7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası prezidentliyinə namizəd FAZİL MUSTAFANIN SEÇKİ PLATFORMASI  (1 həyati + 50 vacib MƏSƏLƏ)
Siyasət

7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Böyük Quruluş Partiyasından Azərbaycan Respublikası prezidentliyinə namizəd FAZİL MUSTAFANIN SEÇKİ PLATFORMASI (1 həyati + 50 vacib MƏSƏLƏ)

XXI Əsr Universitet modeli necə olmalıdır?

Təhsildə təkamül yolu seçdiyimizi bəyan edirik. Bu səbəbdən bir universitetimiz QS reytinqində 1000 universitet sırasında yer ala bilməyib. Ancaq 2010-cu ildə yaradılmış Nazarbayev Universiteti dünyanın aparıcı universitetləri sırasında yer alıb. Bura Honkonq Elm və texnologiya Universitetini, Sinqapur texnologiya və dizayn Universitetini də aid etmək olar. Bizdəkinin adı nə təkamüldür, nə də sıçrayışlı inkişaf. Dünya universitetləri bir neçə missiya yerinə yetirirlər. Birincisi təhsil, ikincisi tədqiqatlardır. Üçüncü missiya qloballaşma şəraitində universitetlərin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqəsidir. Bunu ictimai missiya da adlandırmaq olar. Bura texnoloji funksiyanı da əlavə etsək, yanılmarıq. Biz universitetlərin təhsil missiyasını həmişə önə çəkməyə çalışmışıq. Yaşadığımız əsrdə universitetlərin üzərinə insan kapitalının inkişafı kimi mühüm vəzifə də düşür. Bunun həyata keçirilməsi üçün ali məktəblər tədqiqatlara üstünlük verməlidirlər. "Tədqiqat universiteti" (research university) anlayışi ilk dəfə ABŞ-da elmi dövriyyəyə buraxılıb. Və tədiqiqat işlərinin intensiv aparıldığı bir neçə universitetdə tətbiqini tapıb. Klassik tədqiqat universitetinin mahiyyəti tədris prosesini fundamental elmi tədqiqatlara inteqrasiya etməkdir. 2012-ci ilə qədər ABŞ-da 260, Almaniyada 70, Böyük Britaniyada 73 tədqiqat universiteti formalaşıb. 2013-cü ildə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olundu. Orada qeyd olunurdu ki, ali təhsil müəssisələrinə akademik, maliyyə və təşkilati muxtariyyət verilməlidir. Ardınca isə ziddiyyətli addımlar atılmağa başladı və nazirlik tərkibində Təhsilin İnkişaf Fondu yaradıldı. Dəyişən nə oldu? Bəzi universitetlərə publik hüquqi şəxs statusu verildi ki, özlərini inkişaf etdirsinlər, əvəzində nazirlik onların ödənişli təhsildən əldə etdikləri vəsaitin sərəncamçısına çevrildi. İndi universitetlər həmin vəsaiti öz tələbəsinə və müəlliminə xərcləmək əvəzində nazirliyin məmurları üçün korrupsiya vasitəsinə çevirdilər. Ali məktəb ölkədə necə inkişaf edər ki, onun pulunun sərəncamçısı özü yox, nazirlik olur?

Bunun üçün aşağıdakı problemlər təxirəsalınmadan çözülməlidir:

- Universitetlər özünəməxsusluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır.

- Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.

- Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxana kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir.

- Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.

- Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.

- Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.

- Universitetlər tədqiqatları ilə praktik məsələləri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyarlaşdırılmasında maraqlı olmalıdırlar.

- Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu dəyərləndirməlidirlər.

- Universitetlər elmi istiqamətləri birləşdirməli, disiplinar sərhədləri aşmaqla yeni biliklər yaratmalıdır.

- Azərbaycan universitetləri tələbələri ən az dərsliklə təmin edən universitetlərdir. Dünyanın aparıcı universitetlərində çap olunan vacib dərsliklər isə bizim tələbələr üçün əlçatan deyil.

Büdcədən dərsliklərə əlavə vəsaitin ayrılması vacib məsələlərdən biridir.

- Universitetlər qlobal fəaliyyətlə məşğul olmalıdırlar. Lokal, milli və beynəlxalq problemləri qavrama yönümündə əlaqələr yaratmalıdırlar.

- Universitet elmi şuralarına müsəqillik verilməli və rektorlar bu kollegial orqana hesabat verməlidir.

- Tələbələr üçün kiçik də olsa, Silikon vadisi yaradılmalıdır.

Neft dövlətindən Rifah dövlətinə!

Bir cəmiyyətdə optimal rifah səviyyəsinə, həm istehsalda və həm də istehlakda effektivliyin əldə edilməsi ilə nail olmaq mümkündür. Bu optimal bölgünün hansı səviyyədə təmin edilməsi isə iqtisadi idarəetmənin səmərəliliyindən asılıdır. Ölkəmizdə sərbəst bazar iqtisadiyyatı əsasında rifah dövlətinin qurulması ən yüksək səviyyədə - Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır: "Azərbaycan Respublikasında iqtisadiyyata inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir".

Konstitusiyasının bir digər maddəsində də göstərilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".

Rifah dövlətinin məqsədi sosial yardımları artırmaqla yoxsulluğa dair göstəriciləri yaxşılaşdırmaq deyil, əksinə vətəndaşların sosial yardımlara olan ehtiyacını azaldaraq yoxsulluğun kökünü kəsməkdən ibarətdir. Yoxsulluq sosial yardımlarla deyil, iqtisadi inkişafla aradan qaldırılmalıdır.

Sərbəst bazar iqtisadiyyatında bazar münasibətlərinin formalaşması, bazar mexanizminin düzgün və problemsiz işləməsi ancaq dövlətin iqtisadi həyata müdaxiləsinin minimuma endirilməsi ilə mümkündür. Siyasi qərar alma mexanizminin iqtisadi qərarların alınmasında təsirinin böyük olması, iqtisadi perspektivdə qeyrirasional qərarların alınması, bu isə öz növbəsində məhdud iqtisadi resurslardan səmərəsiz istifadə ilə nəticələnməkdədir.

Siyasətin iqtisadi həyata müdaxiləsinin minimuma endirilməsi, iqtisadi qərarların bazar mexanizmi vasitəsilə iqtisadi həyatın öz aktorları tərəfindən rasionallıq çərçivəsində alınması və məhdud resurslardan optimal ölçüdə səmərəli istifadə olunması üçün liberal dövlət anlayışının mənimsənilməsi vacib şərtlərdən biridir.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır