ərazisindəki təbii sərvətləri isə saymaqla qurtarmaq olmaz. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.  Ümumilikdə, Kəlbəcər ərazisində 2 mindən artıq bitki növü mövcuddur. Onlardan 200-ə qədəri dərman bitkisi hesab olunmuş və apteklərin, dərman bolluğunun olmadığı dövrlərdə rayon əhalisi bu bitkilərlə müxtəlif xəstəliklərin müalicəsinə, xəstələrin şəfa tapmasına nail ola bilmişlər. Həmin bitkilərdən bir neçəsinin adlarını qeyd etməyi lazım bilirəm. Qırxbuğum, baldırğan, quşəppəyi, kığ, qatırquyruğu, gicitkən, yarpız, qıjı, südlücə, yemlik, pişikcırnağı, qazayağı, maralçiçəyi, qantəpər, gülxətmi, qaytarma, yemişan, əvəlik, bağayarpağı, pərpətöyün, dəvədabanı, cincilim, xıncılovuz, çiyələk, çaşır, itburnu, qoyungözü, zirinc, kəklikotu, qəflotu, zirə, kortum, şoşan, quzuqulağı, qoyungözü, lilpar və s.

Eyni zamanda diqqətimizi  geologiya alimlərinin tədqiqatlarına cəlb etmək yerinə düşərdi. Kəlbəcərdə 79 növ mineral, 36 növ süxur olmuşdur. Alimlərə elə gəlir ki, Kəlbəcər ərazisindəki istər süxur və mineralların, istərsə də digər təbii ehtiyatların tam aşkarlanmasına, tədqiqinə zaman imkan verməmişdir, çünki  bu torpağın hər qarışı, hər qatı zəngin olmuşdur. Konkret aşkar olunanlar isə qranit, miqmatit, diorit, jadenit, andezit, burnonit, dendirit, zimevit, qranediorit, aplit, kvasit, traverit, traktolit, serpentitit, traxit, sienist, miqmatit, amfibalit, konqlomerat, listevint, qabbro bismut, brekçiya, dağ bülluru, əhəngdaşı, vulkan bombası, yaşma, lapilli, korall, mərmər, pesannik, tuf, suçlinok, mikroklin, pemza, slanets və s. olmuşdur. Eyni zamanda, kaleit, şirgözü, qematit, antimonit, kremen, anqitrit, bronit, krokoit, muskovit, xalkozin, opal, fuksit, diallaq, aqat, kinovar, bronzit, talk, gümüş, patlandit, turmalit, xalkaprit, lazurit, limonit, sfen, xlorid, topaz, nikelin, şinipel, vismotit, araqonit, maqnezit, molibdenit, darit, qızıl, diopsit, gips, oniks, dolamt, azurit, amtesit, ilement, labrodor və s. kimi  sərvətlər aşkar olmuşdur. Buradan açıq görsənir ki, həqiqətən də Kəlbəcər Tanrının möcüzələri ilə dolu bir diyardır. Böyük tarixi keçmişə malik olması, burada qədim insan məskənləri; onların yaşayış tərzi, əkin-biçinlə məşğul olmaları, dini ayinlər keçirmələri, eyni zamanda, düşməndən qorunmaq tədbirləri yüz illərin o başında həkk olunmuş sal qayalarda eyni ilə günümüzə gəlib çatıb. Sadaladıqlarımızdan göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Əfsuslar olsun ki, 90-cı ilin əvvəllərində erməni daşnakları tərəfindən bu dilbər guşə olan Kəlbəcərə də xəyanət toru hazırlanmış və qədim yaşayış məskəni mənfur, faşist xislətli ermənilər öz havadarlarının köməyi ilə bu dilbər guşəni  işğal etmiş, günahsız insanları qəddarlıqla qətlə yetirmiş,  mülki əhaliyə misli görülməmiş işgəncələr vermiş, Kəlbəcərin məğrur dağlarını, qayalarını, meşələrini, çeşmələrini al qana boyamışdır. 27 ildən artıq bir zaman kəsiyində bu nankor, mənfur qonşularımız bu sərvətləri acgözlüklə talayıb, Ermənistana və xarici ölkələrə daşıyaraq, təbiətə ağlagəlməz dərəcədə ziyan vurub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun göstərdiyi sücaət nəticəsində  qazandığı qələbə,  2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən ədalət bərpa olundu. Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etdi, amma  məğlubiyyəti həzm edə bilməyən işğalçı Ermənistan rəhbərliyi və ordusu yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam etdirərək ekoloji terrorlar həyata keçirdi: evləri, meşələri də yandırdı, təbiətə və əhaliyə külli miqdarda ziyan vurdu...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Yolda genişmiqyaslı tikinti işlərinə başlanılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin ediləcək.

Tam əminliklə demək olar  ki, Azərbaycanımızın bugünkü inkişafı, praqmatik dövlət başçısı, ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasət nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin  ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcərin sərvətləri Azərbaycan büdcəsinə öz töhfəsini verərək,   unikal təbiətli Kəlbəcəri dünyəvi turizm şəhərinə çevirəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.