7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası prezidentliyinə namizəd FAZİL MUSTAFANIN SEÇKİ PLATFORMASI
Siyasət

7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası prezidentliyinə namizəd FAZİL MUSTAFANIN SEÇKİ PLATFORMASI

(1 həyati + 50 vacib MƏSƏLƏ)

Orduya, təhlükəsizlik və hüquq-mühafizə qurumlarına parlament nəzarəti faydalıdır

Orduya, təhlükəsizlik və hüquq-mühafizə qurumlarına parlament nəzarətinin həyata keçirilməsi müxanizmini müəyyənləsdirmək üçün yenidən Amerika kəşf etməyə gərək yoxdur. ATƏT-in Parlament Assambleyasının bu məsələyə dair Qətnaməsi mövcuddur və ATƏT üzvü olan ölkələrin əksəriyyətində belə bir təcrübə var. Bizdə hər hansı bir Avropa dövlətinin modelini tətbiq etmək kifayətdir. Bu məsələnin həlli üçün sadəcə siyasi iradə ortaya qoyulmalıdır. Əks halda bu sektor ciddi ictimai nəzarətdən kənarda qalacaq və problemlərin çoxu öz aktuallığını saxlayacaq. Bu qurumların ölkənin ərazi bütövlüyünün bərpa olunmasında, sabitliyin qorunmasında, krimnogen duruma nəzarətdə gördüyü çox böyük işlər var və bunu yüksək qiymətləndiririk. Lakin bunlarla yanaşı, son on ildə bu qurumlarda baş verən və dövlətin imicinə zərər yetirən hadisələrin əsas səbəbi məhz belə bir nəzarət mexanizminin olmamasından qaynaqlanmışdır. Bu isə, istər ordunun, istər də digər qurumların nüfuzuna ciddi ziyan vurmuşdur.

Qarabağda 44 günlük savaşda əldə olunan təcrübəyə əsaslanaraq birmənalı şəkildə peşəkar ordu quruculuğuna keçilməsini zəruri hesab edirik. Hərbçilərin maaşları rütbə və vəzifəyə görə bərabərləşdirilməli, döyüş təcrübəsi olan bir çox zabitlərin tərxisinin səbəbləri araşdırılaraq onların əsassız tərxisinin qarşısını almalıyıq. Təhlükəsizlik orqanlarının və polis işçilərinin sosial vəziyyətinə xüsusi diqqət yetirməli, onların və ailə üzvlərinin yüksək yaşam standartlarını təmin etməliyik.

Yüksək mədəniyyətli azərbaycanlını necə "istehsal" edək?

Yeni çağırışlar Mədəniyyət Nazirliyinin yaradıcı, ideoloji və uzlaşdırıcı rolunun əhəmiyyətli dərəcədə yüksədilməsini tələb edir. Qarşıya rəqabətqabliyyətli insan kapitalının inkişafına təkan verən vəzifələr qoyulmalıdır. Yüksək mədəniyyətli azərbaycanlı ölkəmizin rəqabətqabliyyətli və təhlükəsiz milli inkişafının bərpaolunan strateji resursu və başlıca hərəkətverici qüvvəsidir. Yüksək mədəniyyətli azərbaycanlıların "istehsalı"nın ən mühüm siyasi texnologiyaları qismində elm, təhsil, ilk növbədə uşaqlar və gənclər olmaqla, insanların maarifləndirilməsi və tərbiyələndirilməsi, şəxsiyyət mədəniyyətinin, ailə mədəniyyətinin, əmək kollektivlərinin və bütövlükdə cəmiyyətin mədəniyyətinin inkişafı dayanır.

Mədəniyyət siyasəti yalnız mədəni irsin mühafizəsi üzərində qurulsa, onda biz heç vaxt dünya mədəniyyətinin dilində danışa bilməyəcək, qatıldığımız bütün beynəlxalq tədbirlərdə əvvəlki kimi etnoqrafik libasda görünəcək, folklor mərhələsində ilişib qalmış xalq sayılacağıq. Müasir dünyada mədəniyyət sahəsində mədəni irsin mühafizəsi belə, çağdaş, dinamik metodlara əsasən həyata keçirilir. Məsələn, İngiltərədə 5 öz janrında populyar əsərlər yazan müəllifə Şekspirin yubileyində onun məşhur pyesləri verilir ki, onları yenidən müasir dövrə uyğun yazsınlar. İndi əsas məsələ mədəniyyətin (buna çağdaş nəzəriyyədə "simvolik sərmayə" də deyirlər) sistemli şəkildə vicdanlı seçimlərlə ixrac olunmasıdır. Neçə illərdir ki, mədəniyyət sahəsində daha çox bizim dilə tərcümə və ya təqlid formasında xaricdən idxal var.

Digər tərəfdən mədəni prosesin mərkəzdən bölgələrə doğru yayılmasına təkan vermək lazımdır. Mədəni proses ölkə boyu getmir, az qala bütün sənət qurumlarını, kitab evlərini bir küçəyə yığmışıq. Hətta paytaxtın içində belə mərkəzlə mərkəzyanı arasında uçurum var. Tiraj qalxmayınca, mədəni proses mərkəzdən kənara çıxmayınca, oxucunun sayını dəqiq bilməyəcəyik.

Mədəniyyət müəssisələrinin əlçatanlığını və hər bir uşağın əlavə təliminin bu strukturlardan keçməsini təmin etmədikcə, ayrıca xüsusi istedadlar xaric, cəmiyyətdə mədəni mühit formalasdırmaq mümkün olmayacaq. Kitabxanaların, muzeylərin, konsert və sərgi salonlarının modern işlək modelini qurmalıyıq, yaradıcı insanı vaxtında dəstəkləyən mexanizmləri canlandırmalıyıq.

Müavinət və pensiya sistemində irəliləyiş üçün daha nələr etmək olar?

Bizdə son illərdə sosial yardım institunun qanunvericilikdə təkmilləşdirilməsi üçün xeyli faydalı işlər görülüb. Praktikada qarşıya çıxan boşluqdar daha çox COVİD-19 pandemiyası dövründə bu mövzuda düşünməyə xeyli əsaslar verdi. Fikrimizcə, sosial yardımların məqsədi yoxsulluq göstəricilərini azaltmaq deyil, təqaüdçülər, şəhid ailələri, müharibə veteranları, tələbələr kimi həqiqətən sosial müavinətlərə ehtiyacı olan təbəqələrin insanca yaşamasını təmin etmək olmalıdır.

İş yerlərində yeni doğulmuş 3 yaşınadək uşağa qulluğa görə ödənişli sosial məzuniyyətə gedən xanımlar sosial müavinətin məbləğinin az olması səbəbi ilə uşağın 3 yaşını gözləmədən uşaq bağçasının himayəsinə verərək işləmək üçün geri dönürlər. Bir neçə illərdir ki, digər müavinətlər artırılsa da, bu müavinət növü artırılmır. Uşağa 1 yaş 6 aylığınadək 44 manat, 3 yaşınadək isə 28 manat müavinət verilir. Bu rəqəm reallıqda uşağın bir neçə günlük ehtiyacını ödəyəcək səviyyədə deyil.

Yaşa görə əmək pensiyası təyin olunan şəxslər pensiya təyin olunduqdan sonra işləməyə davam edərlərsə, ödənilən məcburi dövlət sosial sığorta haqları əlavə pensiya kapitalı formasında fərdi şəxsi hesablarda toplanır və yenidən hesablanması üçün pensiyanın üzərinə gələrək artıma səbəb olur. Ancaq tələb olunan staj və pensiya kapitalı olmayan şəxslərə yaşa görə 220 manat sosial müavinət təyin olunur və onlar təyinat aparıldıqdan sonra hər hansı fəaliyyətlə məşğul olarlarsa və ya adlarına aktiv VÖEN olarsa sosial müavinət dayandırılır. Əgər müavinət aldığı dövrdə hər hansı fəaliyyəti olursa, həmin dövrdə aldığı müavinətin məbləği ondan tutulur, bu da sosial həssas vətəndaşların haqlı narazılığına səbəb olur.

Hərbçilər arasında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər olarsa, onlara əlilliyə görə əmək pensiyası təyin olunur. Ancaq şəxsin orqanizminin funksiyası 31-81% pozularsa onlara pensiya əvəzinə əlilliyə görə müavinət təyin olunur. Bu da öz növbəsində aldıqları məbləğin həcmində böyük fərq edir və narazılığa səbəb olur.

Eyni zamanda pensiyaçılara bayramlar münasibətilə minimum pensiya həcmində əlavə müavinət ayrılmalıdır.

Ən vacib məsələlərdən biri də pensiya yaşına çatmadan vəfat etmiş pensiyaçının sığorta fonduna yığılmış vəsaitinin inkişaf etmiş ölkələrdə olduğu kimi onun qanuni varislərinə verilməsidir. Bu problem də yaxın zamanlarda öz həllini tapmalıdır.

Əlillərə diqqət artırılmalıdır!

Azərbaycanda əlillik əhalinin 4,3%-ni təşkil edir. Dünya əhalisi ilə müqayisədə, həm də real durumu nəzərə aldıqda, çox azdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ölkə əhalisinin 15%-i əlil hesab edilə bilər. Əlilliyin artmasına təsir edən amillər aşağıdakılardır:

- Tibbi amillər: Xəstəliklərin yeni tibbi üsullarla müalicəsi, müasir avadanlıqlarla xəstəliklərin diaqnostikasıdır. Bu da əvvəlki müəyyənləşdirilə bilməyən xəstəliklərin tez bir zamanada müəyyənləşməsinə, bu xəstəliklərdə yaşama faizinin yüksəlməsinə və əlillik əlamətlərinin saxlanmasına gətirib çıxarır.

- Demoqrafik amillər: Əhali sayının artmasıdır.

- Sosial amillər: Dünya ölkələrində gedən sürətli sosial-iqtisadi inkişaf nəticəsində avtomobillərin və digər mexanizmlərin sürətlə artması, travmaların sayının artmasına gətirib çıxarır. Travmadan başqa, şəhərləşmə (urbanizasiya) nəticəsində stress faktorları həddən artıq yüksək olur ki, bu da xəstəliklərin artımına səbəb olur. Həmçinin oturaq həyat tərzi, dayaq hərəkət sistemi xüsusilə onurğa xəstəliklərinin artmasına səbəb olur. Eyni zamanda müharibə və silahlı münaqişələr də xəstəliyin tezliyinin və sonda əlilliyin artmasına gətirib çıxarır.

- Təbii amillər: Dünyada baş verən iqlim dəyişikliyi, təbii fəlakətlər və ekoloji şərait xəstəliklərin, travmaların, nəticədə əlilliyin artmasına birbaşa təsir göstərir. Beynəlxalq təşkilatların məlumatlarına görə, dünya ölkələrində, eləcə də ölkəmizdə əlilliyin cavanlaşması və orta ömür uzunluğunun artması prosesi gedir ki, bu da əlillərin əlillik vəziyyətində olma dövrünün artmasına və nəticədə əlilliyin sayına öz təsirini göstərir.

Əlilliyin qiymətləndirilməsindəki qüsurlar aşağıdakılardır:

- İlkin və təkrar əlilliyin qiymətləndirilməsi üçün on iş günü ərzində cavab verilməli olduğu halda aylarla cavab verilmir. Bu müddət bəzən 1 ilə qədər uzanır. Bu da iki səbəbdən olur. Birincisi, yerlərdə TSEK-lərin formalaşmaması, formalaşmış TSEK-lərdə tam tərkib olmamasıdır. Bu da TSEK-lərin iş yükünü artırır və qiymətləndirmə gecikir. İkincisi, təkrar əlilliyin qiymətləndirilməsindədir. Qanuna görə əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik bərpa olunarsa pulu ödənilir. TSEK-lər də qəsdən əlilliyi 6 aydan artıq müddətə qiymətləndirirlər ki, əlil həmin imkandan məhrum olsun, bu da əlil vətəndaşlar arasında haqlı narazılıq yaradır.

Əlilliyin təyin olunması üçün əyani müayinənin olması vacibdir. Kompüter üsulu ilə əlilliyin təyin olunmasını mütərəqqi üsul adlandırsalar da, qeyri-rəsmi olaraq əyani üsulla müayinəyə üstünlük verirlər. Bu da TSEK-lərin azlığından və iş yükünün çoxluğundan asılı olaraq şikayətlərə vaxtında baxılmadığına görə haqlı narazılıqlar yaradır. Bunun üçün rayonlarda TSEK-lərin sayını artırmaq və lazımı kadr və avadanlıqlara komplektləsdirmək, əlilləri əyani müayinəyə cəlb edərək şikayətin qarşısını almaq olar.

Şəhid ailələri və qazilər həmişə ölkənin ən imtiyazlı insanları olmalıdır!

Şəhid ailələrinə və qazilərə dövlət əhəmiyyətli səviyyədə dəstək mexanizmləri yaradıb və bütün sahələrdə bu dəstək gerçəkləşdirilir. Onların ailə üzvləri işlə, mənzillə təmin olunmuş, birdəfəlik müavinətlər almışlar. Bunlarla yanaşı aşağıda qeyd olunan bir sıra addımların da atılması zəruridir:

- Şəhid anası medalı təsis edilsin.

- Bütün şəhid ailələrinə yaşayış sahəsinin ölçüsündən asılı olmayaraq mənzil verilsin.

- Şəhid övladlarının təhsil güzəştinə yaş məhdudiyyəti götürülsün.

- Şəhid ailələri və Qarabağ əlillərinin, müharibə veteranlarının sosial məişət problemlərinin həlli üçün bir dövlət qurumu müəyyənləşməlidir, çünki təcrübə göstərdi ki, "Yaşat" fondu bu işin öhdəsindən gəlməkdə yetərsiz qalır.

- Müharibə şəraitində və ya döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq müəyyən müalicədən sonra dünyasını dəyişən vətəndaşlara şəhid statusunun şamil edilməsi zəruridir.

- Qazilərin müalicəsi və ləyaqətli işlə təmin olunması dövlətin ən vacib prioriteti sayılmalıdır.

Sağlam ailə necə dəstəklənə bilər?

Ailə institutu ciddi böhran içindədir. İntiharların və boşanmaların sayının ilbəil artması bu sahədə siyasətə yenidən baxılmasını tələb edir. Burada aşağıdakı addımların atılmasını zəruri hesab edirik:

- Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın və bu say 5-dən 3-ə endirilsin.

- 5 yaşadək uşaqlar şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər.

- 3 və daha çox uşağı olanlara güzəştli ipoteka şamil olunsun.

Qadınların orta əməkhaqqı kişilərə nisbətən 60% təşkil edir. Bu səbəbdən onların pensiya kapitalı da az olur. Qadınların pensiya kapitalına əmsal tətbiq edilsin və bu əmsal uşaqların sayına görə diferensiallaşsın.

- Dəmir çatışmazlığını kütləvi şəkildə aradan qaldırmaq üçün onun zənginləşdirilməsi proqramı tətbiq edilsin;

- Uşaq bezləri və uşaq yeməkləri gömrük rüsumundan və əlavə dəyər vergisindən azad olunsun;

- 1-4-cü sinif şagirdlərinə dövlət məktəblərində isti yemək verilsin;

- 2 yaşadək uşaq əmizdirən analara müavinət verilsin;

- Qız uşaqlarının təhsil haqqı dövlət büdcəsindən ödənilsin;

- Autizmi olan uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılsın, analarına uşaqlar 7 yaşa çatana qədər sosial məzuniyyət verilsin;

- Özəl idman salonlarında uşaqlar üçün 50%-lik güzəşt tətbiq edilsin.

- Selektiv abortların qarşısının alınması və demoqrafik artımın stimullaşdırılması üçün hər doğulan 2-ci qız uşağına görə 10 min, 3-cü və sonrakı hər qız uşağına görə 15 min manat birdəfəlik müavinət verilsin.

Uşaqpulu müavinəti valideynlərin biri əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu halda gəlir vergisindən azad edilmə şəklində verilə bilər. Yəni 1-ci uşağa görə 1%, 2-ci uşağa görə 2%, 3-cü uşağa görə 3% olmaqla gəlir vergisindən (14%) azaldılma şəklində ailənin gəliri artırıla bilər. 4 və daha çox uşağı olanlar isə tamami ilə gəlir vergisindən azad edilə bilər.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır