24 saata onilliklərin gözləntilərinə son qoyuldu
Digər xəbərlər

24 saata onilliklərin gözləntilərinə son qoyuldu

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həyatlarını itirmişlər.

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. Azərbaycanın regionda antiterror tədbirləri keçirməsi kifayət qədər hüquqi əsaslıdır. Məsələn, Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu antiterror tədbirləri üçün əsl səbəblərdəndir. 10 noyabr razılaşmasının 4-cü bəndi hələ də icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Amma hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməmişdilər.

Buna görə də ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror tədbirləri üçün mühüm əsaslar yaratdı.

Son dövrdə döyüş mövqelərinin şəxsi heyəti, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Faşist xislətli erməni silahlıları həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlı missiyasının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində tez-tez ordumuzun mövqelərinə atəş açırdılar. Əlbəttə ki, həmişə onlara layiqli cavab verilib. Amma bütün bunlar qeyri-qanuni erməni hərbi dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını zərurətə çevirdi. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın tələblərindən biridir. Ermənistanın hərbi birləşmələrinin müəyyən hissəsinin hələ də Qarabağda qalması bu sənədə ziddir.

Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə, silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz bütün lazımi xəbərdarlıqları etdi. Keçirilən antiterror tədbirləri barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Lokal xarakterli 24 saatlıq antiterror tədbirləri zamanı Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməyə nail oldu. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü.

Müxtəlif sərt bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Cəmi birgünlük lokal antiterror tədbirlərinə tab gətirməyən haylar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan öz ərazisində "boz zona"nın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi.

Rəsul BAYRAMOV,

VVEST APPLIANCES MMC-nin

direktoru.