Qələbənin, qürurun ilk sevinci
Siyasət

Qələbənin, qürurun ilk sevinci

Xain düşmən yeni ərazi iddiasına düşərək qəsbkarlığını növbəti dəfə nümayiş etdirmək istəyirdi. Lakin qüdrətli Azərbaycan Ordusunun nələrə qadir olduğundan xəbərsiz idi. Belə bir zamanda dünya Azərbaycan Ordusunun gücünə ilk dəfə aprel döyüşlərində şahidlik etdi.

2016-cı il aprel ayının əvvəllərində hərbçilərimizin ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Ordumuzun bölmələri əks-həmlə edərək düşmən təxribatının qarşısını aldı. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı adsız yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində bəzi strateji yüksəkliklər düşməndən azad olundu. Haylar hesab edirdilər ki, onların mühəndis-istehkam qurğularını yarmaq mümkünsüzdür. Ancaq Aprel döyüşləri göstərdi ki, hərbi əməliyyatların aparılmasının yeni üsullarından istifadə etməklə bunu etmək mümkündür. Bununla da erməni quldurlarının "keçilməz" dediyi erməni səngərləri - "Ohanyan səddi" mifi alt-üst edildi. Eyni zamanda Aprel döyüşləri Azərbaycanın uzun illik işğala son qoyacağının nişanəsi idi.

Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqeləri geri almaq məqsədilə cəbhənin əsasən Ağdərə, Tərtər, Xocavənd və Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum edərək təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutsa da, məkrli məqsədinə nail ola bilmədi. Silahlı bölmələrimizin ayıq-sayıqlığı nəticəsində düşmənin strateji baxımdan əhəmiyyətli Suqovuşan məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa adekvat zərbələr endirildi. Ermənistan silahlı qüvvələrinin digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən qabaqlayıcı zərbələrlə məhv edildi. Həmin döyüşlərdə düşmənin 30-dək tankı və digər zirehli texnikası, 25-dən çox artilleriya qurğusu sıradan çıxarıldı, xeyli sayda canlı qüvvəsi məhv edildi.

Qüdrətli ordumuzun əldə etdiyi qələbə, xalqımızın iradəsini və mətanətini bir daha göstərdi. Aprel döyüşləri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində ordumuzun artan imkanlarını nümayiş etdirdi. Silahlı qüvvələrimizin 4 günlük Aprel döyüşləri xalqımıza qələbə sevincinin nə olduğunu xatırlatdı və bu qələbədən dörd il sonra tarixi Zəfərimizi yaşadıq. Təsadüfi deyil ki, Aprel döyüşlərində azad edilən strateji yüksəkliklər 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların uğurla aparılmasına zəmin yaratdı.

Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacağını sübuta yetirdi. Hayları və havadarlarını beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırdı. Döyüşlər həm də ölkə ictimaiyyətinin sarsılmaz olduğunu göstərdi və əsl xalq-iqtidar birliyi nümayiş olundu. Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına təkan verdi. Beynəlxalq ictimaiyyətə, ermənilərə və havadarlarına ordumuzun peşəkarlığı nümayiş etdirildi. Bundan başqa, Aprel döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini yenidən təsdiq etdi. Yeri gəlmişkən, Aprel döyüşləri sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücumun təməlini qoydu.

Əsgər və zabitlərimiz ölümü belə gözardına alaraq torpaqlarımızın işğaldan azad olunmasına nail oldular. Belə çətin dağlıq ərazidə ordu bölmələrinin düşmənə qalib gəlməsi qürurvericidir. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Ordusu ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən modernləşdirilərək müasir ordular səviyyəsinə çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin bu gün dünyanın 50 ən güclü orduları sırasında yer alması bunun bariz nümunəsidir. Bu Zəfər yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının Qələbəsi idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Müzəffər Ali Baş Komandanımızın "Dəmir yumruğ"u, onun iradəsi, apardığı siyasət məqsədimizə nail olmaq üçün böyük əhəmiyyət daşıyır.

Artıq "Qarabağ problemi" tarixin tozlu səhifələrinə qarışıb. Cənubi Qafqazda tam və suveren Azərbaycanın diktəsi bərqərar olub və xain düşmən yerinə otuzdurulub. Son olaraq lokal antiterror tədbirləri ilə birlikdə Xankəndimiz öz doğma sahiblərinə qovuşur. Xankəndiyə sancılan bayrağımızı görərkən biz nə qədər sevincliyiksə, xoşbəxtiksə, ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır.

Cənab Prezidentin iyirmi illik hakimiyyəti dövründə tutduğu yol bizi uğurlara aparır. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq daim yüksəklərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, dəyişməz mövqeyinin, xoşbəxt gələcəyinin bələdçisidir.

Nurlan ABDALOV,

"Respublika".