Ermənistan-Rusiya qarşıdurması: gərginlik getdikcə artır
Siyasət

Ermənistan-Rusiya qarşıdurması: gərginlik getdikcə artır

Son dövrlər Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinin əsas səbəbi Ermənistanın Qərbə meyillənməsi, həmçinin İrəvanın düşdüyü rəzil durumda Rusiyanı günahkar bilməsidir. Artıq vəziyyət elə bir həddə çatıb ki, Hayastan rəsmiləri belə münasibətlərdəki gərginliyin pik həddə çatdığını gizlədə bilmir.

Belə ki, martın 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın "Todo Noticias" telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətməyin mümkünsüz olduğunu söyləyib. Ermənistan xarici işlər naziri, həmçinin, ölkənin indi Brüssel və Vaşinqtonla iqtisadi-siyasi əlaqələri dərinləşdirməyə çalışdığını diqqətə çatdırıb: "Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük".

Ermənistanın artıq öz xarici siyasətini dəyişdirdiyi, Qərbdəki siyasi dairələrə yönəldiyi açıq şəkildə özünü büruzə verir. Nikol Paşinyan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar, ABŞ, Avropa İttifaqı və Fransa ilə müəyyən sahələrdə təmaslar və əlaqələrin gücləndirilməsi, o cümlədən Ermənistan baş nazirinin və onun komandasında bəzi yüksəkrütbəli rəsmilərin Moskvaya qarşı kəskin bəyanatları bunu bir daha təsdiqləyir. Rəsmi İrəvanın KTMT və MDB-nin tədbirlərində iştirakdan imtina etməsi, eləcə də İrəvandakı Rusiya hərbçilərinə qarşı etirazlar da Qərb qonşumuzun "irəli-geri" siyasətinin əyani sübutudur. Son zamanlarda Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinin meydana gəlməsi isə Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasındakı sülh prosesi üzrə danışıqlarda Moskvanın deyil, Brüssel və Vaşinqtonun vasitəçiliyinə üstünlük verdiyini göstərir. Bu baxımdan, Rusiya da öz növbəsində Ermənistan hakimiyyətinin davranışlarına çox kəskin və ciddi reaksiya verməyə məcbur olur. Ermənistanın Qərbə yaxınlaşması və ölkədə anti-Rusiya əhvali-ruhiyyəsinin hökm sürməsi rəsmi Moskvanı qıcıqlandırır. Rusiya tərəfi Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmasına və bu regionda geostrateji mövqeyini möhkəmləndirməsinə imkan verməyəcəyini bəyan edir. Kreml Qərbin regiondakı proseslərə müdaxiləsinin ölkənin maraqlarına zidd olduğunu bildirir. Şübhəsiz, Rusiya bu məsələdə haqlıdır. Çünki istər ABŞ, istərsə də Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə bağlı geostrategiyasında İrəvan əhəmiyyətli rola malikdir. Əfsuslar olsun ki, Ermənistan Qərbin İrəvandan öz istəyinə nail olmaq üçün istifadə etdiyini, ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaqla özünün "oyuncağına" çevirmək istədiyini dərk etmir. Hətta Qərb artıq Ermənistanın da seçim etdiyini düşünür. Belə ki, bu yaxınlarda NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina gürcü mətbuatına müsahibəsində qeyd edib ki, Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib.

Əgər Ermənistan baş naziri həqiqətən Rusiyaya tamamilə üz çevirmək niyyətindədirsə, bu, ölkə üçün heç də yaxşı sonluq olmayacaq. Çünki hazırda İrəvan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Hətta Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsi də gündəmə gələndə İrəvan bir növ silkələndi. Erməni rəsmiləri bunun ölkə iqtisadiyyatı üçün riskli ola biləcəyini də açıq şəkildə bəyan etdilər. Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan etiraf edərək bildirdi ki, Ermənistan iqtisadi sahədə Rusiyadan çox asılıdır, Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq risklidir. Buradan bir sual ortaya çıxır ki, Qərb Ermənistanı iqtisadi cəhətdən "ayaqda saxlaya" bilərmi? Bu gün Ermənistan iqtisadiyyatının 70 faizinin Moskvadan asılılığı nəzərə alınsa, Qərb bu göstəriciləri əsla təmin edə bilməz. Çünki Ermənistan Qərbin öz xəbis planlarının icrası üçün "tramplin" rolu oynayır. Daha dəqiq desək, hazırda regionun ən zəif bəndi olan İrəvan Qərb üçün əhəmiyyətli deyil. Əsas məqsəd onların öz istəklərini həyata keçirmək üçün kimlərisə marionetə çevirməkdir.

Qeyd etdiklərimizdən bir daha Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün hələ uzun proseslərdən keçməli olduğunu görmək mümkündür. Qərb qonşumuzun yeni havadar axtarmaq əvəzinə, region ölkələri ilə münasibətlərini tənzimləməsi daha məqsədəuyğundur. Şübhəsiz, bunun üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması vacibdir. Məhz sülh regiondakı qonşular ilə normal münasibətlərin qurulmasına və Ermənistanın bataqlıqdan çıxmasına kömək ola bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".