Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir
Dünya xəbərləri

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Çinin xarici işlər naziri Vanq Yi cümə axşamı bildirib ki, ölkəsi Fələstinin BMT-yə tam üzv olmaq istəyini dəstəkləyir.

"Respublika" xarici mediaya  istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına dair qətnamə layihəsinə səs verəcək.

Qətnamənin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən heç birinin əleyhinə səs verməmək şərti ilə doqquz lehinə səs tələb olunur. Fələstin hazırda təşkilata qeyri-üzv müşahidəçi dövlətdir və bu status ona 2012-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən verilib.

“İsrail-Fələstin münaqişəsi humanitar fəlakətə səbəb olub. Dərhal və qeyd-şərtsiz atəşkəs təmin edilməli və gərginliyin daha da artmasının qarşısını almaq üçün humanitar yardım mexanizmi yaradılmalıdır”, - deyə Çinin xarici siyasət idarəsinin başçısı deyib.