ABİDƏ KOMPLEKSİ
Region

ABİDƏ KOMPLEKSİ

Vətən müharibəsində qəhrəmancasına  şəhidlik zirvəsinə ucalmış Sənan Seyfullayevin Ərkivan qəsəbəsində inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Anar İsgəndərov, Məşhur Məmmədov, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyətin və medianın nümayəndələri iştirak edirdi.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Sənanın timsalında Masallı döyüşçülərinin igidliyindən, şücaətindən söhbət açıb.  Xalqımızın öz qəhrəman oğullarını heç vaxt unutmayacağını, şəhidlərimizin daim ehtiramla yad ediləcəyini diqqətə çatdırıb.

Şəhidin cəbhə yoldaşı, ehtiyatda olan baş leytenant Ceyhun Qurbanov Sənanın həyat və döyüş yolundan danışıb. Bildirib ki, Sənan Seyfullayev 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi nümunəvi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Vətən müharibəsi başlananda Sənan ilk gündən könüllü müharibəyə yollanıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə, həmin rayonların azad edilməsində böyük şücaət göstərib.

Oktyabr ayının 30-da "Qanlı təpə" yüksəkliyinin alınmasında qəhrəmanlıqla şəhid olub. Respublika Prezidentinin müvafiq sərəncamları ilə əsgər Sənan Mətləb oğlu Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

İgid əsgərin nəşi 71 gündən sonra tapılaraq Masallıya gətirilib. 2021-ci il yanvar ayının 12-də böyük izdihamla doğma Ərkivan qəsəbəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli mayor Anar Novruzovun, "Azərbaycan Bayrağı" ordenli baş leytenant Sahib Şirəliyevin məzarları yanında torpağa tapşırılıb.

Şəhid valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib üzərinə tər qərənfillər düzüb. Müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidin ruhuna dualar səslənib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".