Laçında səsvermə 109 seçki məntəqəsində keçiriləcək
Region

Laçında səsvermə 109 seçki məntəqəsində keçiriləcək

Azərbaycanın son iki yüz illik tarixində ilk dəfə çox möhtəşəm və misli-bərabəri olmayan qələbə qazanılıb, erməni işğalına son qoyulub. Qarabağda kök salmış erməni separatizmi məhv edilib. Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsi tariximizin ən şərəfli səhifəsidir.

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri də ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək. Qeyd edək ki, rəsmi məlumata görə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlər, 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışanlardır.

Laçınlılar da seçkilərə ciddi hazırlaşırlar. Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə yerləşən 121 saylı Laçın seçki dairəsini əhatə edən  məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir. Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş təlimçilər tərəfindən aparılır. On gün davam edəcək təlimlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Təlimlər yanvarın 29-da başa çatacaq. Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün Laçında bütün seçki məntəqələri lazımi texniki avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventarlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.

Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsində fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 109 məntəqədə keçiriləcək. Laçın rayonundan olan seçicilər respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin beşi işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə 59 min 563 seçici qeydə alınıb ki, onlardan 5278 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1461 nəfəri 80-100 yaş arasında, 2 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Azad Nəsibov 1965-ci ildə Laçın şəhərində doğulub boya-başa çatıb, 27 yaşında isə Ermənistanın işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində doğma elindən didərgin düşüb, on illər boyu Vətən həsrəti ilə yaşayıb. Azad kimi minlərlə laçınlının yurd nisgili nəhayət ötən il bitib. İndi yenidən qurulan Laçın şəhərində ailəsi ilə birlikdə firavan yaşayır. Yenidən Laçına qayıdan Azad deyir ki, ata-babamızın yurduna qovuşduğumuz üçün çox xoşbəxtik, dünyada bundan  gözəl hiss yoxdur. Bu torpaqlar bizim üçün doğmadır, müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib. Biz laçınlılar ilk dəfə doğma elimizdə keçiriləcək seçkilərdə öz namizədimizə səs verə biləcəyik. Laçın sakini Bəhruz Əhmədov da sevinclə danışır ki, çox qürurverici və fəxr ediləsi günlər yaşayırıq. Ona görə ki, biz doğma yurdumuzda, Laçında ərazi bütövlüyümüz bərpa olunandan sonra ilk dəfə olaraq ailə üzvlərimizlə birgə öz prezidentimizi seçəcəyik.

Salman ALIOĞLU,

"Respublika".