Mərkəzi Seçki Komissiyasında
Siyasət

Mərkəzi Seçki Komissiyasında

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev, MDB katibliyinin rəhbəri Sergey Burutin, qurumun müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak və mətbuat xidmətinin rəhbəri Svetlana Malinina ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri MDB müşahidə missiyasının üzvlərinə Azərbaycandakı seçki prosesi barədə məlumat verib.

O bildirib ki, seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

M.Pənahov diqqətə çatdırıb ki, Azərbaycanda ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Həmçinin 3 təşkilat seçkilərdə "exit-poll" keçirmək üçün müraciət edib, onlardan biri ABŞ-ın "Oracle Advisory Group" təşkilatıdır.

MDB-nin Baş katibi Sergey Lebedev isə bildirib ki, onların məqsədləri növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.

"Hələ ki, hər şey öz qaydasında gedir, bizə heç bir şikayət daxil olmayıb. Müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər", - deyə S.Lebedev qeyd edib.

***

Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov budəfəki seçkilərin, xüsusilə prezident seçkilərinin Azərbaycanın bütün ərazilərini əhatə etməsi ilə əlamətdar olduğunu deyib.

M.Pənahov qonaqlara seçicilərin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.

MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrinin olduğunu qeyd edib.

MDB PA-nın müşahidə missiyasının rəhbəri Jakip Asanov prezident seçkilərində Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində aparılacağına inandıqlarını deyib. Vurğulayıb ki, onlar Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı üçün layiqli namizədə səs verəcəklərinə əmindirlər.

O, seçkilərə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycanda olmaqdan, seçkiləri izləməkdən məmnunluğunu ifadə edərək ,fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 5-də Maldiv və Ukrayna Mərkəzi Seçki komissiyalarının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri çıxışında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini diqqətə çatdırıb.

M.Pənahov, eyni zamanda, ölkədə 6 milyondan çox vətəndaşın seçkilərdə iştirak edəcəyini vurğulayıb. O, prezident seçkilərində 7 namizədin mübarizə aparacağını bildirib. Eyni zamanda qeyd edilib ki, seçkilərlə bağlı yaradılan məntəqələrdə 1000 veb-kamera quraşdırılıb. Bu, bütün ölkə ərazisini əhatə edir və səsvermənin gedişini xaricdən də izləmək mümkün olacaq. MSK sədri seçkiləri müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini vurğulayıb.

Maldiv Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini İsmail Habeeb Abdul Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını bildirib. O, səsvermənin gedişinin veb-kameralar vasitəsilə izlənilməsinin çox böyük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, seçki prosesi, xüsusilə prezident seçkiləri çox çətin prosesdir və bu prosesdə təcrübə mübadiləsi mütləqdir.

Ukrayna Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Andrii Hevko seçkiləri izləmək üçün onlara yaradılan imkana görə təşəkkürünü ifadə edib. Təcrübələrdən öyrənməyin əhəmiyyətini vurğulayan ukraynalı qonaq seçki prosesində qanunvericiliyin tələblərinə riayət edilməsinin, şəffaflığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Monteneqrodan olan həmkarı Nikola Mugosa ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri qonağa fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri barədə ətraflı məlumat verib.

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının bütün prosesini nəzarətdə saxladığını diqqətə çatdırıb. Bildirib ki, MSK tərəfindən seçki bülletenləri çap olunaraq dairə seçki komissiyalarına (DSK) paylanıb və onların sayı altı milyondan çoxdur. O, seçkiləri izləmək üçün 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini diqqətə çatdırıb.

MSK sədri hazırlıq prosesinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada aparıldığını qeyd edib.

Bildirilib ki, seçkilərlə əlaqədar "Seçki-2024" Müstəqil Media Mərkəzi fəaliyyət göstərir. Həmçinin dünyanın aparıcı media qurumları "Associated Press", "BBC", "Al Jazeera", "Kyodo" kimi agentliklər də daxil olmaqla, ümumilikdə 34 nüfuzlu media qurumu seçkiləri işıqlandıracaq.

Seçkiləri müşahidə etmək üçün Azərbaycana dəvətə görə təşəkkürünü bildirən Monteneqro Mərkəzi Seçki Komissiyasının sədri Nikola Mugosa ölkəmizə seçkilərin şəffaf və ədalətli keçirilməsi işində uğurlar arzu edib. Seçkilərin elektron formada keçirilməsi təcrübəsindən danışan N.Mugosa hər informasiyanın peşəkarlıqla işlənməsinin vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.