Siyasi yalquzaq həyatı yaşayanlar bulanıq suda balıq tutmağa çalışırlar
Siyasət

Siyasi yalquzaq həyatı yaşayanlar bulanıq suda balıq tutmağa çalışırlar

Bu gün dünyada çox ciddi bir xaotik proseslər yaşanır. Dünyanın demək olar ki, əksər bölgələrində hərbi toqquşmalar, siyasi-hərbi kataklizmlər müşahidə olunur. Beynəlxalq hüquq demək olar ki, işləmir və sabit bir bölgə axtarıb tapmaq özü müşkül məsələyə çevrilib. Bu reallıq fonunda Azərbaycanın həm şimal, həm də cənub qonşuluğunda çox ciddi hərbi-siyasi proseslər gedir. Qonşumuz Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir və bu müharibə getdikcə daha da kəskinləşir. Ölkənin cənubunda İran İslam Respublikası da İsraillə müharibə vəziyyətindədir və bu müharibənin nə qədər davam edəcəyi bu gərginliyin hansı fəlakətlər gətirəcəyini proqnozlaşdırmaq çətindir. Düzdür, hələlik strateji bir pauza hökm sürür. Lakin bu, nə qədər çəkəcək və İsrailin cavab zərbələri nə vaxt olacaq kimi suallar gündəmi zəbt edir.

Mövcud reallıqlar fonunda  Azərbaycan sabit dövlətdir. Azərbaycanda səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi var. Lakin, bu vəziyyətlə anti-Azərbaycan dairələr barışmaq istəmirlər. Bu xaricdə olan qara qüvvələrin də yuxusuna haram qatır və onlar çalışırlar ki, Azərbaycanı da bir toqquşma ocağına çevirsinlər. Bu baxımdan sapı özümüzdən olan baltalardan da, milli dönüklərdən də istifadə edirlər. Və eyni məntiqlə söyləmək olar ki, uzun müddətdir fəaliyyətsiz dayanan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura indi oyanıb xaricdəki sahiblərinin sifarişi əsasında ölkəmizdə gərginlik yaratmaq istəyirlər. Aprel ayının 21-nə mitinq təyin ediblər və seçdikləri ərazilər də şəhərin mərkəzi yerləridir. İnsanların kompakt cəmləşdiyi ərazilərdən söhbət gedir. Belə bir mitinqin keçirilməsi ilk növbədə insanların təhlükəsizliyi və asayişinin qorunmasında ciddi problemlər yarada bilər. Eyni zamanda insanların istirahət hüququnun pozulması anlamına gəlir. Bu baxımdan həmin pozucu dairələr çalışırlar ki, ətrafımızdakı gərginlik ocaqlarını Azərbaycana da transfer etsinlər və ölkəmizdə də hərc-mərclik yaransın. Necə ki, özləri 1992-1993-cü illərdə xaos dövründə yaşadılar və onun müəllifi oldular. İndi həmin dövrü yenidən qaytarmaq istəyirlər və xülyalarla, illüziyalarla yaşayırlar. Siyasi məhbusların azadlığı şüarı ilə çıxış edirlər. Anlamırlar ki, Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz, konkret cinayət əməlinə görə həbs edilmiş və ya saxlanılmış şəxslər var. Ona görə də siyasi məhbus ifadəsi qəbuledilməzdir. Bu, siyasi manipulyasiyadır və ölkəmizə qarşı təzyiq elementlərindən biri kimi qiymətləndirilə bilər.

Sərhədlərin açılmasından danışanlar bilməlidirlər ki,  onun bağlı olması ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır. Bu gün həm şimal, həm də cənub qonşumuzda yaşanan proseslər onu göstərir ki, bu olduqca doğru qərardır və heç bir dövlət istəməz ki, sərhədləri bağlı qalsın. Çünki bu müəyyən iqtisadi, sosial problemlər yaradır. Amma Azərbaycan üçün əsas məsələ öz vətəndaşının təhlükəsizliyidir və bu məntiqdən çıxış edərək sərhədlərimiz hələ ki, bağlı vəziyyətdədir. İstəyirlər ki, bu faktın mahiyyətini dəyişərək özlərini cəmiyyətə sırısınlar.

Amma xalq onları yaxşı tanıyır, kimliyini çox gözəl bilir. Həmin şəxslərin İkinci Qarabağ müharibəsində davranışını da xalqımız yaddan çıxarmayıb. O zaman da Azərbaycan əleyhinə mübarizə aparan beynəlxalq siyasi dairələrin fəaliyyətini tənqid edən müraciətlərdə, sənədlərdə onlar iştirak etmədilər, kənarda qaldılar. Çünki sözügedən ayırıcı xətlər yaradan qüvvələrin zehinlərində “Azərbaycan xalqı üçün nə pisdirsə, onlar üçün yaxşıdır, nə yaxşıdırsa, onlar üçün pisdir” fəlsəfəsi işləyir. Xalqımız da bunları görür və bu səbəbdən də onlara heç bir etimad yoxdur. Bu qüvvələr iradəli vətəndaşlarımız tərəfindən hər zaman boykot edilib. Onlar bir siyasi yalquzaq həyatı yaşayırlar. İndi də çalışırlar ki, bulanıq suda balıq tutsunlar və regionumuzdakı gərginlikdən istifadə edib Azərbaycan daxilində də çaxnaşma yaratsınlar. Bu illüziyadır, reallaşma əmsalı sıfıra bərabərdir. Qeyd etdiyim kimi, Azərbaycan güclü dövlətdir, onun güclü lideri, dəmir yumruq kimi birləşmiş xalqı var. Xalq öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Bu reallıqlar fonunda onların arzuları heç bir halda gerçəkləşə bilməz.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.