Fransa regionda
Siyasət

Fransa regionda "qalıcı olmaq" istəyir

Hazırda sabit və təhlükəsiz mühitin təmin olunması Cənubi Qafqaz regionu üçün əsas çağırışlardan biridir. Şübhəsiz, bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması nəticəsində reallaşa bilər. Azərbaycan bu istiqamətdə mühüm addımlar atmaqla prosesə töhfə verməyə çalışsa da, qarşı tərəf sanki "fil qulağında yatıb".  İkinci Qarabağ müharibəsindən üç ildən artıq vaxt keçməsinə, eləcə də davamlı təşəbbüslərə baxmayaraq, iki ölkə arasında hələ də sülh sənədi imzalanmayıb. Sülh prosesinin ləngiməsinin bir sıra səbəbləri var.

Rəsmi İrəvanın getdikcə üçüncü güclərdən – Qərbdən asılı vəziyyətə düşdüyü hər kəsə məlumdur. Ermənistan hakimiyyəti öz dövlətinin gələcəyini xilas etməkdən çox, Qərbin, eləcə də Fransanın tapşırıqlarının yerinə yetirilməsini üstün tutur. İstər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə Fransa Ermənistanı regionda sabitliyi pozmağa məcbur etdi. Əfsuslar olsun ki, rəsmi Parisin Cənubi Qafqazda destabillik yaratma cəhdi bu gün də özünü büruzə verir. Ermənistan hakimiyyəti isə Yelisey sarayının öz planlarının icrası üçün İrəvandan istifadə etdiyini hər vəchlə pərdələmək istəyir. Nikol Paşinyan anlamır ki, Emmanuel Makron üzləşdiyi diplomatik uğursuzluqların fonunda yeni koloniya axtarışındadır. Hazırda Paris üçün ən uğurlu namizəd regionun zəif bəndi olan Ermənistandır. Emmanuel Makronun Nikol Paşinyana münasibəti, həmçinin Paris liderinin İrəvanla bağlı siyasəti bu qənaətə gəlməyə əsas verir. Ermənistan və Rusiya arasındakı qarşıdurmanın gərginləşdiyi bir zamanda Fransa regionda qarışıqlıq yaratmağa, bununla da öz neokoloniolist siyasətini Cənubi Qafqaza daşımağa çalışır. Emmanuel Makron bu siyasətini pərdələmək üçün özünü İrəvanın dostu kimi qələmə verir, ölkəni silahlandırır və revanşizmə sürükləyir. Bu yaxınlarda Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin "X" "twitter" sosial şəbəkəsindəki paylaşımı rəsmi Parisin Nikol Paşinyan hakimiyyətini fəlakətə sürüklədiyini bir daha təsdiqləyir. Paylaşımda qeyd olunur ki, Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edir. İşin ən maraqlı tərəfi isə səfirin paylaşımına Fransanın "Thales" şirkətinin istehsal etdiyi radarları, o cümlədən üç ədədi Ermənistana təhvil verilmiş "Ground Master 200" sistemləri haqqında məqalənin linkini də əlavə etməsidir. Üçüncü tərəflərin Hayastanı silahlandırması birbaşa Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunmasına öz mənfi təsirini göstərir. Bir məqamı da xüsusi vurğulayaq ki, Fransa NATO daxilində ilk ölkədir ki, mövcud qadağalara məhəl qoymur, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvünü silahla təchiz edir.

Yelisey sarayının digər bir xəbis niyyəti Ermənistan vasitəsilə casusluq şəbəkəsini genişləndirməkdir. Məlum olduğu kimi, rəsmi Parisin xidmət orqanlarının casus şəbəkəsi Mərkəzi Asiyaya qədər uzanır. Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DSGE) nəinki Qafqazda, hətta Mərkəzi Asiyada da aktiv fəaliyyət göstərir. Fransanın "Europe 1" radiosunun iddialarına görə fransız xüsusi xidmət orqanlarının Mərkəzi Asiyada operativ tədbirləri yayda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumlarının qarşısını almaq məqsədi daşıyır. Fransanın geniş casusluq şəbəkəsi olduğunu nəzərə alsaq, bu, heç də inandırıcı görünmür. Rəsmi Parisin əsas məqsədi bölgəni nəzarətdə saxlamaqdır. Ölkə bununla bir növ regionda "qalıcı olmaq" istəyir.

Xatırladaq ki, ötən il dekabrın 4-də "Merkorama" MMC-nin baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilmişdi. Həmçinin özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim edən xarici kəşfiyyat agentləri də saxlanılmışdı. Həmin şəxslər Martin Rayanı casusluğa sövq ediblər. Daha sonra iki agent Bakıdan qovulub. Ölkəmizdə ifşa olunmuş Parisin casus şəbəkəsi ilə bağlı məsələlər Fransanın bir sıra mətbuat səhifələrində də geniş müzakirə mövzusuna çevrilib. Hətta həbsdə olan Martin Rayanın atası Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi DGSE-ni kəskin ittiham edən müsahibələrlə mətbuatda çıxış edib.

Nəzrin ELDARQIZI,

"Respublika".