2023-cü ildə Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından önəmli addımlar atılıb
Siyasət

2023-cü ildə Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından önəmli addımlar atılıb

Ötən ilin ən əlamətdar hadisələrindən biri də 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyətə başlamasının bir ilinin tamam olmasıdır. Xatırladaq ki, 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub.

24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev İcmanın inzibati binasının açılışında iştirak edib. Dövlət başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə “bu binada yerləşmiş qarabağlılar artıq ya Qarabağa qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar” fikirləri soydaşlarımızın qəlbində böyük ümidlər yaratdı. Bundan sonra Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin icmaya göstərdiyi dəstək qurumun 2023-cü ildə intensiv fəaliyyəti üçün böyük təkan və stimul oldu. Ölkə rəhbərinin tövsiyələri əsasında hazırlanan Qayıdış Konsepsiyasında problemin təsviri, hədəf, məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları, beynəlxalq hüquqi çərçivə və zəmanət, icma üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması və digər məsələlər yer alıb. Konsepsiyada vurğulanır ki, Ermənistan Respublikası özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etmək məqsədilə özünün qanunvericiliyinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır.

Bundan başqa, İcma Ermənistanın Baş naziri Nikol Paşinyana məktub ünvanlayaraq ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırıb. Məktubda, həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu bildirilib.

Eyni zamanda İcma tərəfindən xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər edilib, qurumun sülhsevər və beynəlxalq hüquqa əsaslanan missiyası barədə məlumat verilib, beynəlxalq müstəvidə səmərəli işlər görülüb və qayıdış hüququnun təmin olunmasında onlardan dəstək istənilib. İcmanın 8 sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması buna əyani sübutdur. İcmanın müraciəti BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlərinin yer alması ilə yayılıb.

Vacib məqamlardan biri də 5 dekabrda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda 30 xarici ölkədən nümayəndələrin iştirakı ilə baş tutmuş beynəlxalq konfransın keçirilməsi olmuşdur. Çıxışlarda azərbaycanlıların öz torpaqlarından zorla çıxarılması, Ermənistanın etnik təmizləmə prinsipi və təcrübəsi, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün təhlükəsizliyin təminatı kimi tezislərə geniş yer verilib. Paytaxt Bakıda baş tutan tədbir Qərbi Azərbaycan mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyinə gətirilməsi baxımından böyük rol oynamışdır.

Musa BAĞIRLI,

“Respublika”.