Xəyalpərəst hayların nəticəsiz qalan ümidləri
Siyasət

Xəyalpərəst hayların nəticəsiz qalan ümidləri

Son diplomatik mübadilələr və Cənubi Qafqazdakı mürəkkəb geosiyasi vəziyyət ölkəmizin Qərblə münasibətlərində fikir ayrılığı yaradır. Azərbaycan Qərbin mövqeyini regionda parçalanma və qeyri-stabilliyin yaranmasına töhfə vermək kimi səciyyələndirir. Prezident İlham Əliyev aprelin 3-də ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycanın Vaşinqton-Brüssel-İrəvan görüşü kimi üçtərəfli tədbirlərdən kənarda qalmasının nə ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib. Blinkenin zəngi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi çəkisinin və nüfuzunun sübutu oldu. Həm də uğurlu diplomatiyasının və yüksək peşəkarlığının göstəricisidir. Demək olar ki, 44 günlük müharibədən əvvəl Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyon məcburi köçkünün olduğu regionda mövcud “status-kvo” xarici oyunçuları da kifayət qədər şad edirdi. Amma Prezident İlham Əliyev xarici qüvvələrin “oyununu pozaraq” Azərbaycan ərazilərini hərbi yolla azad edəndə çoxları narahat oldu. Onlar Ermənistanın taleyi ilə o qədər də maraqlanmırlar, sadəcə münaqişə siyasi manipulyasiya üçün əlverişli vasitə idi. 30 il Rusiyanın forpostu olan, indi Qərbin aləti rolunu öz üzərinə götürməyə və Rusiyaya qarşı ikinci cəbhə açmağa hazır olan Ermənistanı Ukraynanın, daha dəqiq desək, Suriyanın taleyi gözləyir. Yaşananlardan görürük ki, Rusiya xəyanət edənlərə səbir göstərmir. Və mütləq vəziyyət belə davam edərsə Rusiya Paşinyanın “manevrlərinə” səssiz qalmayacaq.. Gərginlik hərbi səviyyəyə gələrsə Qərb çətin ki rəsmi İrəvanı “xilas etsin”.

NATO-nun Rusiya ilə münaqişəsi fonunda Qərb ölkələri rəsmi Moskvanın potensialını, o cümlədən Cənubi Qafqaz regionundaki güclü mövqeyini zəiflətməyə çalışır. Eyni zamanda hər kəsə məlumdur ki, son illər Ermənistan, Avropa İttifaqı və ABŞ arasında danışıqların əsas mövzusu İrəvanın istədiyi təhlükəsizlik təminatıdır. Lakin Brüsseldə keçirilən üçtərəfli müzakirələrin fonunda Ermənistanın Avropa İttifaqı Sülh Fondundan hərbi yardım alması ehtimalı ilə bağlı heç bir açıqlama verilməyib. Ümumiyyətlə, təhlükəsizlik siyasəti məsələləri Aİ-nin ciddi nəzarəti altındadır. Bu sahədə istənilən qərar yalnız istisnasız olaraq bütün üzv dövlətlərin razılığı ilə təsdiqlənə və qəbul edilə bilər. Siyasi tərəfdən baxanda Aİ-nin vədlərinin nağıl olduğu aşkar görünür. Avropa İttifaqı son nəticədə iqtisadi, siyasi və humanitar təşkilatdır. O, təhlükəsizlik təminatçısı deyil, sadəcə NATO-dan aldığı təhlükəsizliyin istehlakçısıdır.

Aiza ŞABANOVA,

“Respublika”.