Dövlət sərhədlərimizin, ərazi bütövlüyümüzün bərpası ölkəmizin gücünün ifadəsidir
Siyasət

Dövlət sərhədlərimizin, ərazi bütövlüyümüzün bərpası ölkəmizin gücünün ifadəsidir

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı hərbi-siyasi  qələbə nəticəsində əzəli yurd yerlərimiz, Qarabağ və Şərqi Zəngəzur  düşmən işğalından azad edilib. Bu gün Böyük Qayıdış planına uyğun olaraq erməni vandalizminə məruz qalan şəhər, kənd və qəsəbələrimizdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir.

Artıq keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma yurdlarına qayıdıblar. Laçın və Füzuli şəhərləri, eləcə də Ağalı, Talış və Zabux kəndlərində həyat yenidən canlanır.

Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Şanlı Ordumuzun regionda yaratdığı yeni reallıqların nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə 2016-cı ildən etibarən Azərbaycan addım-addım, qarış-qarış irəliləyib, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Torpaqlarımız 2020-ci ildəki 44 günlük Vətən müharibəsində işğaldan azad edilsə də, ərazi bütövlüyümüzə ötən ilin 23 aprelində nail olundu.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsini məğlub başa vuran Ermənistan kapitulyasiya aktına imza atsa da, sonrakı proseslər onu göstərdi ki, bu ölkə hələ də revanşist hisslərlə yaşayır. Bunun əyani sübutu keçmiş Laçın dəhlizindən rəsmi İrəvan və onun marionet rejiminin humanitar məqsədlər üçün yox, silah-sursat daşımaqdan ötrü istifadə etməsi idi. Belə olduğu təqdirdə, Azərbaycan regionda gedən proseslərə diktə edən tərəf kimi, Ermənistan və onun himayədarlarının hərbi-siyasi niyyətlərinin qarşısını almaq üçün adekvat tədbirlər həyata keçirdi. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız qaldırıldı. Həmin gün Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimində DSX-nın polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdi: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".

Bu tarixdən sonra bölgədə baş verən proseslər, keçmiş separatçı rejimin sürətlə süquta doğru irəliləməsini, bir ölkə üçün sərhədlərinin toxunulmazlığının təmin edilməsinin nə dərəcədə mühüm olduğunu göstərdi. Laçın rayonu ərazisində Həkəri çayının üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın növbəti tarixi qələbəsi, həmçinin beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edən tam qanuni addımdır. Bununla yanaşı, "Laçın" nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi Qarabağda 30 ildən çox qanunsuz məskunlaşmış erməni hərbi birləşmələrinin tərk-silah edilməsində mühüm rol oynadı.

Ermənistan ilk vaxtlar rəsmi Bakının bu addımını öz xislətinə uyğun olaraq şərh etdi. Haylar bu dəfə "humanitar böhran" və "blokada" şouları ilə dünyanın gündəmini yenidən Cənubi Qafqaza yönəltmək istədilər. Həmin ssenarilərin Parisdə yazılması da heç kimə sirr deyildi. Məhz Fransanın təşəbbüsü ilə bu məsələ BMT TŞ-nin müzakirəsinə çıxarılsa da, beynəlxalq müstəvidə dost ölkələr tərəfindən Azərbaycana dəstək ifadə olundu. 2023-cü il 6 iyul tarixində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) də Azərbaycanın haqq işinə müsbət yanaşma nümayiş etdirdi. BƏM İrəvanın nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi ilə bağlı tədbir görmə tələbini rədd etdi. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Musa BAĞIRLI,

"Respublika".