Anti-Azərbaycan mövqeyi “Freedom House”un ifasında
Siyasət

Anti-Azərbaycan mövqeyi “Freedom House”un ifasında

Mənzil-qərargahı Vaşinqtonda yerləşən, "demokratiya, siyasi azadlıqlar, insan hüquqları və onların müdafiəsi" ilə məşğul olduğunu iddia edən "Freedom House" təşkilatının növbəti illik hesabatında Azərbaycanla bağlı qərəzli mövqe artıq təəccüblü deyil. Görünən odur ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesini intensivləşdirən kollektiv Qərb gözlənildiyi kimi, bu prosesə də özünün proksi qurumlarını cəlb etməkdədir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel sammiti bir daha göstərdi ki, Qərb özlüyündə mürəkkəb bölgə olan Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaradılmasında israrlıdır. Təcavüzkar blokun regionu gərginlik ocağına çevirmək niyyəti qarşısında əsas sədd kimi isə Azərbaycan Respublikası çıxış edir və cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, hələ ki, Cənubi Qafqazı qütblərin toqquşma platformasına çevrilməyə imkan vermir. Əlbəttə, biz hansı reallıqlarla qarşı-qarşıya olduğumuzu dərk edirik və möhtərəm Prezident hələ 2022-ci il 12 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində açıq şəkildə bildirmişdi ki, "biz istənilən varianta tam hazırıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək".

Aydındır ki, bu, Qərbin arzu etdiyi ssenari deyil və bu mənada, üçüncü sektoru, o cümlədən "müstəqil QHT" adı altında fəaliyyət göstərən, əslində isə asılı və muzdlu hökumət aləti olan, lakin özünü "demokratiya və insan hüquqlarının keşikçisi" kimi qələmə verən "Freedom House" təşkilatını dövriyyəyə buraxıb. Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində "Freedom House" və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdi ki, "Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", "Amnesty International" və "Freedom House" müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar". "Freedom House"un "Xalqlar keçiddə 2024" adlı hesabatı, bu sənəddə dünyanı "bizdən və bizdən olmayan" bloklara bölən, açıq formada ayrı-seçkilik və sıfır tolerans, o cümlədən nifrət dili təşviq edilməsi fonunda bir daha Azərbaycan Prezidentinin fikirlərində nə qədər haqlı olduğunü görürük. Hazırda sülh və sabitliyə ehtiyac duyulduğu bir dövrdə hesabat açıq-aşkar diplomatik çözüm və qarşılıqlı anlaşmanı rədd edir. "Freedom House"un ideoloqları artıq çəkinmədən ayırıcı xətlərin dərinləşməsi, hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışır, ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Bu isə bir daha sübut edir ki, "Freedom House"un sahibi qismində çıxış edən və "demokratiya", "humanizm", "insan haqları" idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Onlar müharibə və münaqişələrə özlərinin maraqlarının təmini üsulu kimi baxırlar. Lakin Azərbaycanın hərbi-siyasi qələbələri ilə Cənubi Qafqazı qütblərarası toqquşmalardan sığortalaması Qərbin maraqlarını təmin etmədiyi üçün onlar məhz bizi hədəfə alırlar. Cənab Prezidentin də ötən ilin iyununda ifadə etdiyi kimi, "Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmaması, müstəqil davranması, müstəqil siyasətimizin olması" bu subyektlərin neoimperialist niyyətləri ilə üst-üstə düşmür. Nəticədə, Azərbaycan hədəfə alınır, lakin biz istər 44 günlük savaşda birbaşa döyüş meydanında, istərsə də postmüharibə dövründə diplomatik səviyyədə bütün düşmən meyilləri yerinə oturda bilmişik. Belə bir vəziyyətdə, yəni beynəlxalq hüququn da, ötən dövrdə sərgilədiyi hərbi-siyasi performansın da rəsmi Bakının lehinə işləməsi fonunda Qərb üçün ağlabatan gediş məhz Azərbaycana yönəlmiş saxta ittihamlar formalaşdırmaqdır. Bu məqamda isə bəşəri niyyətlərlə yaradıldığı iddia edilən, əslində isə iri dövlətlərin əlində sadəcə alətə çevrilmiş "Freedom House", "Human Rights Watch", "Amnesty International" kimi beynəlxalq təşkilatlar ölkəmizin üzərinə qışqırdılır. Lakin dövlət başçısının da ifadə etdiyi kimi, "Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik" və ötən dövrü təhlil edərkən də aydın görünür ki, cənab İlham Əliyev bu prosesdə də qalibdir.

"Freedom House"un adıçəkilən illik hesabatında Azərbaycana münasibətdə diqqət daha çox 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğuna yönəldilir. Təşkilatın qənaətindən elə çıxır ki, Azərbaycan hansısa geosiyasi qrupa aiddir və ermənilərə qarşı "bu cinayətlər" də məhz bu çərçivədə törədilib. Təbii ki, bu qarayaxmanın da kökündə dayanan amillər bizə bəllidir. Azərbaycan Prezidentinin "China Global Television Network" televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, "əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir". Təbii ki, bu, marionet iqtidarlar axtarışında olan, yaxud milli iradəni kukla rejimlərlə əvəzləməyi hədəfləyən Qərb üçün sərfəli deyil. Bu mənada, Qərbin sifarişlərinin mahiyyəti bizim üçün aydındır. Lakin hesabatın məqsədi aşacaq və özünü ifşa edəcək qədər radikallaşmasının təməlində isə prosesdə erməni diasporunun rol alması dayanır. "Freedom House"da kök salmış vitse-prezident Anni Boyacıyan, o cümlədən idarəçilikdə rol alan Şaron Nazaryan kimi çoxsaylı radikal erməni funksionerlərinin mövcudluğu "Freedom House"u insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə radikal millətçi-terrorçu təəssübkeşinə çevirir. Ümumiyyətlə, sirr deyil ki, böyük əksəriyyəti terror birləşmələrinin üzvü olan erməni lobbisinin kollektiv Qərbin anti-Azərbaycan mövqe tutan ölkələrdə böyük infrastruktura malik olması, siyasətçiləri ələ alması, özlərinin parlamentə, mətbuata və hökumət orqanlarına yol tapmaları bir çox hallarda Azərbaycanofobiya mühitinin yaradılması üçün əsas ola bilir. Lakin Vətən müharibəsində məhz erməni diasporunun yerlə-yeksan edilməsi artıq erməni diasporu mifinə də son qoymaqdadır. Bu mənada, təşkilatın erməni klanının təşəbbüsləri özlərinin gözlədiyi qədər effektiv deyil. "Freedom House"un "Xalqlar keçiddə 2024" adlı hesabatını uğursuzluğa məhkum edən digər amil isə bu və digər analoji təşkilatların bu günə qədər, xüsusən Azərbaycanda bir milyondan artıq insanın təməl haqlarının Ermənistanın etnik təmizləmə siyasəti çərçivəsində pozulması və ərazilərinin 30 illik işğalı zamanı susqunluq nümayiş etdirməsi və hərəkətsizliklə işğal, təcavüz, soyqırımı, ekosid, urbisid kimi bəşəri cinayətlərə ortaqlıq etməsidir. Hətta audiovizual formada sənədləşdirilmiş Xocalı kimi çoxsaylı soyqırımı aktları, habelə Vətən müharibəsi dönəmində Gəncə, Bərdə, Tərtər kimi şəhərlərin dinc sakinlərinin qadağan edilmiş başlıqlı raketlərlə hədəfə alınması zamanı belə bu təsisatlar susmağa üstünlük verdilər. Belə olan halda, bu gün "Freedom House"un erməni təəssübkeşliyi sadəcə ikrah doğurur. Dövlət başçımızın da qeyd etdiyi kimi, "Əgər Qərbdə kimsə düşünür ki, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur". Bu mənada, bizim üçün muzdlu Qərb təşkilatlarının, o cümlədən "Freedom House"un, yaxud onların yalanlarını qəsdən və məqsədli formada tirajlayan Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Xalqımız isə bir nəfər kimi Prezidentinin, dövlətinin yanında, dövlətçiliyin keşiyindədir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.