Suvarma mövsümü uğurla başa çatıb
Ekologiya

Suvarma mövsümü uğurla başa çatıb

Hacıqabul

Yurdumuza payız gəlib, yaşıllıqların xəzan dövrü başlayıb. Payız fəsli özü ilə bir-birini əvəz edən yağmurlu havalar, leysan xarakterli yağışlar gətirib. Suvarma mövsümü başa çatdığından daha yağışlara ehtiyac duyulmur. Yayın isti günlərində kollektivlər çətin şəraitdə olsa da öz işlərinin öhdəsində gələ biliblər. Hacıqabul Suvarma Sistemləri İdarəsi suvarma mövsümünü uğurlu göstəricilərlə başa vurub. İdarənin rəisi Mafisət Cəfərov deyir:

- Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Suvarma Sistemləri İdarəsinin bu il əsas fəaliyyəti rayonun 19.089 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Bu əsas vəzifəmizin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunması fəaliyyətimizdə başlıca yer tutur.

 Su mənbələri barədə bir qədər geniş məlumat vermək istəyirəm; Kür çayından 6585 hektar, Yuxarı Şirvan kanalından 7263 hektar, Pirsaat Su Anbarından 1652 hektar, Atqı kanalından götürülən su ilə isə 3472 hektar ərazi suvarma suyu ilə təmin olunur. Cari ildə təsərrüfatların 9113 hektarında taxıl, 114 hektarda pambıq, 236 hektarda şəkər çuğunduru, 198 hektarda qarğıdalı, 2164 hektarda yem bitkiləri, digər əkinlər aparılmışdır.

Bundan əlavə, 34 min hektar ərazidə qışlama keçirən şəxsi və fermer təsərrüfatlarla müqavilə bağlamış, həmin təsərrüfatları mütəmadi olaraq su ilə təmin etmişik. Rayon ərazisində əkinlərin suvarılması üçün su mənbələrindən 110.850 milyon kubmetr su götürülmüş, su ayrıclarından SİB-lərə (Sudan İstifadəedənlər Birliyi) 37,58 milyon kubmetr su verilmişdir. Sudan istifadə əmsalı 0,98 faiz olmuşdur.

Əkinlərin su təminatının yaxşılaşdırılması üçün cari ilin 9 ayında 185 kilometr magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Bunlardan ən başlıcası 2022-ci ilin sonunda torpaq məcralı "Ələtli" kanalının 1345 kilometr hissəsi üzərindəki 7 ədəd hidrotexniki qurğu ilə birlikdə əsaslı təmir olunaraq beton üzlüyə alınmış və istismara verilmişdir. Həmin işlərin davamı olaraq bu kanalın daha 1,2 kilometrlik hissəsi beton üzlüyə alınması nəzərdə tutulmuş və işlərin yarıdan çoxu görülmüşdür. İdarə üzrə cari ilin 9 ayında  50 ədəd hidrotexniki qurğu, 3 kilometrlik beton, 1 kilometrlik nov kanallar, 5 ədəd mülki və istehsalat binaları, 7 ədəd nasos stansiyası cari təmir olunmuşdur.

Rayon ərazisində Ədliyyə Nazirliyinin Dövlət qeydiyyatından keçmiş 6 Sudan İstifadəedənlər Birlikləri fəaliyyət göstərir.

İdarə rəisi onu da əlavə edir ki, ortaya çıxan çətinliklərin aradan qaldırılmasında bəzən təbiət özü balans yaradır. May ayında düşən aramsız yağışlar Pirsaat çayında daşqınlar yaratmış, Pirsaat Su Anbarı altında olan əkinlərin su təminatında baş verən çətinliklərin aradan qaldırılması üçün daxili imkanları səfərbər edilərək, vəziyyətdən çıxmaq mümkün olmuşdur.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq ərazilərdə kəndlərin yerli icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə aparılmış məqsədyönlü işin nəticəsi olaraq razılaşma əsasında kəndlərin suvarma növbəliliyi tətbiq olunmuş və bunun nəticəsində Pirsaat Su Anbarından suvarılan Navahı, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində olan əkinlər Navahı nasos stansiyası hesabına suvarılmışdır.

2023-cü təsərrüfat ilinin əvvəlində əkinlərin suvarma rejimlərinə ciddi riayət olunması, suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik cədvəlinə əməl olunması qarşımızda duran əsas vəzifələrdən olmuşdur. 13 kənddə su istehlakçıları ilə keçirilən maarifləndirici söhbətlər işimizin səmərəliliyinə öz müsbət təsirini göstərmişdir.

Saatlı

Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektardan artıq suvarma şəbəkəsi ilə əhatə olunmuş sahələrə xidmət edir. İdarənin balansında olan əkin sahələrini ümumi uzunluğu 1400 kilometrdən artıq olan suvarma kanalları, 2 min ədəddən artıq sayı olan hidrotexniki qurğu, 64 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə suvarma suyu ilə təmin edir. Plana əsasən suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılması üçün suvarma kanalları daim lildən təmizlənir. Uzunluğu 267 kilometr olan suvarma kanallarında 635 min kubmetr mexanizmlə lildən təmizlənmə işi görülüb. Uzunluğu 139 kilometr olan kollektor-drenaj şəbəkəsində isə 405 min kubmetr mexanizmlə lildən təmizlənmə işləri həyata keçirilib. Həmçinin Araz çayında nasos stansiyaların yanında 184 min kubmetr məcratəmizləmə işləri mexanizmlərlə yerinə yetirilib.

Bu il idarənin balansında olan əkin sahələrinin 19767 hektarına taxıl, 13553 hektarına yem bitkiləri, 12624 hektarına pambıq, 316 hektarına qarğıdalı, 2573 hektarına bostan-tərəvəz əkilib. Qalan sahələrdə isə digər bitkilərin əkini həyata keçirilib. Fermerlər sahələrini vaxtında suvardıqlarından məhsul yığımı zamanı yüksək məhsuldarlıq gözləyirlər.

2023-cü il ərzində Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 136 ədəd hidrotexniki qurğu, 2 ədəd xidməti bina, 2 ədəd nasos stansiyası, 1,4 kilometr nov kanal cari təmir edilib. İdarə rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, heyvandarlıq təsərrüfatlarını, başqa köməkçi təsərrüfatlarını da su ilə təmin edir. Rayon ərazisində 17856 hektara qədər sahə mexaniki üsulla, 49 ədəd nasos stansiyası vasitəsilə yerinə yetirilir.

"Respublika".