2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 yanvar 2024-cü il tarixli 1 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 yanvar 2024-cü il tarixli 1 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mətləb Əzizulla oğlu Mütəllimli Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin müdafiəsi üçün imza toplanması zamanı tərəfdarları olan şəxslərin müqavimətlə üzləşdiklərini, Sumqayıt və Gəncədə müxtəlif şəxslər tərəfindən imza vərəqələrinin götürüldüyünü və digər qanun pozuntularının baş verdiyini iddia etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olması ehtimalına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Bununla əlaqədar Seçki Məcəlləsinin 112-1.5-ci və 112-1.6.1-ci maddələrinə uyğun olaraq M.Ə.Mütəllimlinin müraciəti aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 7-ci hissəsinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mətləb Əzizulla oğlu Mütəllimlinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 yanvar 2024-cü il tarixli 1 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                        Məzahir Pənahov

Katib                            Arifə Muxtarova

Katib                            Mikayıl Rəhimov