ABADLIQ-QURUCULUQ İŞLƏRİ DAVAM EDİR
Region

ABADLIQ-QURUCULUQ İŞLƏRİ DAVAM EDİR

Zəngin və qədim tarixə malik olan Gəncənin küçə və prospektlərində, o cümlədən qəsəbələrində görülən tədbirlərin əsas məqsədi sakinlərin rahatlığını təmin etməkdir. Abadlıq-quruculuq işləri çərçivəsində Gəncənin işıqlandırılmasına da diqqət göstərilir. Belə ki, ölkə Prezidenti cənab  İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilir. Dövlət başçısı yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirib və növbəti mərhələdə digər şəhərlərdə də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd edib. Cari ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basdırılması) kateqoriyaları üzrə aparılır.

Hazırda Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər adına və digər küçələrdə A kateqoriyası üzrə işlər yekunlaşmaq üzrədir. Oktyabr ayından isə işıq dirəklərinin quraşdırılmasına başlanılacaq.

 Qeyd edək ki, sözügedən layihənin icrasını Bakı Abadlıq Xidməti ilə birgə  Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası ilə bağlı bir çox sakin işlə təmin olunub. Belə ki, hər üç kateqoriya üzrə işlərə 200-ə yaxın işçi cəlb edilib.

 Zabit XƏLİLOV,

“Respublika”.