Fransızların erməni sevdası təzə deyil
Siyasət

Fransızların erməni sevdası təzə deyil

1983-cü il iyulun 27-də beş erməni terrorçusundan ibarət dəstə Türkiyənin Lissabondakı səfirliyinə hücum etdi. Uğursuzluğa düçar olan qəddar ermənilər səfirin müavininin yaxınlıqda olan evini zəbt etdilər, onun xanımını və uşaqlarını girov götürdülər.

Bu zaman kamikadzenin əlindəki qumbara işə düşdü, girov götürülmüş xanım və 4 terrorçu həlak oldu. Səfirin müavini L.Mixçioğlu və onun oğlu Atasoy yaralandılar. Türkiyə təhlükəsizlik orqanlarının əməkdaşları ilə atışmada beşinci terrorçu da öldürüldü. Portuqaliyalı polis və bu ölkənin bir vətəndaşı da həlak oldu. Həmin cinayəti erməni terror təşkilatı ARA törətdiyini təsdiqlədi.

Bir neçə aydan sonra "erməni məkri" işə düşdü: ABŞ-ın erməni kilsələrində "böyük əzabkeşləri" - Lissabonda "xalq azadlığı uğrunda" şəhid olmuş "qəhrəmanların" xatirəsini dini ayinlərlə yad etməyə başladılar.

İyulun 28-də isə ABŞ prezidenti Ronald Reyqan xüsusi bəyanat verdi və bəyanatın mətni ABŞ-ın Ağ Evi tərəfindən yayıldı.

Halbuki 30 il işğal dövründə heç bir ABŞ prezidenti Azərbaycan torpaqlarının 20 faizinin zəbt edilməsi, o torpaqlarda ermənilərin törətdikləri vəhşiliklər, terror aktları barədə münasibət bildirmədilər. BMT-nin Ermənistanın təcavüzkarlığını pisləyən dörd qətnaməsinin heç adını belə çəkmədilər, altdan-altdan Qarabağdakı separatçılara hər cür yardım göstərdilər. 2006-cı ildə Fransa Parlamentinin aşağı palatası "erməni soyqırımı"nı inkar edənə cəza qanunu qəbul etdi. Fransanın bu cür hərəkəti isə gözlənilən idi. Həmin il oktyabrın 14-də professor Rövşən Mustafayev "Zerkalo" qəzetindəki məqaləsində yazırdı: "Fransa bizə yoldaş ola bilməz. Fransa parlamentinin məlum qərarı bütün türk dünyasını, o cümlədən də Azərbaycanı lərzəyə saldı. Mən erməni təhlükəsi kimi çox mühüm məsələlərdə populizmi heç zaman qəbul etmirəm və etməmişəm də. Qışqırıq, kütlənin hay-küyü və s. bolşevizm əlamətlərini kənara atmaq gərək. Axı, Patrik Dəvəçiyan kimdir, onun Fransa prezidenti Jak Şiraka qüvvətli təsirini necə və nə ilə əsaslandırmaq olar?

Bundan əlavə, daha bir məsələ; fransızlar nə zaman və hansı şəraitdə ASALA erməni terror təşkilatı ilə razılıq müqaviləsi imzalayıb?".

Daha sonra müəllif qeyd edir ki, a

dıçəkilən P.Dəvəçiyan məlum qanunun qəbul edilməsinin təşəbbüskarı, Fransanın Antoni şəhərinin meridir. "Armenian reporter" qəzetinin 1985-ci il 6 iyun tarixli sayında dərc olunan məqalədən aydın olur ki, P.Dəvəçiyan Fransa-türk diplomatlarını qətlə yetirən bir çox erməni terrorçusunun əsas vəkili olub. Həmin qəzetin yazdığına görə, P.Dəvəçiyan erməni terrorçularını məhz terrorçu deyil, fəal mübarizlər adlandırıb. Bütün bunlar P.Dəvəçiyan barədə müəyyən təsəvvür yaradır. Bəs Fransa hökuməti ASALA erməni terror təşkilatı ilə hansı əlaqələrdə olub?

1986-cı il 28 oktyabr tarixli sayında "Vaşinqton post" qəzeti yazırdı ki, fransızlar ASALA ilə 1982-ci ildə müqavilə bağlayıblar. Bu baxımdan, Ronald Reyqanın 1983-cü il iyunun 28-də verdiyi xüsusi bəyanat mühüm məna kəsb edir: "Bu yaxınlarda mən bir sıra ölkələrin rəhbəri ilə danışıqlar aparacağam ki, ASALA-ya qarşı mübarizədə daha ciddi və bir-birilə sıx əlaqədə hərəkət etsinlər. Belə varvarcasına və qeyri-insani hərəkətlər sivil cəmiyyətdən süpürülüb bir kənara atılsın". ABŞ prezidentinin bəyanatında belə deyilirdi.

1985-ci il iyunun 22-də "Nation" nəşri də belə bir məlumat yaymışdı. Məlumatda deyilirdi: "Kolumbiyalı narkobaron və beynəlxalq qatil Karlos vaxtilə elan etmişdi ki: "Türkiyədə baş vermiş soyqırımının intiqamını almaq yanğısında olan erməni terror təşkilatları ilə bizim sıx əlaqələrimiz vardır. Narkobiznes bizimlə onların birlikdə əsas silahımızdır, bizim nüvə silahımız". Bu sözlərin heç bir izahatına ehtiyac qalmır.

Fransa prezidenti Jak Şirakın ermənilərə bu cür isti münasibətinin səbəbi də maraq doğurur. "Veekly" qəzetində dərc olunan yazıda belə bir məlumat diqqət çəkir: "Şirak" ermənilərin Şirakyan soyadındandır. Həmin nəsildən olan erməni terrorçusu Arşivin Şirakyan hələ 1921-ci ildə İtaliya paytaxtında bir sıra qətllər törətmiş, o cümlədən Türkiyənin xarici işlər naziri Səid Halim Paşanı öldürmüşdür. Erməni terrorçuları Türkiyədən sonra məhz Fransada da insanlığa qarşı dəhşətli cinayətlər törətmişdilər. 1973-1986-cı illər arasında ASALA Fransa ərazisində xeyli müxtəlif terror aktlarını həyata keçirmişdi.

Belə olan təqdirdə, Fransanın bütün dünyada demokratiyanın keşiyində durması barədə haray-həşir salmasının nə anlamı var, axı. Fransanın "demokratik" parlamentinin antidemokratik qanun qəbul etməsi azmış kimi, bu dövlətin hakim dairələri erməni terrorçularının bəşəriyyətə qarşı, xüsusən də Fransa ərazisində törətdikləri dəhşətli cinayətlərə, qətllərə, vəhşiliklərə gözlərini yumurlar. Elə bu səbəbdən də ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində bitərəf qala bilmədi, həmişə ermənilərin maraqlarından çıxış etdi. Məsələnin dondurulmasına çalışdı.

Vətən müharibəsindən sonra isə Fransa öz mövqeyini açıq-aydın göstərdi. Bu, ölkənin əvvəlki prezidentlərindən fərqli olaraq Emmanuel Makron ölkəsinin anti-Azərbaycan siyasətini ört-basdır etmədi. Sələflərinin ənənəsini davam etdirən Makron bu gün də onların yolundan dönmür. ASALA kimi terror təşkilatı ilə əməkdaşlıq, razılıq müqaviləsi bağlayan bir ölkə heç vaxt ədalətli ola bilməz. Bütün bunlar onu göstərir ki, dünya elə köhnə dünyadır, yəni Fransanın erməni sevdası təzə deyil...

Zümrüd QURBANQIZI,

"Respublika".