DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİL VƏ HƏMAS ARASINDA RAZILAŞMANIN DETALLARI AÇIQLANIB

Qəzza zolağında atəşkəs razılaşması layihəsi İsrailin anklavda saxlanılan bütün girovlarının azad edilməsini nəzərdə tutur. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Al-Araby Al-Jadeed” nəşrinin dərc etdiyi sənəddə bildirilir.

Məlumata əsasən, müqavilə fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində Qəzza zolağında bütün israilli girovların sərbəst buraxılmasını, habelə daimi atəşkəs və İsrailin hərbi qüvvələrin geri çəkilməsini ehtiva edən davamlı atəşkəsə qayıtmağı hədəfləyir.

Bildirilir ki, sazişin həyata keçirilməsinin ilk mərhələsində HƏMAS hərəkatı qadın hərbçilər də daxil olmaqla İsrailin 33 girovunu azad etməlidir. Sazişə uyğun olaraq HƏMAS müqavilənin üçüncü günündə İsrailin 3 girovunu sərbəst buraxmalıdır. Bundan sonra Fələstin hərəkatı qadın hərbçilər də daxil olmaqla hər yeddi gündə üç girovu azad etməyi öhdəsinə götürür.

35 MİN ALMAN HƏRBÇİSİ AVROPANIN MÜDAFİƏSİNƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR

Almaniyanın təxminən 35 min hərbçisi fövqəladə vəziyyət zamanı müttəfiqlərə anında dəstək verməyə hazırdır. “TASS” agentliyinin xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. Onun sözlərinə görə, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

“Almaniya və digər müttəfiqlər NATO-nun şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirmək üçün iki il əvvəl Baltikyanı ölkələrə əlavə qüvvələr göndərmək qərarına gəliblər. Almaniya Estoniya və Latviyada hava məkanının mühafizəsini öz üzərinə götürür”, - deyə kansler vurğulayıb.

Eyni zamanda, Olaf Şolts əlavə edib ki, Bundesver əsas diqqətini Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə yönəldəcək.

2023-cü ilin oktyabrında Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun yeni müdafiə strategiyasını həyata keçirmək üçün 35 min hərbçini yüksək hazırlıq vəziyyətində saxlayacağını bildirmişdi.

BU SSENARİ REALLAŞARSA RUSİYA BRİTANİYANIN HƏRBİ OBYEKTLƏRİNİ VURA BİLƏR

Rəsmi Kiyev Rusiya ərazisinə Böyük Britaniyanın silahları ilə zərbə endirəcəyi təqdirdə, Moskvanın Böyük Britaniyanın Ukraynadakı və ondan kənardakı hərbi obyektlərinə zərbə endirmək hüququ olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “TASS” agentliyinə müsahibəsində bəyan edib.

“Bu ssenari reallaşacağı təqdirdə, Rusiya Federasiyası müvafiq şəkildə cavab vermək, yəni hədəf olaraq həm Ukrayna ərazisində, həm də ondan kənardakı Britaniya obyektlərini seçmək hüququnu özündə saxlayır”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Röyters” agentliyinə müsahibəsində rəsmi Kiyevin Böyük Britaniya silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbə endirmək hüququnun olduğunu bildirmişdi.

Devid Kemeronun açıqlamasından sonra Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi Xarici İşlər Nazirliyinə çağırılıb.

“BOEING” ŞİRKƏTİ İLƏ BAĞLI ARAŞDIRMALAR BAŞLADILIB

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing 787 Dreamliner” təyyarəsinin sınaqları zamanı sənədlərin mümkün saxtalaşdırılması ilə bağlı “Boeing” şirkətinə qarşı yeni araşdırmaya başlayıb. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Federal Mülki Aviasiya İdarəsi “Boeing” işçilərinin qanadların təyyarənin gövdəsi ilə birləşdiyi yerlərdə bərkitmə və cərəyən ötürücülüyü işləri ilə bağlı bütün sınaqları yerinə yetirib-yetirmədiyini araşdırmağı planlaşdırır. Məlumata görə, şirkətin əməkdaşları texniki sənədləri saxtalaşdırmaqda şübhəli bilinirlər.

“Boeing” nümayəndəsinin sözlərinə görə, bir neçə əməkdaş həqiqətən də korporativ siyasəti pozub və tələb olunan sınaqları keçirməyib, lakin bu, uçuşların təhlükəsizliyinə çətinlik yaratmayıb.

Xatırladaq ki, 2024-cü ilin əvvəlində ABŞ-ın “Alaska Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsində uçuş zamanı qapı yerindən çıxıb. Kabində təzyiqi pozulduğuna görə təyyarə təcili eniş etməli olub.

ABŞ VƏ İORDANİYA LİDERLƏRİ YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

ABŞ prezidenti Cozef Bayden və İordaniya kralı II Abdullah Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdəki münaqişə və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, liderlər söhbət zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyini və Fələstin anklavına humanitar yardımın çatdırılmasını artıracaq atəşkəsə nail olmağın vacibliyini qeyd ediblər.

Bununla yanaşı, Bayden və II Abdullah  Fələstin dövlətinin yaradılması və İsrailə təhlükəsizlik zəmanəti verməklə bölgədə uzunmüddətli sülhə nail olmağa sadiq olduqlarını bildiriblər.

Eyni zamanda, dövlət başçıları İordan çayının qərb sahilindəki vəziyyətə də toxunublar və Fələstin Milli Administrasiyasının həyata keçirdiyi islahatları dəstəklədiklərini diqqətə çatdırıblar.

GÜRCÜSTANDA GÜCLÜ YAĞIŞLAR CİDDİ FƏSADLARA YOL AÇIB

Gürcüstanın bir çox ərazilərində, eləcə də paytaxt Tbilisidə hökm sürən güclü külək və leysan yağışları ciddi problemlər yaradıb. “Trend” agentliyinin xəbərinə görə, paytaxt Tbilisinin Qldani rayonunda külək ağacları aşırıb.

Bildirilir ki, Tbilisi meriyasının yaydığı məlumata görə, paytaxt ərazisindən keçən Qldanula çayı məcrasından çıxıb və nəticədə evlərin birinci mərtəbələrini, ictimai-iaşə obyektlərini, həyətyanı sahələri su basıb. Yol infrastrukturuna da ciddi ziyan dəyib.

Verilən xəbərə əsasən, yağışların törətdiyi fəsadlar bununla bitməyib. Gürcüstanın qərbində bəzi ərazilərdə də çaylar məcrasından çıxıb, əraziləri sel suları basıb.

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomagitralın həmin hissəsində hər an güclü torpaq sürüşməsi baş verə bilər.

BU SİSTEMLƏRİN ZƏİFLİYİ OLİMPİADA ZAMANI TERROR HÜCUMU RİSKİNİ ARTIRIR

Fransanın 2024-cü il Paris Olimpiadasında istifadə ediləcək “Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi sıx şəhər ərazilərində yalnız hər üç pilotsuz təyyarədən birini aşkar edə bilir, bu da pilotsuz təyyarələrə əsaslanan terror hücumu riskini artırır. Bu barədə Böyük Britaniyanın “The Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Ekspertlərin fikrincə, “Thales” konserninin 350 milyon avroya hazırladığı “Parade”  sistemi uğurlu sayılmaqdan çox uzaqdır. Sınaqlarının gedişi ilə tanış olan mütəxəssislərdən birinin sözlərinə görə, “Parade” dronları yalnız 800 metr məsafədə aşkar edir.

Eyni zamanda qeyd olunur ki, bu, Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə ediləcək sistemlərdən yalnız biridir. Bundan başqa, Britaniyanın radioelektron aparatları sistemləri də işə salınacaq.

Bununla yanaşı, qəzet xatırladıb ki, “Parade” artıq 2023-cü ilin payızında Fransada keçirilən reqbi üzrə dünya çempionatı zamanı təhlükəsizlik məqsədilə istifadə edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.