Mina təhlükəsi problemi
Siyasət

Mina təhlükəsi problemi

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra bizim üçün yeni bir cəbhə açıldı - mina cəbhəsi. Baxmayaraq ki, qələbədən 2 ildən çox vaxt keçib, gizli müharibəni xatırladan mina kabusu hələ də davam edir. Aparılan danışıqlara baxmayaraq, Ermənistan mina xəritəsini Azərbaycana təqdim etmir və verdikləri dəqiq deyil. Dünyada müharibələr baş vermiş bir çox ölkələrdə münaqişə bitəndən sonra da həmin ərazilərdə piyada əleyhinə minalar can almaqda davam edir. Torpaqlarımız işğalçılardan azad edilsə də, ermənilərin məkrli planları davam etməkdədir. Onlar müxtəlif vasitələrlə azərbaycanlıların qətlə yetirilməsinə cəhd göstərirlər. Bu işdə ən başlıca rolu minalanmış ərazilər oynayır. Hələ də işğaldan azad olunmuş ərazilərdə minalanmış sahələr problemi, bəlası aradan qalxmayıb. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etməyib. Müxtəlif bəhanələrlə bundan boyun qaçırır. İşğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minaların partlaması səbəbindən ölən və yaralananların sayı artmaqdadır. İstər hərbçilər, istərsə də mülki şəxslər arasında. Problem olduğu kimi qalır.

Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında öncül yerdədir. Bütün bunlara baxmayaraq, Azərbaycan qələbədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinə başlayıb. Erməni terrorunun, vandallığının dağıdıb, xarabazara çevirdiyi bu yerlərdə irimiqyaslı layihələr həyata keçirir. Çünki 30 il məcburi köçkünlük həyatı yaşamış insanların işğaldan azad olunmuş yurd-yuvalarına dönmələri vacib və lazımi məsələdir. Bu insanların öz evlərində təhlükəsiz, rahat şəkildə yaşamaqları və bu rahatlığın təmin olunması üçün isə dövlət öncə ərazidə lazımi infrastruktur qurmalıdır. Lakin mina təhlükəsi işlərin ləngiməsinə səbəb olur. Qarabağın mina və partlamamış silah-sursat cəhənnəminə çevrilməsi keçmiş məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi şəkildə əngəlləyir. Dövlətin ərazidə həyata keçirdiyi irimiqyaslı layihələrin sürətinə və gedişinə ciddi şəkildə mane olur.

Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş ərazilərin minalanmış sahələrin formulyarlarını ölkəmizə təqdim etmişdir. Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə, guya, bütün mina sahələrini əhatə edən formulyarları verdiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və ciddi problemlər yaradır. Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verdiyi mina sahələrinin dəqiqliyi ən yaxşı halda 25 faiz doğru olur.

"Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır". Bunu oktyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı deyib.

Görünən odur ki, Ermənistan biabırçı məğlubiyyətə məruz qalacağını əvvəlcədən bildiyi üçün bizdən bu yolla qisas almağa çalışır. Müharibənin bitməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, ötən bu müddət ərzində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ağır yaralanıb. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıblar. Bu isə Ermənistan dövlətinin münaqişə bitəndən sonra, Azərbaycan və azərbaycanlılara qarşı terror siyasətinin açıq-aydın sübutudur. Bu yaxınlarda təkcə Laçın rayonunda İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövrdə Ermənistan silahlı birləşmələri tərəfindən basdırılmış 1400-dən çox mina aşkarlanaraq zərərsizləşdirilib. Əlbəttə ki, ermənilərin 30 illik işğal dövründə Qarabağı mina və partlamamış sursatların "məzarlığı"na çevirməsi ərazidə aparılan tikinti-quruculuq işlərinin sürətinə mənfi təsir edir. Ermənistan dövlətinin verdiyi yalançı mina xəritəsi, mina terroru bölgədə sülhə, insanların rahat yaşayışına və sağlamlığına ən ciddi maneələrdəndir. Bu gün də ərazidə mina təhlükəsi davam edir. Son hadisə - dekabr ayının 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi və bir hərbçinin həlak olması dünyaya və beynəlxalq təşkilatlara bir siqnal olmalıdır.

Bəli, Ermənistan 30 il ərzində Qarabağ torpaqlarını mina "tarlalarına" çevirib. Onlar bu yerləri talayıb, xarabalığa çevirməklə bərabər, həm də kənd-şəhərləri birləşdirən yollara, tarixi abidələrə, əkin sahələrinə, hətta, qəbiristanlıqlara belə mina basdırıblar. Bərəkətli, cənnət Qarabağ torpaqlarını viran qoyaraq cəhənnəm "toxumu" əkiblər. Onu da qeyd edək ki, Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Böyük Qayıdışın ilk yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Minatəmizləmə əməliyyatlarına əsasən ilk olaraq yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri və yollardan başlanılmışdır. Hazırda bu istiqamətdə gərgin iş davam edir. Minatəmizləmə işləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır. ANAMA-nın verdiyi məlumata görə, minatəmizləmə əməliyyatları zamanı elə ərazilər var ki, orada ermənilər, cəmi 1 kvadratmetr yerdə 8 mina basdırıblar. Məsələn, Horadiz-Ağbənd dəmir yolu xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina aşkarlanaraq zərərsizləşdirilib. Bütün bu faktlar ərazinin nə qədər sıx şəkildə minalandığını və bu kabusun hələ uzun müddət davam edəcəyini göstərir. Azərbaycan bu gün Ermənistanın 30 il ərzində işğalda saxladığı ərazilərində heç bir xarici dəstək olmadan, öz gücü hesabına irimiqyaslı bərpa-quruculuq işləri aparır. Eyni zamanda, minalanmış ərazilərin təmizlənməsi sahəsində də. Əslində isə bu proseslərdə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Əksinə, bəzi qərb dövlətləri qalib ölkə kimi bizi ittiham edir, ermənilərə isə dəstək verirlər. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməlidir və işğalçı ölkə insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".