Azərbaycanın davamlı enerji mənbələri
Ekologiya

Azərbaycanın davamlı enerji mənbələri

Bərpa olunan enerji mənbələrinə keçid bir çox səbəbdən xüsusi əhəmiyyət daşıyır. Qalıq yanacaqların yandırılması atmosferə karbon dioksid (CO2) kimi istixana qazları buraxır, bu da qlobal istiləşmə və iqlim dəyişmələrinə səbəb olur. Günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələri CO2 buraxmadan elektrik enerjisi istehsal edir və beləliklə, iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına zəmin yaradır.

Enerji istehsalı üçün məhdud qalıq yanacaq ehtiyatlarına güvənən ölkələr qiymət dəyişkənliyi, geosiyasi gərginliklər və təchizatın pozulma hallarına qarşı həssas olurlar. Bərpa olunan enerji mənbələri isə daha çox enerji təhlükəsizliyini təmin edən və idxal olunan yanacaqlardan asılılığı azalır. Məhdud ehtiyatlardan çıxarılan və zamanla tükənə bilən qalıq yanacaqlardan fərqli olaraq, bərpa olunan enerji mənbələri davamlı və tükənməzdir. “Yaşıl enerji”dən istifadə təbii sərvətlərə qənaət etməyə kömək edir,  resursların hasilatı və nəqli ilə bağlı ətraf mühitə təsirləri azaldır. Bu sektorda son illərdə istehsal, texniki xidmət və tədqiqat sahələrində iş yerləri yaradılıb, əhəmiyyətli artım əldə edilib. Bu sahəyə sərmayə qoymaq iqtisadi fəallığı stimullaşdırıb, innovasiyalara təkan verib.

Günəş panelləri və külək turbinləri kimi bərpa olunan enerji infrastrukturu mərkəzləşdirilmədiyindən mərkəzləşdirilmiş qalıq yanacaq elektrik stansiyaları ilə müqayisədə onu ekstremal təbiət hadisələri və fəlakətlərə qarşı daha davamlı edir.

Azərbaycan yaşıl enerjiyə keçidə xüsusi əhəmiyyət verən ölkələrdən biridir. Ölkəmiz alternativ enerji tariflərinin çevik tənzimlənməsi ilə bərpaolunan enerji mənbələrindən istifadəni sürətləndirmək, elmi və texniki bacarıqları gücləndirmək, mütəxəssislərin təlimini davam etdirmək, enerji istehlakçılarının məlumatlılığını artırmaq və özəl sektoru prosesə cəlb etmək üçün həvəsləndirici tədbirlərin icrasını planlaşdırır və uğurla həyata keçirir. Azərbaycan ərazisində meşə örtüyünün bərpası, yeni meşə zolaqlarının və yaşıllıqların salınması məqsədilə hər il genişmiqyaslı meşəsalma işləri görülür və ağacəkmə aksiyaları reallaşdırılır.

Azərbaycan Respublikasının 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyasının 5-ci Prioritetinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi, həmçinin artırılmasıdır. Ağacəkmə tədbirləri nəticəsində kənd təsərrüfatı, torpaqdan istifadə və meşə təsərrüfatı sektorlarından istixana qazı emissiyalarının mənimsənilmənin miqdarı son 30 il ərzində 2,5 dəfəyə qədər artıb.

Ölkəmizdə həm də nəqliyyat sektorundan atılan tullantıların, o cümlədən istixana effekti yaradan qaz emissiyalarının azaldılması məqsədilə 2019-cu ildən bəri mərhələlərlə ekoloji təmiz avtomobillərə vergi və gömrük güzəştləri tətbiq olunur. Hazırda bütün elektrik mühərrikli avtomobillər, yaşı 3 ilə qədər olan və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər, 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azaddır.

Bütövlükdə, bərpa olunan enerji mənbələrinə keçid iqlim dəyişmələri ilə mübarizə, havanın keyfiyyətinin yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması, iqtisadi artımın stimullaşdırılması üçün vacibdir.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.