Regiondankənar qüvvələrin cəhdləri fiaskoya uğrayır
Siyasət

Regiondankənar qüvvələrin cəhdləri fiaskoya uğrayır

Sülhün və təhlükəsizliyin təmin olunması, tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi və eyni zamanda bərpa-quruculuq işlərinə başlanılması müharibədən sonrakı proseslərdir.

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan, hər zaman olduğu kimi, postmüharibə dövründə də beynəlxalq hüquq normaları çərçivəsində məqsədyönlü siyasət həyata keçirərək  yeni reallıqların qəbul edilməsinə ciddi səy göstərdi. Lakin müharibə bitdikdən sonra bəzi dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeləri tamamilə dəyişdi. Ölkəmizin Cənubi Qafqazda söz sahibinə, diktə edən tərəfə çevrilməsini qəbul edə bilməyən qüvvələrin ikiüzlülüyü, qısqanclığı özünü daha bariz şəkildə göstərməyə başladı. İlk vaxtlar bunu müəyyən qədər üstüörtülü şəkildə həyata keçirsələr də, ölkəmiz qələbədən-qələbəyə, zəfərdən-zəfərə doğru  addımladıqca, riyakar qüvvələrin simasızlığı pik həddə çatdı.

30 il torpaqlarımızın Ermənistan tərəfindən işğalını gözardı edən, hətta onların təcavüzkarlığına müxtəlif yollarla dəstək verən ermənipərəst güclər müharibədən sonrakı mərhələdə də öz çirkin əməllərini davam etdirdilər. Əraziləri darmadağın edilən, maddi-mədəni irsi yer üzündən silinən, yeraltı-yerüstü sərvətləri talan olunan, bir milyondan çox vətəndaşı məcburi köçkün, elindən-obasından didərgin düşən Azərbaycana müharibədən sonra iqtisadi gücünü bərpa etmək, yenidənqurma işlərinə başlamaq üçün nəinki kömək göstərmədilər, əksinə buna mane olmağa çalışdılar. Ermənilərin xalqımızın mədəni irsini yerlə-yeksan etmələrinə məhəl qoymadıqları azmış kimi, mövcud olmayan erməni irsinin dağılması barədə yalan informasiyalar yaydılar. Ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə görmələri üçün Azərbaycanın düşməndən geri aldığı ərazilərə dəvətini qəbul etməyən beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar işğaldan əziyyət çəkən xalqın, dövlətin deyil, real faktları manipulyasiya etməklə hər zamankı kimi heç bir cəzalandırma və ya qınaq obyekti olmayan işğalçının mənafeyindən çıxış etdilər. Erməniyönümlü qruplar haylar tərəfindən Azərbaycanın Livan böyüklüyündə ərazisinin tamamilə xarabazara çevrildiyini, ziyarətgah və məscidlərinin, məzarlıqlarının, yüzlərlə tarixi mədəniyyət abidələrinin yerlə-yeksan edildiyini, adlarının dəyişdirilib özününküləşdirildiyini, tanınmış ziyalı, şair və yazıçıların ev muzeylərinin yerləşdiyi tarixi binaların viran qoyulduğunu görməzdən gəldilər. Mayın 1-də Bakı Konqres Mərkəzində keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi".

İkinci Qarabağ müharibəsində Azərbaycanın qalibiyyəti erməni havadarlarının xəyallarını puç etdi. 44 günlük müharibə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdi, yaranan yeni reallıqlar region ölkələrinin bir-biri ilə və digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək, dostluq, mehribanlıq şəraitində yaşamaq, iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək, davamlı sülh, təhlükəsizlik mühiti formalaşdırmaq üçün geniş imkanlar açdı. Belə ki, Avropa və Asiyanın kəsişməsində yerləşən və geniş ərazini əhatə edən, böyük nəqliyyat-kommunikasiya potensialı ilə dünyaya açıq olan Cənubi Qafqazın tranzit-dəhliz imkanları həm əksər region ölkələrinin sağlam rəqabət maraqlarına cavab verir, həm də bütün dünya ölkələrinin bölgənin iqtisadiyyatına investisiya yatırmağa, hərtərəfli iqtisadi əməkdaşlığa şərait yaradır. Cənubi Qafqaz özünün enerji resursları və karbohidrogen ehtiyatları, Şərq-Qərb quru, hava, su yolları və nəqliyyat-kommunikasiya dəhlizləri və s. ilə transmilli geostrateji və geoiqtisadi maraqların kəsişdiyi və toqquşduğu məkandır. Dövlətimiz məqsədyönlü siyasəti sayəsində dünyanın bir çox transmilli qlobal məsələlərinin həllində ciddi amilə çevrilib və Avropanın enerji təhlükəsizliyinin təminatında, Şərq-Qərb nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında mühüm rol oynayır. Müstəqil dövlətimizin Cənubi Qafqazda həyata keçirdiyi regional siyasət, irəli sürdüyü bütün geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təşəbbüslər anti-Azərbaycan qüvvələrini narahat edir. Odur ki, vaxtilə Ermənistan ilə Azərbaycan arasında başlanan münaqişənin həllinə imkan verməyən qara qüvvələr postmüharibə dövründə də iki ölkə arasında münasibətlərin normallaşmasına hər vəchlə mane olmağa çalışırlar. Öz siyasi, iqtisadi maraqları naminə regiona müdaxilə etmək üçün Cənubi Qafqazda münaqişə ocağını yenidən alovlandırmaq istəyirlər. Lakin regionda sülhün təminatçısı olan Azərbaycan uğurlu siyasəti ilə bölgədə yenidən gərginlik yaratmaq, aranı qızışdırmaq istəyənlərin qarşısını alır. Artıq Ermənistan da anlayır ki, dövlətimizin atdığı bütün addımlar, cəhdlər Cənubi Qafqazda təhlükəsizliyə, əmin-amanlığa xidmət edir və yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə Cənubi Qafqazda sülh bərqərar ola bilər. Regionda öz dominantlığını təmin etmək istəyən kənar qüvvələrin buna mane olmaq cəhdləri isə tədricən fiaskoya uğrayır. Yaxın vaxtlarda Qazax rayonunun Ermənistanın işğalı altında olan kəndlərindən dördünün geri qaytarılması və iki ölkə arasında sərhədlərin delimitasiyasına Azərbaycanın təklifi ilə məhz Qazaxdan başlanması fonunda müsbət məcrada gedən proseslər bir daha göstərir ki, iki ölkə arasında sülhün əldə olunması heç vaxt olmadığı qədər yaxındır.

Mehparə ƏLİYEVA,

"Respublika".