Azərbaycanın növbəti peyki 2026-cı ildə orbitə buraxılacaq
Digər xəbərlər

Azərbaycanın növbəti peyki 2026-cı ildə orbitə buraxılacaq

“Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Respublikası Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

““Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. IAI ilk peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq. IAI proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək”, - deyə S.Əsədov vurğulayıb.