Gürcüstan sülh prosesində vasitəçi kimi iştirak edə bilər
Digər xəbərlər

Gürcüstan sülh prosesində vasitəçi kimi iştirak edə bilər

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu xüsusda iki dövlət arasında sülh müqaviləsinin imzalanması prosesində region dövlətlərinin iştirakı məsələsi öz aktuallığını qoruyub saxlayır. Belə bir təşəbbüslə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev təklif irəli sürmüş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ideyanı müdafiə etmişdir.

Söhbət üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan, Ermənistan, eyni zamanda da Rusiya, Türkiyə və İranın iştirakı ilə regional təhlükəsizlik məsələlərinin tənzimlənməsi və xüsusilə də Ermənistanla Azərbaycan arasında həllini gözləyən məsələlərlə  bağlı addımların atılmasından gedir. Bu,  3+3 əməkdaşlıq formatının əsas fəlsəfəsini təşkil edir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində rəsmi Vaşinqton, Brüssel və Moskva fəallıq göstərməyə başladılar. Hesab edirəm ki, iki dövlət arasında münasibətlərin normallaşmasında əngəllər yaradan səbəblərdən  biri də məhz bu amildir. Qeyd etdiyim paltformalar, yəni  Brüssel, Moskva, Vaşinqton arasında kəskin ziddiyyətlərin olması və bir çox hallarda bir-birinə düşmən gözü ilə baxmaqları nəticə etibarilə Cənubi Qafqazdakı  sülh prosesinə öz mənfi təsirini göstərir. Çünki onlar arasında bir siyasi qısqanclıq elementləri hökm sürür. Səbəbi isə ondan ibarətdir ki,  hansı format sülh müqaviləsinin bağlanmasına nail olsa, bu, onun artıq regionda mövqelərinin möhkəmlənməsi kimi qəbul edilir. Lakin dövlət başçısı bu məsələdə də prinsipial və qətiyyətli mövqeyə malikdir.  Bu da ondan ibarətdir ki, üçüncü tərəflər Ermənistan və Azərbaycan arasında  sülh prosesinin təmin olunmasında iştirak edə bilər, amma bir şərtlə ki, bu qərəzsiz və obyektiv olsun, eləcə də sülh prosesinə töhfə versin.  Bununla yanaşı, Prezident Gürcüstana son səfəri çərçivəsində həm də bir məsələyə xüsusi diqqət çəkdi ki, Gürcüstanın bu prosesdə vasitəçilik ideyasını müdafiə edirik və rəsmi Tbilisinin iştirakı ilə Ermənistan-Azərbaycan danışıqlarının aparılması və sülh müqaviləsinin bağlanması daha bir variant kimi nəzərdən keçirilir.

Elman NƏSİROV,

millət vəkili.